Ermənilər öz ölülərinə bomba bağlayırdılar - Şok

Ermənilər öz ölülərinə bomba bağlayırdılar - ŞokVətən müharibəsinin qəhrəmanlarından biri də Naxçıvandan olan hərbçimiz, 1985-ci il təvəllüdlü İqbal Səfərovdur.

Kult.az xəbər verir ki, İqbal Səfərov 27 sentyabrda başlayan əks-hücum əməliyyatı çərçivəsində Füzuli, Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşa döyüşlərində iştirak edib.

Döyüş əməliyyatları ilə bağlı danışan İ.Səfərov müharibə zamanı qarşılaşdığı maraqlı hadisələrdən də bəhs edib.

O bildirib ki, müharibə başlayan kimi könüllü olaraq döyüşlərə qatılıb:

“Hərbi xidmətimi tağım komandiri olaraq bitirib, leytenant hərbi rütbəsi ilə ehtiyata buraxılmışdım. Xidmətdən sonra imtahanla (ən yüksək balı toplayaraq) Gömrük Komitəsinə işə qəbul oldum. 8 il Komitədə müxtəlif vəzifələrdə çalışdım və gömrük mayoru rütbəsinə qədər yüksəldim. Amerika-Meksika sərhədində təlimlərdə iştirak edən zaman magistratura təhsili almağa qərar verdim.

Müharibə başlayanda isə Bakıda idim. Kanadaya qayıdıb oradakı işimə davam etməyimi pandemiya gecikdirirdi. Lakin müharibə başlayan kimi könüllü olaraq döyüşə yollandım”.

Şuşa əməliyyatı haqda danışan döyüşçümüz önəmli məqamlara toxunub:

“Şuşaya girmək üçün 39-50 kiloluq minaatanlarla birgə 40 kilometrlik meşə, dağ yollarını qət etməli idik. Gecələr irəliləyirdik. Ən böyük üstünlüyümüz qorxusuz olmağımızda idi. Bütün döyüşlərdə əsas silahımız inam olub. Düzdür, hər şeyə hazır idik. Müharibə insan həyatının çətin sınağıdır. Az əvvəl söhbət etdiyimiz döyüş yoldaşlarımız gözümüzün qabağında şəhid olurdu”.

İ.Səfərovun sözlərinə görə, ermənilər ölülərinin qarnına bomba bağlayırdılar:

“Belə edirdiləri ki, biz yaxınlaşıb tərpədəndə partlasın. Biz dəhşətə gəlirdik. Nə olur-olsun, insan həmvətəninə qarşı necə belə nanəciblik edə bilər?

Biz isə təhlükəni gözə alıb, döyüş meydanına qayıdırdıq, yaralı və şəhidlərimizi qoyub gedə bilmirdik. Mən komandir heyətində idim. Mənim aldığım ilk əmr belə oldu: əsgər heyətini qoruyun! Onların canı öz canınızdan artıq olsun.

Generalların belə ön cəbhədə döyüşdüyü savaşda başqa cür vuruşmaq mümkün deyildi. Hamı bir-birini qoruyurdu. Şuşa azad edildikdən sonra orda qala bilmədim, xəsarət almışdım. İndi yaxşıyam. Xocavənddəyəm.

Döyüşlər bitəndən sonra hisslərim, duyğularım qarışmışdı. Kimsəylə danışmırdım. Mənə elə gəlirdi ki, daim yağış yağır. Yəqin ki, ömrümün sonuna kimi yağışı və iliyimə qədər işləyən soyuğu unutmayacam".

İqbal Səfərov bundan sonra da Qarabağda yaşamaq arzusunda olduğunu bildirib:

“Qarabağda Gömrük İdarəsində gömrük mütəxəssisi olaraq çalışmaq istərdim. Qarabağda yaşamaq istəyirəm. Buralara valeh olmuşam. Həm də hər yerində bir xatirəm var.

Şablon kimi səslənsə də, həqiqətən, arxa cəbhənin dəstəyi, sevgisi bizə güc verirdi. Məktublar, hədiyyələr alırdıq. Kasıb insanların son pullarını sərf edib, bizə sovqat gətirməsi gözlərimizi yaşardırdı. Füzulinin Əhmədbəyli kəndindən olan Fikrət dayını xatırlayıram. Hərbi hissələrə gəlib, döyüşçülərin saç-saqqalını qırxırdı.

Əlində-ovcunda olan pulu ailəsinə qoyub, “siz birtəhər dolanın, mən əsgərlərimizə lazımam” deyib gəlmişdi. Onu müxtəlif hərbi hissələrdə görürdüm. Bu fədakarlıq Vətən sevgisi idi. Biz Vətəni sevirik. Biz Azərbaycanı sevirik. Ona görə qalib gəldik. Azərbaycan bu sevgi sayəsində qalib ölkə olaraq daima yaşayacaq”.