Akademik Zərifə Əliyeva – Tibb elminin nurlu səhifəsi
Öz həyatını səhiyyə elminin inkişafına həsr etmiş, tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 102-ci il dönümüdür.
Akademik Zərifə xanım Əliyeva yalnız Azərbaycanda tibb elmi sahəsində deyil, bütövlükdə dünya oftalmologiya elminə böyük töhfələr vermişdir. Onun zəngin elmi irsi, tibbin müxtəlif sahələrinə həsr edilmiş araşdırmaları, əldə etdiyi nailiyyətlər, yaratdığı fundamental əsərlər , yetişdirdiyi elmi kadrlar tibb elminin parlaq səhifələrini təşkil edir. Şərəfli bir ömür yolu keçmiş Zərifə xanım Azərbaycanın tarixində, onunla əməkdaşlıq etmiş, ünsiyyətdə olmuş insanların, ailə üzvləri və yaxınlarının xatirəsində yalnız həkim və alim kimi deyil, zəngin mənəviyyatı, müdriklik və alicənablığı ilə seçilən böyük bir şəxsiyyət kimi yaşamaqdadır. Bü bənzərsiz insanın işıqlı obrazı onun əsərlərindən, fəaliyyətinin nəticələrindən bəhrələnmiş, öz həyat yollarında ondan mənəvi qida almış insanlar üçün əvəzedilməz bir örnəkdir.
Oftalmologiya sahəsindəki elmi və bütövlükdə tibb sahəsindəki pedaqoji fəaliyyəti Zərifə xanım Əliyevanın həyatının ana xəttini təşkil etmişdir.
Tibb elmi sahəsində fəaliyyətə başladığı ilk dövrlərdən Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedərək həkim-oftalmoloqlara məruzələr oxumuş, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlar aparmışdır. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Onun elmi araşdırmalarının böyük hissəsi bu mövzuya həsr edilmişdir.
1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını da məhz problem təşkil etmişdir. Görkəmli alim tədqiqat sahələrini genişləndirərək görmə orqanlarının problemləri, bütövlükdə oftalmologiya elmində mövcud olan bir çox aktual problemlərin həlli yollarını tapmışdır. Bu sahədəki elmi araşdırmalarının nəticələri onun fundamental əsərlərində əks olunmuşdur. Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Onun elmi və pedaqoji fəaliyyətinin geniş miqyası ölkəmizdən kənarda da diqqəti cəlb etmiş və dəyərli qiymətini almışdır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə professor Z.Əliyeva oftalmologiya aləmində o zaman ən yüksək mükafatlardan biri hesab edilən SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
Səhiyyə sahəsində kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmiş alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Fədakar həkim, yüksək vətəndaşlıq məsuliyyəti, səmimilik və qayğıkeşlik, insanlara və onların problemlərinə diqqət və qayğı ilə yanaşmaq Zərifə xanımın həyat mövqeyi olmuşdur.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmiş Zərifə xanım Əliyeva bütün ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur.
Zərifə xanım Əliyevanın fəaliyyəti dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilmiş, bir sıra orden və medallara təltif edilmiş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Ancaq Zərifə xanım yalnız ictimai xadim, böyük alim və pedaqoq olmamışdır. Onun böyük şəxsiyyət, dəyərli insan olduğunu ailə üzvlərinin xatirələri daha gözəl əks etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev dövlət başçısı kimi deyil, valideyninə layiq oğul kimi Zərifə xanımın həyatının son günləri ilə bağlı xatirələrini paylaşaraq deyir: “Zərifə xanım bilirdi ki, ömrü sona çatır… Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”.
Zərifə xanımın böyük insanlıq mücəssəməsi olduğunu dahi müdrik şəxsiyyət, Azərbaycan xalqının ulu öndəri çox gözəl ifadə etmişdir: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur.
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı