Ailə həyatın əsasıdır
Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Sağlam ailə sağlam millət deməkdir. Ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir, təbii fərdiyyətçiliyi aradan qaldırır, “başqaları üçün” yaşamağı öyrənir. Ailənin cəmiyyətin və dövlətin tərəqqisində oynadığı rolu, eyni zamanda, dahi mütəfəkkirlər, sosioloqlar da təsdiqləyiblər. Onlar insanın şəxsiyyət kimi yetişməsində, sosiallaşmasında xalqın milli-mənəvi keyfiyyətlərinin gələcək nəsillərə ötürülməsində ailəni altqurum hesab edirlər.
Son illər ölkəmizdə boşanmaların sayının artması ciddi narahatçılıq doğurur. 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb. Bu bizim cəmiyyət üçün çox ciddi bir rəqəmdir. Əgər ailə dövlətin təməlidir deyiriksə dövlətin təməlinin sarsılmasına səbəb olan vətəndaş məsuliyyət daşımalıdır. Ailə sadəcə iki insanın bərabərliyi deyil, xalqın gələcəyinin formalaşdığı ciddi bir müəssisədir. Ailə institutunun möhkəmləndirilməsi üçün gənclər arasında hüquqi və psixoloji maarifləndirmə ilə yanaşı dini, mənəvi və əxlaqi maarifləndirilmə də aparılmalıdır. Ailə həyatına böyük önəm verən İslam dininə görə kainatda ən vacib şey həyatdır.
Ailələr isə həyatın əsasıdır. Sosial həyat bir binadırsa, ailə üzvləri onun əsas hissəsidir. İslam insanların həyatdakı vəzifə öhtəliklərini, məsuliyyətini düzgün izah edən, ailələrin möhkəmləndirilməsi üçün əvəzsiz tərbiyə mexanizmidir. İslam dinində valideyn hüquqları, ər-arvad hüquqları kimi ailə hüquqları da İslam hüququnun yarıdan çoxunu təşkil edir. İslama görə ailəsiz sosial həyat yoxdur. Sosial həyat olmasa, dünyanın heç bir mənası olmaz və Allah qiyaməti qoparar. Məhəmməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) "Talaq (boşanma) olan zaman Allahın ərşi titrəyir” deyə buyurmuşdur. Bəli, ilahi təcəllilərin güzgüsü və qövsü olan həyat bundan sonra (boşanmadan sonra) mütləq sarsılacaq. Yəni boşanmadan sonra ailə fərdlərinin hər birinin həyatında ciddi sarsıntı olması qaçılmazdır. Ailələrin çökməsinin beş səbəbi var ki, bunlar mənəviyyatsızlıq, inamsızlıq, əxlaqsızlıq, İslam qaydalarına əməl etməmək və ailə haqqında biliklərin olmamasıdır.
(Yəni nikaha daxil olan insanların ailə dəyərləri, ailədə kişi və qadının vəzifə öhtəlikləri, sağlam ailədə böyüməyin uşaqların həyatına təsirini, ailə mühitinin insan həyatına təsiri, ailədə sıxıntıların, stresin idarə olunması, şükranlıq, qayğıkeşlik, ailənin müqəddəsliyi və boşanmanın fərdlərin gələcək həyatına təsiri haqqında heç bir məlumatın olmamasıdır.) İslamda uşaqların hüququna böyük əhəmiyyət verilir; məqsəd ailə və cəmiyyət üçün fiziki və psixoloji, həm də əxlaqi və mənəvi baxımdan sağlam nəsil yetişdirməkdir. İslamda uşaqların hüququ üç cəhətdən diqqət mərkəzində saxlanılır: mədəni, bioloji, insani və mənəvi dəyərlər baxımından.
Birinci, yəni mədəni cəhət valideynlərin nikahdan əvvəl uşaq hüquqlarına riayət etməsi (ömür yoldaşının düzgün seçilməsi) məqamlarını əhatə edir. Bioloji yəni sağlam nəsildən dünyaya gəlməsi və sağlam böyüməsinin təmin edilməsi, insani və mənəvi isə uşağın düzgün ailə mühitində gözəl tərbiyə almasıdır. İslamda ailə qurmaq təkcə ictimai və sosial hadisə olmayıb, şəriətin vacib qanunu, müqəddəs bir iş və hətta ibadət sayılır. İslama görə, ailə qurmaq və onu qoruyub saxlamaq Allahın nəzərində ən bəyənilən əməllərdəndir.
Təbii ki, məsələnin bu şəkildə qoyulması, yəni ailə qurmağın müqəddəs bir iş kimi təqdim edilməsi İslamda ailə həyatına verilən dəyərin göstəricisidir. Ailə qurmaq İslam dinində fərdi, ictimai və ilahi məsuliyyət sayılır. İnsan Allahın ona verdiyi nemətlər qarşısında şükranlıq məsuliyyəti daşıdığı kimi, ailə qurmaqla da övlad məsuliyyəti daşıyır. Ailə həyatı təkcə fərdi rifah və rahatlıq üçün deyil, cəmiyyətin ümumi maraqları baxımından da əhəmiyyət kəsb edir.
Buna görə İslamda ailə qurmağın sosial-ictimai əhəmiyyəti xüsusi qabardılır. Ailə düzgün seçilən həyat yoldaşı və sağlam, ləyaqətli övlad tərbiyəsi üzərində qurulur. Bilirik ki, hər dağılan ailədə uşaqlar o dağıntılardın altında psixoloji travmalar alır və mənəvi əziyyət çəkir. Buna görə ailəni dağıdan tərəflər uşaqlara mənəvi təzminat ödəməlidir. Boşanmalar zamanı ciddi səbəb aşkar edilmədikdə, sadəcə hər hansı anlaşılmazlığa görə nikaha son verməyi tələb edən tərəf gələcək nəsillərin zədələnməsinə görə məsuliyyət daşımalıdır.
Boşanmalar zamanı ailənin dağılmasında kənar şəxslərin müdaxiləsi və təsiri aşkar olunarsa o şəxslərə qarşı ciddi tədbirlər gürülməlidir. KİV və sosial şəbəkələrdə ailə dəyərlərinə zid işlədilən hər hansı ifadəyə, hərəkətə yol verilməsinin qanunla qarşısı alınmalıdır. Xalqlar öz milli mənəvi dəyərləri, adət ənənələri, dili, dini, mədəniyyətləri ilə var olur. Ən böyük dəyərimiz olan ailələrin möhkəmləndirilməsi üçün dini, mənəvi, əxlaqi və psixoloji maarifləndirmə işi aparılmalı boşanmaların qarşısının alınması üçün qanunlar sərtləşdirilməlidir.
Nərminə Qəribova
QHT sədri