Laçın rayonu ərazisində fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş, sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunmuşdur.
Artıq Laçına həyat yenidən qayıdır. Hazırda Laçın rayonu ərazisində fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Dövlət başçısı Laçın rayonunun malik olduğu potensialdan, rayonda həyata keçirilən infrastruktur layihələrindən, kənd, qəsəbə yollarının bərpasından geniş bəhs edərək qeyd etmişdir ki: “Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır”.
Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. 90-cı illərin əvvəllərində AXC-“Müsavat” cütlüyünün hakimiyyət uğrunda mübarizəsinin qurbanı olan Laçın rayonu 1992-ci ilin mayın 18-də Ermənistan tərəfindən işğal edildi. Laçın rayonunun işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu.
Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaxın gələcəkdə sakinlərin öz yurdlarına qayıdacaqlarını, su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yollarının yenidən qurulduğunu bildirdi.
Göründüyü kimi Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması dövlətimiz üçün əsas vəzifələrdən biridir. Burada heç vaxt tarixdə olmayan yollar, eyni zamanda, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar və hərbi mövqelərə gedən yollar salınmışdır.
Bütün bunlar bir daha onu göstərir ki, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur. Bununla da illərlə yurd həsrəti çəkən sakinlərin qayıdışı ilə Laçın daha da gözəlləşib, canlanacaq
Professor Fikrət RZAYEV,
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, Əməkdar müəllim