"Urmiya gölünü xilas et: ekoloji fəlakət qapıda" adlı layihə uğurla yekunlaşdı
Azərbaycan Respublİkasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi "Urmiya gölünü xilas et: ekoloji fəlakət qapıda" adlı layihə uğurla sona çatdırılıb. Bu barədə "Yaşıl Dünya" EMİB sədri Elman Cəfərli məlumat verib.
“Güney Azərbaycanın incisi olan Urmiya gölü İran hakimiyyətinin səhlənkarlığı üzündən məhv olmaqdadır. Son məlumata görə, gölün 95 faizi quruyub. Gölün canlandırılması istiqamətində ciddi addımlar atılmır. Göl quruyarsa ekoloji fəlakət baş verəcək, bölgədə yaşayan azərbaycanlı əhali başqa yerə köçməyə məcbur qalacaq. Bundan başqa göldən qalxan duz tozu canlı aləmi məhv edəcək, kilometrlərlə ətrafa yayılmaqla su resurslarına, əkin sahələrinə, insanların səhhətinə mənfi təsir göstərəcək, sağalmaz xəstəliklərin yaranmasına səbəb olacaq”-deyən Elman Cəfərli layihənin məqsədlərindən danışıb.
O, bildirib ki, layihənin məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Urmiya gölünün quruması ilə bağlı yaranacaq ekoloji fəlakətə, göldən qalxan duz fırtınalarının yaradacağı xəstəliklərə çəkmək, Urmiya gölünün qurumasına rəvac verən siyasi və iqtisadi maraqları üzə çıxarmaq, ekoloji terrora göz yumanları ictimai qınağın hədəfinə gətirmək, gölün bərpası ilə bağlı layihələrin qəbul edilməsinə və bərpa işlərinin sürətlənməsinə nail olmaqdır.
Elman Cəfərli bildirib ki, 3 aylıq layihə mediada və sosial şəbəkələrdə geniş işıqlandırılıb, qeyd olunan problemlər və onların həlli yolları, bu işdə hər bir kəsin rolu haqda mütəmadi yazılar dərc olunub, internet televiziyasında 3 videomüsahibə hazırlanıb. Layihə rəhbəri deyib ki, layihə çərçivəsində “Vətən Media” yaradıcılıq qrupu ilə birlikdə “Dar ağacında buxarlanan Urmu gölü” sənədli filmi hazırlanıb. Sənədli filmdə Urmiya gölündən çəkilmiş son video-görüntülərdən istifadə olunub. Filmdə tanınmış güneyli və quzeyli ekoloqların, coğrafiyaçı alimlərin, media kapitanlarının, diaspor fəallarının fikirləri əks olunub.
Layihə rəhbəri bildirib ki, Urmiya gölü ilə bağlı ətraflı araşdırma aparılmalı, sənədli filmlər çəkilməli, maarifləndirici televiziya verilişləri hazırlanmalı, medianın diqqəti yaranacaq ekoloji fəlakətə yönəldilməlidir.