Ekoloq: “Urmiya gölünün quruması münbit torpaqları məhv edəcək” - VİDEO
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Urmu gölünü xilas et: ekoloji fəlakət qapıda” layihəsinin icrası davam edir.
Layihə çərçivəsində iyulun 31-də Cebhe TV-də “Urmiya gölü niyə qurudulur” adlı videomüsahibə yayımlanıb.
Jurnalist Vilayət Muxtarın moderatorluğu ilə keçirilən videomüsahibədə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli və “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova iştirak edib.
Verilişdə qeyd olunub ki, Yaxın Şərqin ən gözəl incilərindən biri olan, sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Cənubi Azərbaycan torpaqlarının beşdə birini təşkil edə zəngin mineral ehtiyatlara, o cümlədən, 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromidə malik olan Urmiya gölü fəlakətli günlərini yaşayır:
“Əvvəllər göldə 32 milyon kubmetr su var idisə indi həmin rəqəm yalnız 3 milyona enib. Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Bura xeyli sayda çay, o cümlədən Acıçay, Tatuçay, Şəhərçay, Nazlıçay, Cığatı çayları tökülərdi. Lakin İran hökuməti gölün əsas su mənbəyi olan çayların üzərinə bəndlər çəkib. Nəticədə isə göl qurumağa başlayıb. Hazırda Urmiya gölünün 94 faizi quruyub”.
Ekoloq İradə Həsənova Urmiya gölünün qurumasının səbəbləri və prosesin fəsadlarından danışıb:
“Mən 2000-ci ildə Urmiya gölündə olmuşam. Gölün gözəlliyinə o qədər heyran olmuşdum ki. Su o qədər bol idi ki, duzluluğu belə hiss olunmurdu. İndi şəkillərə baxıram, gölün yerində duz qalaqları qalıb. Gölün çevrəsində bizim soydaşlarımız yaşayır. Orada milyonlarla soydaşımız təhlükə ilə rastlaşması bizi narahat edir. 2022-ci ilin dekabrında Türkiyədə qida təhlükəsizliyi ilə bağlı böyük bir simpozium keçirildi.
Mən orada da Urmiya gölünün quruması ilə bağlı fikirlərimi söylədim. İştirakçılar bununla bağlı məlumata malik olmadıqlarını bildirdilər. Bu da bizi çox narahat etdilər. Əslində Urmiya gölünün quruması Türkiyəyə də ciddi təsir edəcək. Urmiya gölünün quruması təbii və antropogen təsirlər üzündən başlanıb və sürətlənib. Gölün üzərində su anbarları tikilib. Təkcə bəndlər tikilməyib, həm də o çayların istiqaməti dəyişdirilib. Çayların su ehtiyatını azaldıblar. Nəticədə gölün qidalanması dayanıb”.
Ekoloq bildirib ki, Urmiya gölünə laqeyd münasibət siyasi məsələdir:
“Urmiya gölü tarixi Azərbaycan torpaqlarında yerləşir. Orda milyonlarla azərbaycanlı yaşayır. Göl qurusa onun fəsadları Təbriz, Sulduz, Urmiya şəhərlərinə, Türkiyəyə, İraq təsir edəcək. Fikrimcə, gölün qurumasına laqeyd münasbətin səbəbi orada yaşayan türk əhalini bizdən ayırmaq, Türkiyə ilə Güney Azərbaycan arasında boş bir sahə buraxmaqdır.
Çünki göl qurusa insanlar ərazidən köç etmək məcburiyyətində qalacaq. Hakimiyyəti istəyir ki, orada yaşayan azərbaycanlılar Kirman, İsfahan, Şiraz, Tehran və digər bölgələrə köçüb getsin. Bir zamanlar Mərənddən xeyli insanın Savə şəhərinə köçürüblər. Süni miqrasiyada məqsəd farslaşmanı yaymaq, türk sıxlığını aradan qaldırmaqdır. Təbrizdə heç kəs farsca danışmaz. Hamı türk dilində danışır. İran hakimiyyətini narahat edən də budur. Türkləşmənin qarşısını almaq üçün siyasi oyun oynayırlar”.
İradə Həsənova bildirib ki, Urmiya gölündə yaranmış ekoloji fəlakət ərtaf bölgələri, əkinə yararlı münbit torpaqları məhv edəcək. Bu isə qida təhlükəsizliyi ilə bağlı problemləri artıracaq.
“Yaşıl Dünya” EMİB sədri Elman Cəfərli bildirib ki, Urmiya gölü Mərkəzi Asiyada yerləşən Aral gölünün taleyini yaşayır:
“İranda su resursları azdır. Amma su resurslarının idarə olunması bərbad, suvarma sistemi köhnədir. Urmiya gölünün bərpası ilə bağlı nəzərdə tutulan vəasit doğru istiqamətə xərclənmir. İran sırf siyasi məqsədlərlə bağlı olaraq Urmiya gölünün qurumasına göz yumur”.
QHT sədri deyib ki, Urmiya gölünün quruması qlobal ekoloji fəlakət yaradacaq. Onun sözlərinə görə, Urmiya gölünün quruyacağı halda yaranacaq ekoloji və humanitar fəlakət təkcə İranı deyil, qonşuluqdakı bütün ölkələri, o cümlədən Türkiyə, Azərbaycan, Ermənistan və İraqa da təsir edəcək. Ona görə də Urmiya gölünə yönəlik ekoloji terror dayandırılmalı, gölün bərpası prosesi sürətləndirilməlidir.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Urmu gölünü xilas et: ekoloji fəlakət qapıda” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.