Sizin Reklam Burada

Milli mədəniyyətə sadiq Azərbaycan ziyalısı

Milli mədəniyyətə sadiq Azərbaycan ziyalısıAzərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Hər dəfə Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminə baxanda qəlbimizdə kövrək hisslər baş qaldırır. Ümummilli lider Heydər Əliyevin öz ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbət duyğuları insanı riqqətə gətirəcək qədər təsirlidir. Görünür, ayrılıqlar kimi, vüsallar da tale yazısıdır.

Bir-birinə məhəbbətlə dolu iki ürək on səkkiz ildən sonra Fəxri xiyabanda əbədi qovuşdu. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.

1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.

Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.

Görkəmli pedaqoq, istedadlı alim, bacarıqlı həkim, böyük ictimai xadim və ən əsası gözəl qadın, dəyərli ana kimi tanıdığımız Zərifə Əliyevanın 100 illik yubileyi ərəfəsindəyik. Azərbaycan xalqı onu həmişə böyük ehtiramla yad edir. Dəyərli oftalmoloq alimimiz Zərifə Əliyevanın yüzlərlə insana işıq bəxş edib, qaranlıqdan çəkib çıxarıb. O zülmətə qərq olan gözlərə nur verib, köməksizlərə həmdəm olub- əsl insan olub, əsl həkim olub.

“Hippokrat andı” Zərifə xanım Əliyeva üçün toxunulmaz dəyər olub, o öz peşəsinə ömrü boyu vicdanla yanaşıb. Səmərəli və zəhmətsevər fəaliyyətində əsil insani dəyər olan vicdana, səmimiyyətə böyük önəm verib. Bütün bilik və gücünü, istedad və bacarığını insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına sərf edib, saysız-hesabsız müalicələri ilə göz xəstəliklərinin qarşısını almağa səy göstərib.

Qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb. Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olub.

Zərifə xanım Azərbaycan tibb elminin tarixində, onun şöhrətlənməsində ləyaqətli yer tutmuş görkəmli alim və mütəxəssislərdən biri idi. Dünya tibb elminə yeni nailiyyətlər bəxş edib akademik adına yüksələn Zərifə xanım Əliyeva dəyərli ziyalı və alim kimi respublikamızın hüdudlarından kənarda da yaxşı tanınmışdı. Onunla birlikdə elmi iş aparanlar onun nailiyyətlərindən, yüksək mədəniyyətindən, nəcib xüsusiyyətlərindən hər zaman iftixarla danışıblar.

Ulu Öndər Heydər Əliyevin xatirələrindən: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”.

Prezident İlham Əliyev anası haqqında hər zaman böyük ehtiram və məhəbbətlə danışıb. O Zərifə xanımın xüsusiyyətlərinə, mehribanlığına, təvazökarlığına heyran olduğunu deyir: “Anam atamın yalnız ömür-gün yoldaşı deyildi, eyni zamanda bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq”.

Prezident xatırlayır: “1970-ci illərdə atam Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. Çox təvazökar idi. Anam bəziləri üçün o, necə deyərlər, son ümid yeri idi. Hətta tanımadığı adamlar belə müxtəlif xahişlərlə, müxtəlif şikayətlərlə onun iş yerinə gəlirdilər. O, çalışırdı ki, hər kəsə kömək göstərsin. Tanımadığı adamların xahişlərini gəlib atama çatdırırdı və o məsələlərin böyük əksəriyyəti öz həllini ədalətlə tapırdı. Zərifə xanım daim insanlara xidmət etmək, kömək göstərmək arzuları, amalları ilə yaşayırdı”.

Zərifə Əliyevanın bütün həyatı insanlara xidmətə həsr olunub. Bu, yüksək vətəndaş mövqeyi, həssaslığı, insanlara qayğı və diqqəti sayəsində xalqın dərin hörmət və məhəbbətini qazanan Zərifə xanımın, ilk növbədə, böyük və parlaq şəxsiyyət olmasından irəli gəlirdi. Görünür, onun insanlara faydalı təsirinin sirri məhz bu yaradıcı qüvvədə, tükənməz mənəviyyatdadır və bu, hamının onu sevməsi və hörmət etməsi ilə bağlıdır.

Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Pənah İmanov
Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər