Sizin Reklam Burada

“Geniş dairədə öyrənmə” layihəsi nəyi, necə öyrədir?

“Geniş dairədə öyrənmə” layihəsi nəyi, necə öyrədir?Şagirdlərin təlimə marağının yüksəldilməsi müəllimlərin, təhsil tədqiqatçılarının, valideynlərin, ümumilikdə cəmiyyətin hər zaman diqqətdə saxladığı məsələdir. Araşdırdığım bütün təhsil texnologiyalarında da əsas diqqətin məhz buna yönəldiyini görmüşəm. Bütün təhsil islahatçıları, yaxud da təhsildə islahat aparmağın vacibliyini düşünənlər, ilk növbədə uşaqların tədrisə maraqlarının təmin olunması üzərində dayanıblar. Düzgün yanaşmadır, çünki maraq təmin olunmazsa, heç bir təlim uğurundan söhbət gedə bilməz. “Geniş dairədə öyrənmə” (Big Picture Learning) layihəsi də bu qəbildəndir. Şagirdlərin tədrisə marağının yüksək səviyyədə təmin olunması arzusu ilə yola çıxan “Geniş dairədə öyrənmə” layihəsinin yaradıcıları – Amerika Birləşmiş Ştatlarından olan pedaqoqlar Elliot Voşor və Denniz Litki hesab edirdilər ki, tədris prosesinin təbiətə inteqrasiya olunması yolu ilə uşaqların marağını maksimum həddə çatdırmaq mümkündür.

Nə qədər müasir və aktual səslənsə də, əslində Voşor və Litkinin irəli sürdüklüri ideyanın təməlində Yan Amos Komenskinin hələ 400 il öncə yaratdığı pedaqoji sistemdə təbiətəmüvafiqlik prinsipi dayanır. Komenski təbiətlə ahəngdə öyrənmənin vacibliyini vurğuladığı kimi, “Geniş dairədə öyrənmə” layihəsi də məktəb ilə ətraf aləm arasındakı səddin uçurulmasının vacibliyini qeyd edir. Layihənin məqsədindən də bunu aydın görmək mümkündür. O, birinci növbədə tədrisə elə bir dinamik yanaşmanı dəstəkləyir ki, bu, şagirdlərin və müəllimlərin, nəticə etibarilə cəmiyyətin həyatına yenilik gətirsin.

Ümumiyyətlə, layihənin əsasında üç prinsip dayanır: birincisi, tədris prosesi hər bir şagirdin maraqlarına və məqsədlərinə uyğun təşkil olunmalıdır. İkincisi tədris proqramı real həyatla əlaqələndirilməlidir. Üçüncüsü, şagirdin bacarıqları düzgün qiymətləndirilməli və onun üçün təhsil ala biləcəyi mühit təmin olunmalıdır.

“Big Picture Learning” layihəsi necə işləyir?

Bu suala aydınlıq gətirmək üçün layihənin iş prinsipinə nəzər salaq:

Hər bir müəllim şagirdin əsasən nə ilə motivasiya olunduğunu, onun maraq dairəsini müəyyənləşdirmək üçün kiçik qruplarla işləyir. Kiçik qruplarla işləmək imkan verir ki, müəllim hər bir şagirdə fərdi yanaşa, onu dinləyə bilsin.

Şagirdlər daha çox ətraf aləmlə təmasda olurlar;
Valideynlər övladlarının ictimai mühitə adaptasiya olunmalarını dəstəkləyirlər. Şübhə yoxdur ki, bununla bağlı pedaqoji kollektivin, məktəbin özünün planları olur.

Şagirdlərin məktəbdənkənar real həyatda qarşılıqlı öyrənmə, əməkdaşlıq əlaqələri üçün müəyyən imkanlar yaranır. Hər biri özünü müəyyən bir icmanın bərabər hüquqlu üzvü kimi hiss edir. Şagirdlərin bir-birindən öyrənmələri üçün əlverişli mühit formalaşır.

Əsası 1995-ci ildə qoyulmuş “Big Picture Learning” layihəsinin fəaliyyət istiqaməti elə qurulub ki, o, şagirdi maqnit kimi özünə çəkir. Mən onu “maqnit” məktəbi adlandırıram. Bu xüsusiyyət yalnız şagirdləri cəzb etmir. Onun ətrafında ayrı-ayrı icmalar da böyük həvəslə toplanırlar. Valideyn övladının “Big Picture Learning” layihəsinə olan marağını, sevgisini təqdirəlayiq hesab edir. Bu sevgi şagirdi məktəbə bağlayır. İcma ona görə bu məktəbi xoşlayır ki, oradan cəmiyyətə inteqrasiya olan şagirdin empirik, kəmiyyət təfəkkürü, sosial düşüncəsi, ünsiyyət mədəniyyəti və şəxsi keyfiyyətləri onu qane edir.

Bütün bu keyfiyyətləri məktəb şagirddə necə formalaşdırır?

Bütün məktəblərin arzusunda olduğu, amma əksər hallarda nail ola bilmədiyi şagirdi “Big Picture Learning” necə yetişdirir.

“Big Picture Learning” öz hədəflərinə nail olmaq üçün humanitar fənlərin tədrisinə (dil və sosial elmlərə), eləcə də riyaziyyata, sağlamlıq və fitnesə, incəsənət və rəqəmsal mediaya yer verir. Hesab edirlər ki, tədrisin bu aspektdə qurulması şagirdlərin təxəyyül inkişafı ilə yanaşı, sosial, ünsiyyət bacarıqlarının formalaşdırılmasına da yol açacaq. Dövlət və milli standartlara uyğun layihə əsaslı tədrisin həyata keçirilməsi də bu hədəflərə çatmaq imkanlarını reallaşdırır. Layihə əsaslı tədris həm də ona xidmət edir ki, şagirdlər məktəbə hər gün öz ideyalarını reallaşdırmaq istəyi ilə gəlir və bu, onlar üçün motivasiya rolu oynayır, öyrənmə həvəsi hər gün daha da inkişaf edir.

“Big Picture Learning” layihəsi əsasında işləyən bütün orta məktəblərdə şagirdlərin icma quruculuğu haqqında təcrübələrini formalaşdırmaq, gələcək karyeraları haqqında düşüncələrinə aydınlıq gətirmək, liderlik xüsusiyyətlərinin inkişafına təkan vermək, məqsədli şəkildə fəaliyyət göstərmək, bilik və bacarıqlar əldə etməyin optimal yollarını aşılamaq üçün məsləhət sinifləri fəaliyyət göstərir.

Bu gün uşaqların öyrənmə maraqlarının təmin olunması ilə bağlı kifayət qədər çətinliklər var. Bunu bir sıra amillərlə əlaqələndirmək mümkündür. Uşaqlar heç də hamısı oxumaq istəmir. Şübhəsiz ki, burada məktəb mühiti də əsas rollardan birini oynayır. Demək olar ki, ənənəvi məktəb mühiti heç də bütün uşaqların ürəyincə deyil. “Big Picture Learning” məhz şagirdin tədris marağını ona verə biləcək məktəb dizaynını qurmuş və qurmaqda davam edir. Qeyd edim ki, Elliot Voşor və Denniz Likti hələ ötən əsrin 90-cı illərində bu qənaətdə olduqları üçün belə bir layihənin icrasına başlayıblar. Həm də yalnız uşaqları deyil, valideynləri, ümumilikdə cəmiyyəti nəzərə alaraq bu ideya ətrafında hər kəsi birləşdirməyə çalışıblar. Çünki, yüksək təhsil, yalnız şagirdin marağının təmin olunması ilə əldə edilmir. Bunun üçün cəmiyyətin hər bir üzvü maraqlı olmalıdır. Təsəvvür edin ki, uşaq yaxşı təhsil almaq istəyir, amma valideyn buna hazır deyil, yaxud övladının təhsil almasına mane olur. Belə nümunələr kifayət qədərdir. Hələ 2000-ci illərin əvvələrində koordinatorluğumla həyəta keçirilən “İbtidai sinif şagirdlərinin valideynləri üçün pedaqoji-psixoloji məsləhət mərkəzinin yaradılması” adlı layihə çərçivəsində Azərbaycanın ucqar rayonlarında şagird və valideynlərlə görüşüm zamanı da belə faktlarla qarşılaşmışdım.

Bu gün “Big Picture Learning” Amerika ilə yanaşı, Niderlandda, Avstraliyada, İtaliyada, Kanadada da tətbiq olunmaqdadır. Layihənin əhatə etdiyi şagirdlər qrupu da fərqli və genişdir. Hər bir məktəb layihəyə qoşula bilər. Yetər ki, kollektiv yaradıcı işləmək arzusunda olsun, uşaqlara öyrənməyi öyrətməyin yollarını bilsinlər. Məktəb mühitinə uyğunlaşmaqda çətinlik çəkən uşaqlar üçün “Big Picture Learning” ideal adaptasiya variantı kimi dəyərləndirilə bilər. Çünki bu layihə məktəbin qapılarını daxil olmaq üçün uşağın üzünə açıq saxladığı kimi, uşağın oradan çıxması üçün də bağlamır.

Bu məktəblərin şagirdləri üçün təbiət hər zaman açıqdır. Gəlin etiraf edək ki, insan təbiətin qoynunda ruhən daha sakit və rahat olur. Deməli yaradıcılıq və öyrənmək üçün ən münasib məkan təbiətdir. Təbiətin min bir çaları, təmiz hava düşüncələri, fikirləri aydınlatmaqla, insanın həyat eşqini yüksəldir. Bu da öyrənmək üçün motivasiya rolu oynayır. Bilik öz mənbəyini təbiətdən aldığı kimi, öz sirlərini də təbiətdə açır. Təbiət uşağa həyat, sevgi, yeni ruh aşılayır. Həyatı dərk edən, sevgi ilə yaşayan, ruhu olan insanı öyrətmək çətin deyil.

Böyükağa MİKAYILLI,
Təhsil sahəsi üzrə tədqiqatçı jurnalist

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər