Sizin Reklam Burada

Bələdiyyələr yenə tənqid hədəfində: KİMDİR HAQLI?

Bələdiyyələr yenə tənqid hədəfində: KİMDİR HAQLI?Milli Məclisin Regional məsələlər Komitəsi bələdiyyələrə hüquqi baxımdan dəstək verməli olan əsas qanunverici orqan hesab olunur. Bələdiyyə sisteminin inkişafı üçün zəruri olan bütün hüquqi sənədlər ilk olaraq məhz adıçəkilən komitədə müzakirəyə çıxarılır.

***

Xüsusi olaraq qeyd edim ki, uzun illər adıçəkilən komitənin sədri olmuş, dəyərli insan Arif Rəhimzadə, fəaliyyət göstərdiyi müddətdə, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi üçün müzakirə edilən hüquqi sənədlərin qəbul edilməsində, habelə bələdiyyələrin üzləşdiyi problemlərin həllində bəzən öz şəxsi nüfuzundan da istifadə etməklə, irəli sürülən təkliflərin həm də həyata keçməsinə nail olub. O illərdə Regional komitənin üzvlərində sanki bir aktivlikdə hiss olunmaqda idi. Həmin dövrdə A.Rəhimzadə ilə yanaşı komitənin üzvləri olmuş mərhum Fəttah Heydərov, habelə Fəzail İbrahimli və Rüstəm Xəlilov bələdiyyələrin qarşılaşdığı problemlərin həlliylə bağlı öz təklif və tövsiyələrini səsləndirməkdən yorulmurdular.

***

Milli Məclisin Regional məsələlər Komitəsinin hazırki sədri Siyavuş Novruzovun son bir ildəki bəzi çıxışlarında bələdiyyələrin qarşılaşdığı problemləri ictimailəşdirməsi təqdirəlayiqdir. Komitə sədrinin sözləriylə desək bu gün həqiqətən “bələdiyyə üzvlərinin sayı azaldılmalıdır”. Onun “bələdiyyələrlə bağlı fundamental islahat aparılmalıdır” fikri isə lap yerinə düşüb. Çünki uzun illərdər ki, biz də bələdiyyələrin qarşılaşdığı problemləri araşdırmaqla həllinə çalışırıq. Bu sahədə kompleks şəkildə islahatın aparılmasının zəruriliyini dəfələrlə yazı və araşdırmalarımızda qeyd etmişik. Sözsüz ki, komitə sədrinin səsləndirdiyi hər iki fikrin arxasında ciddi problemlərin həlli dayanır.Və bu problemlərin həlli nəticə etibariylə bələdiyyə sisteminin inkişafına təkan vermiş olacaq.

***

Ancaq təəssüf edirəm ki, bu gün bəzi komitə üzvlərinin bələdiyyələrlə bağlı səsləndirdiyi fikirlər həm bələdiyyə üzvləri və qulluqçularında, həm də ictimaiyyət nümayəndələri arasında birmənalı qarşılanmayıb.
Milli Məclisin Regional məsələlər Komitəsinin üzvü Kamran Bayramovun komitənin sonuncu iclasında səsləndirdiyi "Bu gün ölkədə fəaliyyət göstərən bələdiyyələrin işi ürəkaçan, qənaətbəxş deyil", həmçinin “parlamentdə ötən müddət ərzində bələdiyyələrin təkmilləşdirilməsinə xidmət edən heç bir qanun layihəsi nə müzakirə edilib, nə də hər hansı qanun qəbul edilib” fikirləri əslində reallığı əks etdirir. Bu fikirlərdən belə qənaətə gəlmək olar ki, əgər qanunverici orqan bələdiyyələrin qarşılaşdığı problemlərdən birini həll etmiş olsaydı yəqin ki, bələdiyyənin büdcə gəlirlərində də artım olardı. Odur ki, “bələdiyyələr fundamental islahatlara məruz qalmalıdır" fikri ilə tam razıyam. Ancaq bu islahatların hansı forma və məzmunda aparılmasıyla bağlı təkliflərin də səsləndirilməsi daha məqsədəuyğun olardı.

"Ölkəmiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız artır, idarəetmə sahəsində nailiyyətlər əldə edilir. Bələdiyyələr bu günə qədər necə fəaliyyət göstəribsə, indi də həmin formada davam edir. Bu da qəbuledilməzdir. Çünki bələdiyyə birbaşa vətəndaşlarla işləyən qurumlardır. Ona görə də bələdiyyələrin birləşməsi əsas məsələ olmalıdır. Bu gün ölkədə 1 606 bələdiyyə fəaliyyət göstərir ki, bunun da 80 %-i məhz kənd bələdiyyəsidir. Onlar da ən zəif səmərə göstərənlərdir. Onlar özlərini güc-bəla ilə saxlayan qurumlardlr. Dövlətdən alınan dotasiya hesabına yaşayırlar. Bu da qəbuledilməzdir.” Bu fikirlərin səsləndirilməsi isə ondan xəbər verir ki, millət vəkili bələdiyyə sistemində gedən proseslərdən müəyyən mənada xəbərdardır.

Ancaq K.Bayramovun yekunda söylədiyi fikirləri birmənalı şəkildə məqbul saymaq olmaz: “Bu gün bələdiyyələrdə iclas mədəniyyəti yoxdur. Bələdiyyə qərarları iclasda qəbul edilmir, sadəcə, kağıza yazılır və imzalanması üçün üzvlərə göndərilir".
Dəyərli millət vəkilinin bu fikirlərini necə başa düşək? Bununla bağlı millət vəkilində konkret faktlar varmı? Üstəlik, bu fikirləri 1606 bələdiyyənin hər birinə aid etmək də doğru deyil.

Daha sonra Milli Məclisin Regional məsələlər Komitəsinin üzvü, həm də Aqrar siyasət Komitəsinin sədri, hörmətli Tahir Rzayevin komitənin yenə sonuncu iclasında səsləndirdiyi fikirləri, açıq etiraf edim ki, heç bir halda məqbul saymadım. Uzun illər məhz Regional məsələlər Komitəsinin üzvü olan, üstəlik Ağcabədi bələdiyyəsinin ilk sədri olmuş şəxsin birdən-birə öz bələdiyyəsini “top atəşinə” tutması başa düşülən deyil.
Tahir Rzayev deyir ki, “Bələdiyyə sədrləri özlərini yerlərdə ağa kimi aparırlar. Sahibkara, iş adamlarına lazımi dəstək vermirlər”. Əslində bu fikrin nə bələdiyyəyə, nə də bələdiyyə sədrlərinə aidiyyəti var. Yerlərdə özlərini “ağa kimi aparanlar” konkret olaraq bəzi rayonların siyasi rəhbərləridir ki, onlarında on nəfəri artıq həbsdədir.

“Sahibkara və iş adamına” dəstək verilməsi üçün ilk növbədə Milli Məclisin Regional məsələlər Komitəsinin üzvləri də qəbul etdikləri hüquqi sənədlərlə bələdiyyələrə dəstək verməlidir. Daha bələdiyyələrə verilən səlahiyyətin və maliyyə istiqamətlərinin əllərindən alınmasına ikiəlli səs verməli deyildilər.
O da məlumdur ki, sahibkarlığın inkişafına dövlət tərəfindən daimi olaraq ciddi dəstək verilir. Bununla bağlı ölkə başçısının da imzaladığı çoxsaylı hüquqi sənədlərdə ortadadır. İqtisadiyyat nazirliyinin bu istiqamətdə atdığı addımları, xüsusəndə vergi islahatıyla bağlı məqamları hər kəs təqdir edir və bəyənir. Bələdiyyələrin bu işə dəstək verməsi isə həmin sahibkarın öz vergilərini vaxtında ödəməsindən asılıdır. Sahibkarın bələdiyyəyə olan borcunu ödəmək əvəzinə “kiməsə sığınması” bu gün məqbul sayılmır. Tutduğu vəzifədən asılı olmayaraq vergi odəyicisi bələdiyyə vergisini ödəməkdən imtina edirsə və tutduğu vəzifənin imkanlarından yararlanaraq 80 manatlıq əmlak vergisinə görə icra başçısına zəng edirsə, demək sahibkara bələdiyyə tərəfindən hər hansı dəstəyin olacağını gözləməyə dəyməz.

Bu gün qırx beş milyon manatlıq bələdiyyə büdcəsiylə qlobal əhəmiyyətli layihələrin icrası mümkün deyildir. Bələdiyyə büdcəsi bu gün şəhid adlarının ədəbiləşdirilməsinə, onlara və qazi ailələrinə maddi və mənəvi dəstək göstərməyə çatır. Bələdiyyə büdcəsinin artmasına isə ilk olaraq rayon icra hakimiyyəti başçılarıyla yanaşı, həm də hörmətli millət vəkilləri dəstək verməlidir. Ən böyük mehmanxanaya və müəssisəyə sahib olub, bələdiyyəyə yerli vergilərini ödəməyən, adını çəkmək istəmədiyim millət vəkilinin bu hərəkətinə bəs nə ad verək? Çox maraqlıdır. Əgər ölkənin birinci eşalonunda olan vəzifə sahibləri bu vergiləri vaxtlı-vaxtında ödəyirsə seçkili orqanın da təsmilçiləri birmənalı şəkildə vergiləri ödəməyə bir vətəndaş olaraq borcludurlar. Nə isə...

Tahir Rzayev daha sonra qeyd edir ki, bələdiyyə sədrləri qanunvericiliyi bilmir, torpaq icarəsini 10 qat artırırlar. Millət vəkilinin bu fikriylə də heç cür razılaşa bilmərəm. Torpaq icarə haqqlarının orta bazar qiymətinə uyğunlaşdırılmasıyla bağlı Ədliyyə Nazirliyinin bələdiyyələrə tövsiyə məktubu var. Söhbət ondan gedir ki, vətəndaş bələdiyyədən vaxtı ilə çox aşağı qiymətə icarəyə götürdüyü torpaq sahəsini bu gün başqa şəxslərə bazar qiymətlərinə uyğun icarəyə verir. Nəticədə bələdiyyə kifayət qədər maliyyə vəsaitini itirmiş olur. Bələdiyyələrlə iş Mərkəzi də bu kontekstdən çıxış edərək, ədalət naminə desək haqlı olaraq, adıçəkilən istiqamətdə qiymətlərin bazar qiymətlərinə uyğunlaşdırılmasını bələdiyyələrə tövsiyə edib.
Beləliklə, bələdiyyə özbaşına hansısa qiyməti artıra bilməz, bu heç mümkündə deyil, həm də qanunlarımızda buna yol vermir. Məhz inzibati nəzarəti həyata keçirən orqanın tövsiyə məktubuna əsasən bələdiyyə büdcəsinin həcmi son illər 10 faizədək artıb. Və nəzərə alaq ki, bələdiyyələrin qazandığı maliyyə vəsaitinin hər bir manatı sonda öz sakininin sosial-rifah halının yaxşılaşdırılmasına yönəldilir. Bu arada qeyd etmək yerinə düşər ki, bələdiyyələrin vergi-uçot sisteminin qurulmasında, habelə əvvəlki illərdə yaranmış DSMF borclarının azaldılmasında Prezident Adminstrasiyasının müvafiq sektorunun xüsusi rolu var.

Millət vəkili daha sonra deyir: "...təmsil etdiyim Ağcabədidə bələdiyyə 400 min manata yaxın torpaq vergisi yığa bilər. Amma bunu edə bilmir, hətta bələdiyyə üzvlərinə əməkhaqqı verə bilmir. Onların vətəndaşlarla heç bir münasibəti yoxdur. Belə olan halda vətəndaş bələdiyyəyə necə etimad göstərə bilər? Təbii ki, bu etimad olmayacaq. Bu, gündən-günə azalır”.
Açıq etiraf edim ki, bu fikirləri ümumiyyətlə yaradıcı insan kimi tanıdığım Tahir Rzayevə yaraşdırmadım. Bu gün Ağcabədi bələdiyyəsinin belə vəziyyətə düşməsində hər bir Ağcabədi sakiniylə yanaşı, həm Ağcabədi rayonunu təmsil edən deputat kimi, həm də seçici kimi onun da öz günah payı var. Bu günədək özünün də çalışdığı binada dəfələrlə olmalı və bələdiyyənin qarşılaşdığı problemlərin həllinə öz töhfəsini verməli idi.

Bələdiyyənin “400 min manat torpaq vergisi” yığa bilər fikrinə gəlincə, deməliyəm ki, hazırda əldə etdiyim məlumata görə, şəhərdə 7000 vergi ödəyicisi qeydiyyatdadır. Onların ödəyəcəyi vergi və rüsümların həcmi isə 130 min manat ətrafındadır. Bütün qüvvələri səfərbər edərək bələdiyyənin vergi xidməti ötən il ərzində bu məbləğin 117 min manatını yığa bilib. Bu isə 90 faiz deməkdir. Əlavə edim ki, əvvəlki illərlə müqayisədə bu kifayət qədər böyük artım deməkdir. Təəssüf ki, əldə edilən maliyyə vəsaitinin xeyli bir hissəsi məhz əvvəlki illərdən yığılıb qalmış DSMF borclarının bağlanılmasına yönəldilib.

Əlavə edim ki, Ağcabədi şəhərində vergi ödəyicilərinə məxsus əmlakın 70 faizdən artıq hissəsinin sənədi olmadığından bələdiyyədə bu gün problemlə qarşılaşır. Belə bir vəziyyətdə ciddi maliyyə sıxıntısıyla üz-üzə qaldığından bələdiyyədə vergi ödəməyən ödəyicilər və icarədarlarla bağlı bələdiyyə iclasının qəbul etdiyi aktları həll edilməsi üçün Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinə göndərir. Bəzən bələdiyyənin bu addımı vergi ödəyicilərinin haqsız narazılığına səbəb olur. Gəlin unutmayaq ki, vergilərimizi, xüsusəndə ildə bir dəfə ödənilməli olan yerli vergilərimizi, birmənalı şəkildə vaxtında ödəməliyik. Vaxtında ödəməliyik ki, səs verdiyimiz bələdiyyə də məqam gələndə ciddi problemlərlə üz-üzə qalmasın...

***

Müxtəlif vaxtlarda Qənirə Paşayeva, Fazil Mustafa, Qudrət Həsənquliyev və Naqif Həmzəyevin çıxışlarında bələdiyyələrin qarşılaşdığı problemlərə diqqət ayırmaları alqışalayiqdir. Bu arada Milli Məclisin ən gənc üzvü, vaxtı ilə bələdiyyənin sədr müavini vəzifəsində çalışmış Sabinə Xasayevanın bələdiyyələrlə bağlı iki çıxışını da diqqətlə izləmişəm.

***

Son olaraq qeyd edim ki, Milli Məclisin tribunasında bələdiyyələrin qarşılaşdığı problemləri və onun həlli yollarını digər komitələrin üzvlərindən əvvəl məhz Regional məsələlər Komitəsinin üzvləri səsləndirməli və qaldırdıqları problemin həllinə nail olmaq üçün çalışmalıdırlar. Bu gün tək Ağcabədi bələdiyyəsinin deyil, bütün bələdiyyələrin millət vəkillərdən, xüsusəndə Regional məsələlər Komitəsinin üzvlərindən bir umacağı var, o da bu qurumların fəaliyyətinə dəstək verilməsidir.

Odur ki, hər dəfə bələdiyyələri “tənqid atəşinə” tutmaqla onları borclu çıxarmaq yox, əksinə seçici olaraq hər birimiz onların fəaliyyətinə dəstək verən addım atmaqla öz töhfəmizi verməliyik.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər