Kəlbəcərin təbii enerji potensialı mövcuddur
Azərbaycanın ən dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərlik etdiyi rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi dövründə düşməni darmadağın etməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məcbur etdi. İmzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Beləliklə, 27 illik işğaldan sonra Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu.
Məlumat üçün bildiririk ki, Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında düşmən tərəfindən işğal edilmişdi. Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. O zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində Kəlbəcər yağı düşmənə müdafiəsiz qurban edildi. Bütün bunların nəticəsində deyə bilərik ki, Kəlbəcərin işğal edilməsində, 511 dinc sakinimizin öldürülməsində, 321 nəfər dinc insanımızın əsir götürülməsində, 53 minə yaxın soydaşımızın öz doğma yurdlarından didərgin düşməsində düşmənlərimiz qədər bu cinayətin törədilməsinə şərait yaradan AXC-Müsavat hakimiyyəti də məsuliyyət daşıyır.
Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı və turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Həmçinin relyefi dağlıq olan Kəlbəcər rayonu təbii ehtiyatlarının zənginliyi baxımından da xüsusi olaraq fərqlənir.
İşğaldan öncə sovet dönəmində Dağlıq Qarabağ və ətraf ərazilərin enerji potensialı olduqca yüksək olub. Belə ki, bu illərdə Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 meqavat/amper olan 20 yarımstansiya mövcud olub. Qarabağ ərazisi bərpaolunan enerji resursları ilə də zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi, yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır. Bundan əlavə olaraq qeyd etməliyik ki, işğaldan azad edilmiş ərazilərimizdə, o, cümlədən Kəlbəcərdə geotermal enerji potensialı mövcuddur. Statistik məlumatlara görə Kəlbəcər rayonu ərazisində 3093 kubmetr/gün termal su ehtiyatları vardır.
Təssüf hissi ilə qeyd etməliyik ki, işğal altında olduğu 27 il ərzində Kəlbəcər rayonu da digər işğal altında olan ərazilərimiz kimi erməni vandalizminin qurbanına çevrildi. Ermənilər buranı tərk edərkən evləri, məktəbləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Lakin sevindirici haldır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Qısa müddət ərzində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri sübut edir ki, biz bu torpaqların sahibləriyik.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri