Şirin su problemi bu gün dünyada aktual sosial iqtisadi problemə çevrilib
Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Martın 22-də planetimizin bir çox ölkəsində dünya su ehtiyatları və ya dünya su günü qeyd olunur. Bu mühüm ekoloji bayramın qeyd olunması barədə qərar 1992-ci ildə Rio-de-Janeyroda keçirilən ətraf mühit və inkişaf üzrə BMT konfransında qəbul edilmişdir.
Yer kürəsinin 4 milyard illik inkişafı tarixində həyatın yaranması və biosferin formalaşması proseslərində su həlledici rol oynamış və oynamaqdadır. Hələ qədim zamanlardan bəri dünyanın elm adamları içməli suya daim diqqət yetirmiş, insan həyatında onun misilsiz rol oynadığını qeyd etmişlər. Şirin su problemi bu gün dünyada aktual sosial iqtisadi problemə çevrilmişdir və onun həlli yolları, təəssüflə qeyd edilməlidir ki, istənilən səviyyədə deyil. Bunun üçün dünya birliyi müəyyən tədbirlər görür və suyun mühafizə olunması və qənaətlə işlədilməsi üçün optimal yollar axtarır.
Dünya su günü ilk dəfə 1995-ci ildə “Su həyatdır” devizi altında qeyd olunmuşdur. 2003-cü il dekabrın 23-də BMT Baş Assambleyası 2005-2015-ci illəri “Su həyat üçün” beynəlxalq onilliyi elan etmişdir. Cari ildə Beynəlxalq su gününün mövzusu “Təmiz su sağlam dünya üçün”dür. Yerdə su ehtiyatının çox hissəsi okeanlarda, habelə Antarktida və Qrenlandiyanın çoxillik buzlaqlarında toplanmışdır. İnsanların istifadə etdiyi su mənbələri, əsasən, göllər, çaylar və su quyularıdır. Dünyada şirin su ehtiyatı ilbəil azalır, istehlak isə artır. Mütəxəssislərin proqnozlarına görə, 2025-ci ilədək təxminən 2 milyard insan su çatışmayan ölkələrdə və ya regionlarda yaşayacaqdır. Həmin bölgələrdə adambaşına ildə 500 kubmetrdən az su düşəcəkdir. Bu isə sağlam həyat və gigiyena qaydalarına riayət etmək üçün yetərli deyildir.
Su sektoru bir neçə mərhələdən və çoxsaylı maraqlı tərəflərdən ibarət olan mürəkkəb bir ekosistemdir. Əhali və qeyri-əhali istehlakçılarının su ilə təchiz edilməsi üçün su, ilk növbədə, mənbələrdən qəbul edilməklə anbarlarda saxlanılmalı, daha sonra boru kəmərlərindən və digər zəruri avadanlıqlardan ibarət infrastruktur vasitəsilə son istehlakçılara çatdırılmalıdır. Nəhayət, tullantı suyunun qəbul edilməsi və təmizlənməsi bu ekosistemi tamamlayır, eləcə də çirkab suları təmizlənərək təhlükəsiz şəkildə sistemin özünə qaytarılır. Bu baxımdan, su ehtiyatlarından səmərəli istifadə edilməsi, suyun istifadəsində qənaətli texnologiyaların tətbiqi, su itkilərinin azaldılması, istifadə edilən suyun qiyməti və digər məsələlər ölkənin dayanıqlı su təminatı baxımından böyük əhəmiyyət kəsb edir və dövlətin əsas prioritetlərindən biri olmalıdır.
Yer kürəsindəki su ehtiyatlarının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir. Şirin suyun da 96 faizi bərk haldadır. Maye vəziyyətində olan su ümumi şirin su həcminin təxminən 0,8-1 faizini təşkil edir. Son 50 ildə isə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Təxminən 2030-cu ilə qədər Çinin şimalında və Hindistanın cənub-şərqindəki əsas su təbəqəsi quruyacaq. Ümumdünya Ərzaq Təşkilatının hesablamalarına görə, son 100 il ərzində içməli suya olan tələbat əhalinin artım tempinə nəzərən iki dəfə artıb. Hazırda 1,1 milyard insan təmiz içməli su əldə etmək imkanından məhrumdur, 2 milyard insan hər gün su çatışmazlığı problemi ilə üz-üzədir.
YUNESKO-nun yaydığı məlumata əsasən, 2030-cu ildə planetimizin əhalisinin 47 faizi su çatışmazlığı ilə üz-üzə qalacaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, planet əhalisinin 20 faizi çirkli sudan istifadə edir. Sudan qaynaqlanan xəstəliklərdən hər 8 saniyədə 1, bir saatda 450, bir gündə 10 min 800, bir ildə 3 milyon 888 min uşaq həyatını itirir. Yuxarıda qeyd etdiklərimiz bu gün dünyadakı vəziyyəti təsəvvür etmək üçün kifayət edir.
Azərbaycanı su resursları ilə orta dərəcədə təmin olunmuş ölkə hesab edə bilərik. Cənubi Qafqazda şirin su resurslarının cəmi 10%-i bizim payımıza düşur. Bunun təqribən 60%-i Gürcüstanın, 30%-i Ermənistanın payındadır. Şirin su resurslarımızın ümumi həcmi təqribən 30-32 milyard kub metr təşkil edir ki, bu ehtiyatlarımızın təxminən 25%-i Qarabağ bölgəsindədir. Yəni, Qarabağ bölgəsi su ehtiyatları ilə daha zəngindir.
Bu suyun cəmi 12 milyard kub metrindən istifadə olunur. Qalan su ya çaylar vasitəsilə Xəzərə axır, ya da göllərdə, yeraltı qatlarda (artezan sular) və digər mənbələrdə toplanır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bu da İran və Ermənistan tərəfindən çirkləndirilir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil. Respublikamızda istifadə olunan suyun 9 milyard kub metri, yəni 75%-i kənd təsərrüfatının ehtiyaclarının ödənilməsinə sərf olunur. Qalan 3 milyard kub metr isə əhalinin və sənayenin ehtiyaclarını ödəyir.
Respublikamızda suvarılan əkin sahələrinin ümumi sahəsi 1,42 mln.ha təşkil edir ki, bunun 90-95% selləmə suvarma vasitəsilə həyata keçirilir. Kənd təsərrüfatı şirin suyun ən böyük israfçısıdır. Dünyanın qabaqcıl ölkələri müasir suvarma texnologiyalarından istifadə edir. Məşələn çiləmə üsulundan istifadə olunduqda suya 3-4 dəfə , bəzən daha artıq qənaət olunur. Başqa bir misal, sudan təkrar istifadənin təşkil olunması vacibdir. Bu sahədə İsrail Respublikasının təcrübəsini öyrənməyimiz bizə çox faydalı ola bilər, belə ki, İsrail tullantı sularının emalı və təkrar istifadəsi sahəsində dünyada ən qabaqcıl yerlərdən birini tutur və kənd təsərrüfatında istifadə olunan suyun 35%-ini təşkil edir.
Belə bir vəziyyətdə mövcud su ehtiyatlarından səmərəli istifadə, bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir.
Son vaxtlar bu sahədə daha böyük həcmli işlər görülüb. 2020- ci iı iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə dedi: “Necə ki, enerji təhlükəsizliyi məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi məsələləri həll olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi məsələləri də öz həllini tapmalıdır…
Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”.
Bu gün əhali və iqtisadiyyatımızı şirin su ilə təmin edilməsi ən vacib problemlərdəndir. Bu problemin aradan qaldırılmasına kömək və dəstək göstərmək hər bir Azərbaycan vətəndaşının borcu olmalıdır.