Sülh sazişinə “sərhəddə xarici qoşun əngəli”
Rəsmi İrəvan təhlükəli oyunlarından əl çəkmir - Prezidentin xəbərdarlığı; siyasi şərhçi: “Paşinyan sülhdən danışsa da, Azərbaycanın təkliflərini qəbul etmir və...”
Məlum olduğu kimi, Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib. Amma hələ Ermənistandan bir cavab yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişinin əsas şərti kimi Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı Azərbaycanın tələbini qəti şəkildə rədd edib.
Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığını iddia edib. Paşinyanın bu mövqeyi sülh müqaviləsinin bağlanması, həm də iki ölkə arasında sərhədin demarkasiyası prosesində irəliləyiş olacağı ilə bağlı şübhələr yaradır. Dalana dirənmiş bu vəziyyətdə təbii olaraq ortaya sual çıxır: bu qeyri-müəyyən vəziyyət hələ nə qədər davam edə bilər?
Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyovun “elə görünürdü ki, sülh sazişi tezliklə bağlanacaq. Bəs niyə bağlanmır” sualına cavab verib. “Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Ona görə də, zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb”. Yeri gəlmişkən, bundan əvvəl Ermənistan sülh sazişi ilə bağlı detalları açıqlasa da, Azərbaycan dövləti ilk dəfə ən yüksək səviyyədə gedişatla bağlı detallı açıqlama ilə çıxış edib.
Dövlət başçısı daha sonra bunları deyib: “Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə, obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk Qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk Qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.
Son zamanlar Avropa İttifaqının casus şəbəkəsinin şərti sərhədlər istiqamətində aktivləşməsi, həmçinin Qərbdən İrəvana səfər edən rəsmilərin, o cümlədən İrəvandakı səfirlərin bu bölgədə tez-tez görünmələri məkrli siyasətdən xəbər verir. Rəsmi Bakı birmənalı xəbərdarlıq edib. Hesab olunur ki, Aİ missiyası bölgədən çıxarılmalıdır, Prezidentin Belçika səfirinə kifayət qədər açıq mətnlə xəbərdarlığı da olub. Amma Ermənistan fevral ayında müddəti başa çatacaq Aİ missiyasını saxlamağa, həmçinin kontingentin sayını artırmağa çalışır. Bu da gərginliyi artırır. Son günlər Rusiyadan da Qərbin gərginliyi tətikləməklə bağlı xəbərdarlıq etməsi diqqət çəkir. Heç şübhəsiz Qərb paytaxtları Aİ-nin missiyasını yerləşdirməklə həm də Rusiyanın maraqlarını təhdid edir. Amma indiki durumda bizi ən çox narahat edən Azərbaycana qarşı planlardır".
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan sülh sazişi ilə bağlı heç bir problem yaratmır: “Cənab Prezidentin də qeyd etdiyi kimi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə dair razılaşdırılmayan çox az məsələ qalıb. Qarşılıqlı iddia məsələsinə gəldikdə, Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar zərər vurub. Lakin sülh naminə biz bu iddiaları kənara qoyuruq. Əgər məsələ sülhdürsə, burada revanşizmdən söhbət gedə bilməz. Prosesi tamamlamaq üçün biri-birimizə qarşı anlayışlı olmalıyıq. Bu gün bizim üçün önəmli olan suverenliyimizə xələl gətirəcək daha önəmli məsələləri həll etməkdir. Yəni Qarabağın Ermənistan Konstitusiyasındakı mövcud statusu birmənalı olaraq həllini tapmalıdır”.
A.Nağıyev əlavə etdi ki, hazırda xarici qüvvələrin müdaxiləsi sülh prosesinə kölgə salır: “Ermənistanla Azərbaycan sərhədinə müşahidəçi adı altında vizual kəşfiyyatçıların, dolayısı ilə NATO infrastrukturunun, hücum silahlarının yerləşdirilməsi prosesi mürəkkəbləşdirir. Ermənistan Fransa, Hindistan, Yunanıstan kimi havadar dövlətlərdən gələn militarist dəstəklə müdafiə sistemini gücləndirir. Bu da düşünməyə zəmin yaradır ki, Ermənistan müharibəni dayandırmaqla, sadəcə, zaman qazanmaq niyyətində imiş. Digər bir məsələ ATƏT-in Minsk Qrupunun missiyası ilə əlaqədardır. ATƏT-in Minsk Qrupu Qarabağ məsələsi üçün yaradılmışdır. Bu gün artıq Qarabağ deyə bir problem olmadığına görə təbii olaraq bu qrupun varlığına da ehtiyac yoxdur. Lakin qarşı tərəf bununla razılaşmır”. Millət vəkili qeyd etdi ki, Qərbin Cənubi Qafqazdakı disbalanslı performansı, Ermənistanın silahlandırılması Azərbaycan və region üçün gələcəyə yönəlik potensial təhlükədir: “Məsələnin necə yekunlaşacağını isə Ermənistanın atacağı addımlar müəyyənləşdirəcək. Burada ABŞ-da administrasiya dəyişikliyi, Tramp hakimiyyətinin Ermənistanı nə dərəcədə dəstəkləyəcəyi də önəmlidir. Hər bir halda, Azərbaycan müstəqil siyasət yürüdən aktordur və heç bir xarici qüvvədən asılı deyil”.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə də əminliklə bildirdi ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlı deyil: “Məhz cənab Prezident İlham Əliyev bununla bağlı arqumentləri ortaya qoydu. Birinci, konstitusiyanın əsaslandığı müstəqillik bəyannaməsindən Azərbaycana qarşı ərazi iddiaları - Qarabağın "Ermənistan ərazisinə aid olduğu" barədə bənd çıxarılmalıdır. İkinci, Ermənistan Minsk Qrupunun buraxılmasına getməlidir. Üçüncü, Avropa İttifaqının yarımhərbi, mülki missiyasının sərhəddən geri çəkilməsinə qərar verilməlidir. Dördüncü, qarşılıqlı olaraq beynəlxalq məhkəmədə iddialardan geri çəkilməkdir. Ermənistan bunların heç birinə əməl etmir. Bir tərəfdən də Fransa və Hindistan tərəfindən hücum silahları ilə silahlanır. Göründüyü kimi, dildə sülh, realda isə müharibə hazırlığı aparır. Ona görə də Ermənistanın hazırkı siyasəti sülhdən uzaqlaşmaq və revanşizm siyasətini davam etdirməkdir". M.Əsədullazadə qeyd etdi ki, N.Paşinyan sülhdən danışsa da, Azərbaycanın təkliflərini qəbul etmir və Fransanın təlimatı ilə hərəkət edir: “Göründüyü kimi, Ermənistan rəhbərliyi sülhdə maraqlı deyil. Əgər hazırkı siyasət davam edərsə, eskalasiya mümkün görünür. Burada əsas məsuliyyət Ermənistan tərəfinin üzərindədir. Odur ki, rəsmi İrəvanın sülh müqaviləsini uzatmaq və əlavə şərtlərlə çıxış etmək, hərbi təhdidlərə əl atmaq kimi planlarını istisna etmirəm”.