Azərbaycan xarici siyasətinin prioritet istiqaməti
Qloballaşan dünyada milli kimliyin qorunması, tarixi köklərə bağlılıq xalqların mövcudluğu baxımından strateji əhəmiyyət daşıyır. Yeni dünya düzənində türk birliyi, türkdilli dövlətlərin yaxınlaşması və əməkdaşlığı təhlükəsizliyin təmin edilməsi baxımından da önəmlidir. Türk Dövlətləri Təşkilatı bu tarixi missiyanın təmin olunması baxımından olduqca funksional təsir bağışlayır. Bildiyimiz kimi cari ilin iyul ayının 6-da Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir.
Ortaq tarix, ortaq dil və ortaq mədəniyyət kimi 3 əsas sütun üzərində qurulmuş Türk Dövlətləri Təşkilatı ilk yarandığı zaman 4 üzv ölkəsi Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda bu gün artıq təşkilatda 5 üzv və 3 müşahidəçi türk dövləti var. Xüsusi olaraq qeyd etməliyik ki, son illərdə Türk Dövlətləri Təşkilatı güc mərkəzinə çevrilməkdədir. Şuşa şəhərində keçirilmiş son Zirvə görüşü 200 milyona yaxın insanı əhatə edən böyük bir coğrafiya üçün əhəmiyyətli hadisədir. Dünyanın geosiyasi vəziyyətində dünyada mövcud olan türk dövlətlərinin vahid təşkilatda birləşməsi olduqca vacibdir. Bu təşkilat bütün türk dövlətlərinin bir-birinə yaxınlaşmasını və birliyini təmsil edir.
Qeyd etməliyik ki, Şuşada keçirilmiş möhtəşəm tədbir eyni zamanda Türk dünyasının birliyinə mühüm töhfə vermiş oldu. Eyni zamanda belə bir möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandır!” reallığının nümayişi oldu. Xüsusi olaraq vurğulamalıyıq ki, keçirilmiş bütün görüşlər türk dövlətlərinin müəyyən sahələrdə birgə addım atmalarını təmin etməklə əlaqələrin daha da möhkəmlənməsinə əlavə stimul verir. Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əhəmiyyətindən, son dövrlərdə qarşılıqlı əməkdaşlığın inkişafından bəhs etdi. Cənab Prezident çıxışında qeyd etdi ki, “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir”. Bu baxımdan ölkəmiz ilə türk dövlətləri arasında bütün sahələri əhatə edən qarşılıqlı münasibətlərimiz dinamik şəkildə inkişaf edir. Xüsusilə iqtisadi münasibətlərimiz dövlətlərimizin milli mənafelərinə uyğun olaraq dərinləşməkdədir. Qeyd etməliyik ki, münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.
Şuşada keçirilən Zirvə görüşünün digər mühüm məqamlarından biri isə dövlət başçıları tərəfindən “Qarabağ Bəyannaməsi”nin imzalanması oldu. Xüsusi qeyd etməliyik ki, “Qarabağ Bəyannamısi” Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir. Azərbaycanın son illərdə xarici siyasətdə atdığı uğurlu addımlar və ölkəmizin əldə etdiyi nailliyyətlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırmış və Azərbaycan regionda söz sahibi ölkələrdən birinə çevrilmişdir. Xarici siyasətimizin əsasını dünya və region ölkələri ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq təşkil edir.
Bu baxımdan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə əməkdaşlıq xarici siyasətimizin əsas istiqamətlərindən birini təşkil etməkdədir. Bu münasibətlərdə diqqətçəkən məqam həm də odur ki, türkdilli ölkələrin qarşılıqlı fəaliyyətində bütün tərəflərin mənafeləri nəzərə alınır, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq məsələsi hər zaman önə çəkilməkdədir. İnanırıq ki, yüksələn xətlə inkişaf edən bu münasibətlər Azərbaycan xalqı ilə yanaşı bütün türk xalqlarının rifahının yüksəldilməsinə xidmət etməklə regionumuzda sülh və sabitliyin davamlı olmasına təkan verəcəkdir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri