Beynəlxalq riyakarlıq
Fevralın 1-də Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul etmişdir. Görüş zamanı mötəbər qonaq ölkəmizin uğurlarını qeyd etmiş, o cümlədən Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırması Qərbin son vaxtlar yaşanan məlum gərginliklərə rəğmən, ölkəmizlə əməkdaşlığın davam etdirilməsinin vacibliyini düzgün qiymətləndirdiyini deməyə əsas verir. Azərbaycan isə, hər zaman sülhün və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub. Bu vacib məqam Prezident İlham Əliyevin qəbul zamanı etdiyi çıxışında bir daha aydın şəkildə öz əksini tapıb”.
Ölkə başçısı bildirdi ki, ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. ATƏT-in Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı.
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Antiterror tədbirləri qaçılmaz idi, deyə qeyd edən ölkə başçısı ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zərbə vurduğunu bildirdi.
Daha sonra partiya fəalı dövlət başçısının Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması xüsusunda səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Cənab Prezident İlham Əliyev bu məqamı da qonağın diqqətinə çatdırdı ki, Azərbaycan ilə Ermənistan sərhəddində artıq uzun müddətdir ki, sülh şəraitinin hökm sürməsi iki ölkə arasında sülh sazişinin imzalanmasının əslində elə bir çətin məsələ olmadığını deməyə əsas verir. Sadəcə bunun üçün bəzi xarici qüvvələrin prosesə müdaxiləsinin qarşısı alınmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Möhtərəm dövlət başçımız qeyd etdi ki, dayanıqlı sülhə nail olunması üçün Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində müəyyən dəyişikliklər dəyişikliklər edilməlidir. Çünki bu ölkənin müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistanın Konstitusiyasında da öz əksini tapıb. Bu baxımdan Cənab Prezident İlham Əliyev hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanmasını müsbət addım kimi qiymətləndirib”.
Qəbul zamanı Prezident İlham Əliyev onu da vurğuladı ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.
Prezident İlham Əliyev ölkəmizin üzləşdiyi daha bir riyakarlıq faktına da diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Ölkə başçısı bəyan etdi ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri