Sizin Reklam Burada

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdırRəsmi Bakı Fransanın Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsini, sülhə mane olmasını, AŞPA-nın və Avropa parlamentlərinin Azərbaycana münasibətdə nümayiş etdirdikləri beynəlxalq riyakarlığı ifşa etməyə, eləcə də Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar edilməsinin gələcək sülh üçün ciddi təhdidlər yaratdığını dünya ictimaiyyətinin diqqətinə çatdırmağa davam edir. Prezident İlham Əliyevin ötən gün Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən çıxışında səsləndirdiyi fikirlər də məhz bu məqsədlərə xidmət edir.

Dövlətimizin başçısı çıxışında Azərbaycanla Ermənistan arasında mümkün sülhün baş tutmasına mane olan səbəbləri göstərdi. O, ilk növbədə yaxın tarixə ekskurs edərək artıq mövcudluğunu dayandırmış Minsk Qrupunun 28 il ərzində münaqişənin həlli istiqamətində heç bir real addım atmadığını, keçmiş həmsədrlərin Ermənistana qətiyyən təzyiq göstərmədiklərini və işğalçı ölkəyə müvafiq sanksiyalar tətbiq etməkdən yayındıqlarını M.Çunqonqun diqqətinə çatdırdı. Həmsədrlərin fəaliyyətsizliyinin nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Bir sözlə, BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum qətnamələrinin icrası 28 il ərzində süni şəkildə yubadıldı. Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində beynəlxalq hüququ özü təmin etməli oldu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, separatizmə son qoydu. Lakin prosesi hələ tam başa çatmış hesab etmək olmaz. Çünki Azərbaycan ilə Ermənistan arasında de-fakto sülh mövcud olsa da, hüquqi-siyasi müstəvidə qalıcı sülh bərqərar olmayıb və yekun sülh sazişi imzalanmayıb. Bunun da konkret səbəbləri və günahkarları var.

Azərbaycan Prezidenti Parlamentlərarası İttifaqın Baş Katibi M.Çunqonq ilə söhbəti zamanı həmin səbəblər barədə ətraflı danışdı və sülhə mane olan günahkarların ünvanlarını göstərdi. Qeyd olundu ki, 44 günlük müharibə başa çatandan sonra Azərbaycan qalib ölkə statusuna sahiblənməsinə baxmayaraq regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edərək Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma təəssüflər olsun ki, Ermənistan tərəfindən buna adekvat reaksiya verilməyib. Ötən 3 il ərzində Ermənistan rəhbərliyinin həm özünün ziddiyyətli və bəzən də revanşist siyasət yürütməsi, həm də Ermənistana havadarlıq edən qlobal aktorların regionda mövqelərini möhkəmləndirmək məqsədilə çirkin geosiyasi oyunlara rəvac verməsi sülh prosesinin uzanmasına səbəb olur.

Lakin Azərbaycan sülhün bərqərar olması istiqamətində səylərini məntiqi ardıcıllıqla davam etdirib. Azərbaycanın sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürməsi və sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı rolunda çıxış etməsi də bunu təsdiqləyir. Azərbaycanın sülh təşəbbüsləri rəsmi İrəvanı sülh prosesinə fəal şəkildə qoşulmağa məcbur edir. Yəni ki, sülh prosesinin əsas hərəkətverici qüvvəsi rolunda çıxış edən tərəf məhz bizik. Sülh şərtlərini diktə edən tərəf də Azərbaycandır. Azərbaycan həm sülh təşəbbüskarı, həm də sülhün zəmanətçisi kimi çıxış edir. Ona görə də hazırda Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür.

Ancaq Prezident İlham Əliyevin də vurğuladığı kimi bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Lakin Ermənistan tərəfi indiki məqamda buna hazır deyil. Bunun üçün Paşinyan iqtidarı ilk növbədə öz sələflərinin Ermənistanı qonşularına qarşı aqressiv, təcavüzkar siyasət yürütməyə, ərazi iddiaları ilə çıxış etməyə təhrik edən siyasi mirasını ortadan qaldırmalı, davakar müstəqillik bəyannaməsindən imtina etməli və konstitusiyanı dəyişməlidir. Çünki Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Bütün bunlar isə təbii ki, gələcəkdə sülh və sabitliyə real təhdid yarada biləcək amillərdir. Bu amillər aradan qaldırılmadan iki ölkə arasında etibarlı sülhün bərqərar olmasından danışmaq mümkün deyil.

Azərbaycan Prezidenti də məhz bu amilləri nəzərdə tutaraq İrəvanın diqqətinə çatdırıb ki, yalnız Ermənistan konstitusiyasında və digər normativ-hüquqi sənədlərində müvafiq dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Qeyd etməliyik ki, İlham Əliyevin İrəvana mesajı artıq müsbət nəticəsini verməkdədir. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələr, siyasi opponentlər arasında qızğın debatlar başlayıb. Başqa sözlə desək, hazırda Ermənistanın gündəmini Azərbaycan Prezidenti diktə edir. Və Nikol Paşinyanın da son açıqlamalarından görünən budur ki, artıq Ermənistan rəhbərliyi də sözügedən müstəqillik bəyanaməsinin və konstitusiyanın sülhə mane olduğunu ciddən anlamağa başlayıb. İrəvan başa düşüb ki, Azərbaycan Ermənistanın yeni konstitusiya qəbul etməyəcəyi təqdirdə sülh sazişini imzalamayacaq. Bu, bizim qəti mövqeyimizdir. Və İlham Əliyev Azərbaycanın bu qəti mövqeyini Parlamentlərarası İttifaqın Baş Katibi ilə söhbəti əsnasında bir daha Ermənistan rəhbərliyinin diqqətinə çatdırdı. Paşinyan da, ona havadarlıq edən güclər də bilməlidir ki, sülhə gedən yol Ermənistanın Azərbaycan ərazilərinə olan iddialarından konstitusiya səviyyəsində imtina etməsindən keçir. Əks təqdirdə, sülh müqaviləsi adi kağız parçasına çevriləcək.

Öz növbəsində Ermənistana havadarlıq edən aktorlar da bu ölkəni silahlandırmaq və onu revanşa hazırlamaq, regionda vəziyyəti gərginləşdirmək siyasətindən artıq əl çəkməlidir. Söhbət xüsusən də Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdən Fransadan gedir. Azərbaycan Prezidenti Parlamentlərarası İttifaqın Baş Katibi ilə söhbətində açıq şəkildə vurğuladı ki, rəsmi Paris regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransanın bəzi ölkələrlə işbirliyi əsasında Ermənistanı silahlandırmaq xəttini tutması da məhz sözügedən siyasətin təzahürüdür. Makron Fransası Ermənistandan Azərbaycana qarşı maşa kimi istifadə edir.

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və ayrı-ayrı Avropa ölkələrinin parlamentləri də odun üstünə benzin tökən, iki ölkə arasında sülh prosesini dolayısı yolla əngəlləyən qüvvələr sırasında yer alır. Dövlətimizin başçısı məhz bu amili nəzərdə tutaraq Parlamentlərarası İttifaqın Baş Katibinin diqqətinə çatdırdı ki, Azərbaycan beynəlxalq riyakarlıqla üzləşir. AŞ PA-nın addımları sülhə və dialoqa xidmət etmir. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında təsdiq edilməməsi bir tərəfdən beynəlxalq riyakarlığın əyani təzahürüdür, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında sülh prosesinə birbaşa zərbə vurur. İlham Əliyev haqlı olaraq qeyd etdi ki, bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Bəli, nə qədər qəribə görünsə də, dünyanın nüfuzlu parlament strukturlarından biri olan AŞ PA özü parlamentarizm ənənələrini pozur.

Ona görə də dövlət başçımızın Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa olunması tələbi ilə çıxış etməsi tamamilə qanuna uyğundur. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Bu da rəsmi Bakının prinsipial mövqeyidir və bununla da açıq mesaj verildi ki, Avropa Şurası Azərbaycan üçün vazkeçilməz qurum deyil. Ümid edək ki, Avropa Şurası İlham Əliyevin mesajını düzgün dəyərləndirəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər