Azərbaycan tarixi ədalətə əsaslanan sülhə hər zaman hazırdır
Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzu getdikcə artır. Bu gün bütün dünyanın gözü önündə güclü Azərbaycan adlı dövlət formalaşıb. Bu səbəbdən də, son illər ərzində Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Diplomatik əlaqələr tarixi boyunca İraq Respublikasının Prezidentinin Azərbaycana ilk rəsmi səfəri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir.
Qeyd etmək lazımdır ki, hələ 1992-ci ildə İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 31 il əvvəl İraqın Bakı şəhərindəki diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmış, artıq 7 ildir ki, Bağdad şəhərində də Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. 2011-ci ildən Azərbaycan Respublikası Höküməti və İraq Respublikası Höküməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaranmış və bu günədək həmin Komissiya sıx əməkdaşlıq edir.
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilb, Azərbaycan və İraq arasında bir sıra sənədlər imzalandıqdan sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Öz çıxışında Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana ilk səfərini tarixi səfər adlandırıb, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhvə verəcək və əməkdaşlığımıza yeni səhifə açacağına əminliyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulandan hər iki dövlət müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Hər kəs bilir ki, Azərbaycan və İraq Birləşmiş Millətlər Təşkilatında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edərək, bir-birinə müxtəlf sahələrdə dəstək göstərir.
Görüş zamanı iki dövlət arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı ticarətin artırılmas, enerji sahəsində əməkdaşlıq məsələləri geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, müdafiə sənayəsi və turizm sahələrində əməkdaşlıq imkanlarının genişlənməsinə də böyük diqqət yetirilib.
Ümumilikdə, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”, eləcə də “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanmışdır.
Görüşün ən yadda qalan və qürur verici məqamı isə Prezident İlham Əliyevin bir daha uzaqgörən siyasətçi, müasir lider olaraq atdığı hər bir addımın düşünülmüş və əvvəlcədən hesablanmış olduğunu bir daha sübut etməsi oldu. Bu faktın bariz nümunəsi Prezident İlham Əliyevin İraq Prezidenti Əbdüllətif Camal Rəşidin yaxın zamanda Ermənistana səfər edəcəyini qeyd edərək, Azərbaycan və Ermənistan arasında münaqişənin tarixi və hazırkı vəziyyət ilə bağlı həqiqəti əks etdirən geniş məlumat verməsi oldu.
İraq Prezidenti Əbdüllətif Camal Rəşidin nəzərinə çatdırıldı ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı və bu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı, faktiki olaraq qanlı etnik təmizləmə siyasəti həyata keçirilməsi və bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi. ATƏT-in Minsk qrupunun və digər müxtəlif beynəlxalq təşkilatların vasitəçilik səylərinə baxmayaraq, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən ordusunu çıxartmaqdan imtina etdi.
Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahli qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuşdur. Ermənistan Respublikasının törətdiyi növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbiçilər arasında ölən və yaralanlar olduğu üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanmışdır. Bununla da, artıq tarixi ədalətsizliklə barışa bilməyən Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə verilmiş qanuni imkandan istifadə edərək, işğaldan azad etdi. Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Bayrağı dalğalanır.
Bütün bunlara baxmayaraq, Qərbin və Avropanın bir neçə ölkələrinin, xüsusilə də Fransanın qüvvədə olan beynəlxalq qanunvericiliyə zidd hərəkətləri nəticəsində Azərbaycan və Ermənistan arasında yenidən münaqişə yaranmasının ehtimalı yaranır. Hal-hazırda Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır, Ermənistan isə Fransa hökumətinin marionetinə çevrilib və bu fakt regional sabitliyə ciddi təhlükə ola bilər.
Fransa hökumətindən gələn məqsədyönlü və yalnış mesajlar Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşündürür. Hətta onlarda Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə və yenidən torpaqlarımıza yeyələnmək kimi illüziya yaradır. Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən, xüsusilə də qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır.
Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Bütün dünya bilir ki, Azərbaycan sülhə hazırdır. Lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan, sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə.
Turan Cəfərova
Xətai rayon İcra Hakimiyyəti- baş məsləhətçi