Əliyev təkcə 8 kəndi yox, o əraziləri də alacaq - Keryan
Ermənistanın əsas müttəfiqi olan Rusiyanın hazırda Azərbaycanla daha çox əməkdaşlıq etməsi və KTMT-nin də fəaliyyətsiz olması səbəbindən yeni müharibə təhlükəsi ehtimalı artır.
Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına politoloq Qarik Keryan deyib.
O iddia edib ki, indiki şəraitdə Azərbaycan üçün müxtəlif ölkələrin paytaxtlarına səfər etməkdənsə, məqsədinə hərbi yolla nail olmaq daha sərfəlidir:
“Yaxın Şərq və Ukrayna böhranları Ermənistan-Azərbaycan münaqişəsini arxa plana keçirib və İlham Əliyev bunu həm anklavları, həm də onlara bitişik əraziləri götürmək üçün fürsət kimi baxır. Əks halda Azərbaycana anklavları alacağı halda onlara çıxış yalnız Ermənistan ərazisi ilə mümkün olacaq. Lakin buna danışıqlar yolu ilə nail olmaq mümkün deyil, çünki bunu heç kim sənədlərlə qəbul etməyəcək, ona görə də Bakı hərbi əməliyyatlara əl ata bilər”
Keryan əlavə edib ki, gündəmdə daha üç məsələ qalıb: anklavlar, delimitasiya və demarkasiya, həmçinin Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılması:
“Əvvəllər Azərbaycan anklavları yada salmırdı, Azərbaycanın ərazi bütövlüyünün - o cümlədən Qarabağ da daxil olmaqla – tanınmasını tələb edirdi. Ermənistan bütün bu tələbləri yerinə yetirib.
İndi anklavlar növbəsi gəlib. Paşinyan bəyan edib ki, bu anklavlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir. Söhbət Tavuş bölgəsindəki yeddi kənddən və Vedi bölgəsindəki Kərki kəndindən gedir. Azərbaycan bu kəndləri alana qədər Bakı nəinki sülh müqaviləsi imzalamayacaq, həm də delimitasiya və demarkasiyaya razı olmayacaq”.
O qeyd edib ki, Qərb Qarabağ ermənilərinin “etnik təmizləməsi”nə göz yumub, lakin bu anklavlara da toxunaraq, intensiv olaraq ərazi bütövlüyü prinsipi əsasında sülh müqaviləsinin imzalanmasına çağırır:
“Azərbaycanın nəzarətində olan Başkəndin yuxarıda qeyd olunan səkkiz kəndlə dəyişdirilməsi Zəngəzur və Gürcüstana gedən yollara nəzarəti zəiflədəcək (bu yollara nəzarət Azərbaycana keçəcək – red.).
Keryanın iddiasına görə, “çevik danışıqlar aparmaq” və 8 kəndin Ermənistanda qalmasını, Başkəndin isə Azərbaycana verilməsini təmin etmək olar:
“Ancaq anklavlar haqda yalnız Azərbaycan danışır və əminəm ki, Bakı Başkəndlə bağlı müzakirədən imtina edəcək”.