"Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir"
Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün geniş imkanlar yaradır. Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan xarici siyasətində əməkdaşlığa xüsusi önəm verir. Daim bu əlaqələrin yeni sahələr üzrə inkişafı istiqamətində böyük səylər göstərir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, son 30 il ərzində Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən də, mədəniyyət, humanitar, elm və digər sahələrdə öz milli maraqlarını rəhbər tutaraq uğurlu əməkdaşlıq həyata keçirib. Cari ilin 13 oktyabr tarixində Qırğızıstanın ev sahibliyi ilə Bişkekdə təşkil olunan MDB Dövlət Başçıları Şurasının iclası bir daha keçən müddətdə üzv dövlətlərin nə qədər böyük işlər gördüyünü və bunun davamlı olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin həmin iclasdakı çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti də daxil olmaqla, istəyimizi və gələcəyə baxışımızı özündə əks etdirdi.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrin hər birində ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı dövlətlər arasında dialoq müstəvisi kimi önəmini diqqətdə saxlayır. Dövlət başçımız qeyd etmişdir ki, son həftələrdə baş verən hadisələr mətbuatda, ilk növbədə, Qərb mediasında birtərəfli, qərəzli və nə məsələnin tarixini, nə də, bugünkü reallıqları tamamilə əks etdirmədən təqdim olunur. Ona görə də Prezident İlham Əliyev iclas iştirakçılarının nəzərinə məsələnin əsl mahiyyəti ilə bağlı faktları çatdırmışdır: “Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xan Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Müqavilədə erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur; “ Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən, İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki –1813-cü ildə “Gülüstan sülh müqaviləsi” və 1828-ci ildə “Türkmənçay müqaviləsi” olub”.
Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. XIX əsrdə erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq, sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi. Azərbaycan ərazisinin təxminən 20 faizi – həm, Qarabağ bölgəsi, həm də,həmin bölgəyə heç bir aidiyyəti olmayan yeddi rayon işğal edilmişdir. Etnik təmizləmə həyata keçirildi, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovuldu və 2020-ci ilin payızına qədər vəziyyət belə olaraq qaldı. Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışsa da, rəsmi İrəvanın təxribatçı siyasəti müharibəni qaçılmaz etdi.
K.Bayramov əlavə edib ki, dövlət başçımız, eyni zamanda bildirmişdir ki, azərbaycanlılar öz torpaqlarında, hətta, müharibədən sonra həlak olmağa davam ediblər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanmışlar.
Təəssüf ki, onların sayı hər həftə artır. Həm də, Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bağlı Ermənistana edilən çoxsaylı çağırışlar qəribə reaksiyaya səbəb olub. Ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Ancaq, təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki, bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi deyə ölkə başçımız bildirdi.
Azərbaycan Prezidenti 19 sentyabr tarixli antiterror tədbirlərinin səbəbi haqqında bildirdi ki, “Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı”. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.
Deputat əlavə edib ki, yekun olaraq cənab Prezident qeyd etdi ki, “Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır. Sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər.
Deputat xüsusi olaraq qeyd edib ki, ölkədə reinteqrasiya prosesi intensiv şəkildə davam edir. Azərbaycan, həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də, antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər.