Azərbaycan xalqı əlamətdar və tarixi dövrü yaşayır
Oktyabrın 10-da Şuşada Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. Ölkə Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunda da qeyd olunmuşdur ki, İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.”
Qarabağ torpaqlarımızın işğaldan azad edilməsindən sonra Şuşa şəhərinin statusunun bu qədər yüksəldilməsi olduqca önəmlidir.
Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir.
Bu gün biz Şuşanı beynəlxalq aləmdə hər kəsə tanıtmaqla, onun Azərbaycanın mədəniyyət beşiyi olduğunu hər kəsə sübut etməklə, Şuşa və Qarabağ haqqındakı erməni miflərinin üstündən qara xətt çəkmiş oluruq. Şuşada keçirilən bütün səviyyələrdən olan tədbirlərin olduqca böyük siyasi əhəmiyyəti var.
Bu gün ətraf mühitin çirkləndirilməsi, atmosferin həddindən artıq karbonlaşması kimi problemlər bütün bəşəriyyəti təhdid edən qlobal təhlükələrə yol açmışdır. Məhz bu problemlərin həlli yollarının daha effektiv şəkildə tədqiq edilməsi məqsədilə də dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsası kimi müəyyən edilib. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir ki, bu da Azərbaycanın İƏT-də sədrlik mövzusu ilə həmahənglik təşkil edir. Təbii ki, Azərbaycan bütün dost və tərəfdaş ölkələrə ən müxtəlif sahələrdə əməkdaşlıq üçün hər zaman açıqdır. Etibarlı tranzit ölkə kimi, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bütün İƏT ölkələri üçün açıqdır.
Möhtərəm dövlət başçımızın müraciətində də qeyd olunmuşdur ki, Azərbaycan Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.”
İqtisadi Əməkdaşlıq Təşkilatı regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə və üzv ölkələr arasında ticarət əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycanın bu imkanlardan qarşılıqlı şəkildə faydalanmaq üçün platformanın işinə verdiyi töhfələr onun fəal üzv kimi fəallığını daha da artırmış olur.
İƏT Nazirlər Şurasının 27-ci iclası üzv dövlətlərin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni və faydalı əməkaşlıq xarakterli müzakirələr aparmaq və fəaliyyəti əlaqələndirmək üçün səmərəli platformadır. Açıq və səmərəli dialoq üçün beynəlxalq platforma olan İƏT-in inkiaşfı üçün bütün üzv ölkələrin imkanlarını birləşdirməsi zəruridir. Bu əlamətdar hadisədir və birmənalı olaraq Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir.
Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti