Azərbaycanın BMT TŞ-da əldə etdiyi 5 mühüm nəticə
Bildiyimiz kimi, avqustun 16-da BMT Təhlükəsizlik Şurası İrəvanın təklifi ilə Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirdi.
Ermənistanın xarici işlər naziri Ararat Mirozyan iclasda şəxsən iştirak etsə və bütün artistlik, böhtan atmaq bacarığını ortaya qoysa da, bu, ölkə nəinki gözlədiyini əldə edə bilmədi, əksinə, sözün əsl mənasında diplomatik fiaskoya uğradı, ən vacibi isə “humanitar fəlakət”, ”soyqırımı” və ”etnik təmizləmə” kimi uydurduğu yalanlar dünyanın ən mötəbər qurumunda tam olaraq ifşa edildi.
Başqa sözlə desək, Ermənistan bu müzakirələrdən heç bir siyasi divident qazana bilmədi. Təcili çağırdığı iclasda Ermənistan üçün ən təsəlliverici hal o oldu ki, bir sıra çıxışçılar Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü ildə Laçın yolu ilə bağlı verdiyi qərara əməl etməyin, yəni, Azərbaycanın əlində olan imkanlardan istifadə edərək Laçın yolunun maneəsiz və təhlükəsiz şəkildə humanitar məqsədlərlə istifadə olunmasını təmin etməyinin vacibliyini qeyd etdilər. Bu da yeni bir məsələ deyil və Azərbaycan cari ilin 23 aprelində Laçın yolunda quraşdırdığı sərhəd-buraxılış məntəsəsi ilə bu yoldan maneəsiz və təhlükəsiz keçidi təmin etmişdi (o başqa məsələ ki, Ermənistanın məlum hərbi təxribatı nəticəsində yolun iş rejimində müəyyən dəyişikliyin yaranması zərurəti meydana gəldi).
Ancaq Azərbaycan həm daxildə, həm də BMT çərçivəsində çevik və uğurlu diplomatik və siyasi həmlələr edərək Təhlükəsizlik Şurasında (TŞ) Ermənistanın təşəbbüsü ilə keçirilən iclasın gedişini və nəticəsini öz xeyrinə dəyişə bildi. Belə ki, ölkəmizin post münaqişə ilə bağlı gündəliyində olan aktual məsələlərin TŞ üzvləri tərəfindən səsləndirilməsi və bu məsələlərin BMT-nin iclasın yekununa dair yaydığı məlumata daxil edilməsi Azərbaycan diplomatiyasının çox ciddi uğuru və əldə etdiyi mühüm nəticədir.
Bu nəticələri 5 istiqamətdə qruplaşdırmaq olar:
Birinci nəticə, Qarabağda yaşayan ermənilərin gündəlik ehtiyaclarını qarşılamaq üçün humanitar yardımların Ağdam-Xankəndi marşurutu üzrə həyata keçirilməsi haqqında Azərbaycanın təklifi (Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişelin 15 iyul 2023-cü il müvafiq bəyanatından sonra) ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının üzvləri tərəfindən dəstəkləndi. Bu o deməkdir ki, Ermənistanın laçın yolunun "Qarabağ erməniləri üçün yeganə həyat və dünyaya çıxış yolu” olması ilə bağlı indiyə kimi təşkil etdiyi siyasi şou və böhtan kampaniyası iflasa uğradı və əminəm ki, Ermənistanın bu mövzunu bundan sonra manipulyasiya etməsi o qədər də asan olmayacaq.
İkinci nəticə, “humanitar yardımların siyasiləşdirilməsinin yol verilməz olduğu” haqqında TŞ üzvlərinin ümumi mövqeyini qeyd etmək lazımdır. Məlumdur ki, son iki ildə Azərbaycan Qarabağ ermənilərinə birbaşa humanitar yardım və bu yardımların daha tez və təhlükəsiz formada çatdırılması üçün ən münasib marşururtlar təklif edir. Bu təkliflər Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülh məramlıları tərəfindən dəstəklənsə də, Ermənistan və Qarabağ erməniləri tərəfindən siyasi motivlərlə rədd olunub. Bundan başqa, humanitar yardım məsələsini qəsdən siyasiləşdirən Ermənistan “soyqırımı”, “etnik təmizləmə” və “blokoda” kimi yalanları uyduraraq bunlardan Azərbaycana qarşı siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Rəsmi İrəvanın Okampo kimi siyasi dələduzların “soyqırım” ouyununa alət edərək dünyanı aldatmaq cəhdi bunun ən yaxşı nümunələrindən biridir. Bu baxımdan, BMT TŞ-nın “humanitar yardımların siyasiləşdirilməsinə yol verilməməlidir” mesajının birbaşa ünvanı olan Ermənistan bundan sonra humanitar məslələrə yönəlik siyasi möhtəkirliyə və manipulyasilayara son qoymalıdır.
Üçüncü nəticə, Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasia prosesini sürətləndirmək məqsədilə onlara birbaşa dialoq təklifi TŞ-nin iclasında bir sıra çıxışçılar tərəfindən qeyd olundu. Bilirik ki, Ermənistan Bakı ilə Xankəndi arasında birbaşa dialoqa qarşı çıxır və bu istiqamətdə beynəlxalq mexanizmin yaradılmasını təklif edir. Lakin Təhlükəsizlkik Şurasının iclasında Ermənistanın bu absurd təklifi haqqında bir kəlmə də deyilmədi, əksinə Bakının Xankəndi ilə birbaşa dialoqunun vacibliyi qeyd edildi ki, bu da Azərbaycanın rəsmi mövqeyi ilə üst-üstə düşür.
Dördüncü nəticə, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinə zəmanətin verilməsi məsələsi ilə bağlıdır. Azərbaycanın mövqeyi bu mövzuda da tam olaraq dəstəkləndi və bildirildi ki, bölgədə qalıcı sülhə və təhlükəsizliyə nail olmaq üçün Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təminatı Azərbaycanın qanunları çərçivəsində olmalıdır. Belə bir prinsipial mövqenin ilk dəfə olaraq BMT TŞ-da səsləndirilməsinin çox böyük siyasi əhəmiyyəti var və bu cür yanaşma Qarabağ ermənilərinin reinteqrasiya prosesini tezliklə başlamağa qərarlı olan rəsmi Bakının mövqeyini daha da gücləndirəcək.
Beşinci nəticə, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi dəstəkındi. Belə ki, TŞ-nın əksər üzvləri Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyü və suverenlik prinsipinə hörmət əsasında və tezliklə tənzimlənməsinin və sülh sazişinin imzalanmasının vacibliyini qeyd etdilər. Bir çox çıxışlarda sərhədlərin demilimatsiya və demorkasiya olunmasının və kommunikasiya xəttlərinin açılmasının sülh prosesinin ayrılmaz hissəsi kimi qiymətləndirdilər. Bütün bunalrın hamısı Azərbaycanın son iki ildə təşviq etdiyi, Ermənistanın isə hər vəchlə mane olduğu məsələlərdi. Heç şübhəsiz ki, bu çağırışlar sülh sazişinin imzalanmasını süni şəkildə yubadan Ermənistana ünvanlanmışdı.
Bu nəticələrdən göründüyü kimi, dünən Ermənistanın dünyada ən mötəbər qurum hesab edilən BMT TŞ-nı öz siyasi məqsədləri üçün istifadə etmək cəhdi tam iflasa uğradı, ermənilərin “miatsum” və ya “bəlkə nəsə dəyişdi” illuziyaları bu dəfə BMT-də dəfn edildi.
P.S.
Əgər sonrakı günlərdə müzakirələrin nəticələri əsasında hər hansı bir sənədin qəbul olunmasına cəhd olunsa, bu cəhdin baş tutması və ya baş tutarsa, Azərbaycanın köklü maraqlarının əleyhinə olması ehtimalı çox aşağıdır.
Azay Quliyev
Milli Məclisin deputatı