Sizin Reklam Burada

Qubad İbadoğlunun qrant ortaqları da bərk təşvişdədirlər

Qubad İbadoğlunun qrant ortaqları da bərk təşvişdədirlərBəzi toplumlar və ictimai qruplar bütlərsiz (və ya “büt”lərsiz) yaşaya bilmir. Söhbət sadəcə dini inanc sahəsindəki bütlərdən getmir. Dində olduğu kimi siyasətdə də bütlər olur. Dində bunun adına bütpərəstlik deyilirsə, siyasətdə isə bu hal şəxsiyyətə pərəstiş kimi dəyərləndirilir. Təəssüf ki, bizim ictimai-siyasi mühitimizdə də bu kimi neqativ hallara təsadüf etmək mümkündür. Son illərdə cəmiyyətimizin bəzi kəsimlərində belə bir yanlış “ənənə” formalaşıb. Onlar hansısa bir siyasət həvəskarını və ya avantüristi əvvəlcə ideallaşdırır, bütləşdirir, lakin bir müddətdən sonra həmin şəxsin gerçək kimliyi ilə bağlı əsl həqiqətlər üzə çıxanda isə ondan elliklə üz döndərir və budəfə də başqa bir siyasi fiqurun “büt” obrazını düzəltməyə başlayırlar. Hazırda növbəti “büt” obrazında təqdim edilən siyasi fiqur isə Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) həbsdə olan sədri, iqtisadçı professor Qubad İbadoğludur.

Mən Q.İbadoğlunu nəyə görə siyasətçi kimi yox, məhz siyasi fiqur kimi təqdim edirəm? Çünki o, peşəkar siyasətçi ola bilmədi. Hərçənd ki, o, buna hər nə qədər can atsa da, lakin özünün ciddi və peşəkar siyasətçi obrazını formalaşdıra bilmədi. Bütün cəhdlərinə baxmayaraq o, sadəcə siyasi fiqur mərhələsinə qədər irəliləyə bildi. Və bunu da blogerliklə uzlaşdırıb olduqca qəribə bir simbioz yaratdı. Qeydiyyatsız və qeyri-legitim bir qurum olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri olmaq hələ peşəkar siyasətçi olmaq demək deyil. Onun vahid siyasi əqidəyə, yetkin siyasi dünyagörüşə malik olmaması əsl siyasi lider kimi yetişməsini əngəlləyən əsas səbəblərdən biridir.

Gəlin bu adamın keçib gəldiyi siyasi yola, onun siyasi CV-nə qısa bir ekskurs edək. Biz Qubad İbadoğlunun siyasi biosuna ötəri bir nəzər salsaq, bu adamın öz əqidəsini, düşərgəsini tez-tez dəyişən siyasi buqələmun (“xamelyon”) olduğunu görərik. Adam vaxtilə Etibar Məmmədovun heyranı olub və Milli İstiqlal Partiyasında (AMİP) təmsil olunub. Lakin burada heç bir siyasi karyera qura bilməyəcəyini anlayan Q.İbadoğlu tez bir zamanda AMİP-lə yollarını ayırıb və QHT sektoruna transfer edib. Əvvəlcə İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri olub, daha sonra isə (2007-ci ildən) İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricisi kimi fəaliyyət göstərib. Bu fəaliyyəti onun üçün “düşərli” olub. O, burada “usta qrantyeyən” kimi və ya klassik “qrant qırğısı” kimi tanınıb. Belə ki, İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricisi postunun sayəsində ciddi xarici himayədarlar qazanması Qubad İbadoğlunu sözün əsl mənasında “qrantlar kralı”na çevirib. Adam xarici donor təşkilatlar tərəfindən ayrılan qrant müsabiqələrinin demək olar ki, hər zaman fasiləsiz “qalib”i olub. Düşündürücü məqamdır, deyilmi?

Q.İbadoğlu İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricisi postunun sayəsində təkcə qrant monopolistinə çevrilməyib. O, paralel olaraq özünə “yeni demokrat” obrazı düzəltməyi də bacarıb və bu da onu radikal müxalifət düşərgəsi üçün cəlbedici fiqura çevirib. Müsavat Partiyası ilə anlaşan Q.İbadoğlu uzun illər ərzində Müsavat Partiyasının Divan üzvü olub, bu partiyanın iqtisadi məsələlər üzrə əsas təmsilçisi kimi çıxış edib. Lakin o, Müsavatda da öz liderlik ambisiyalarını tam təmin edə bilmədi. 2014-cü ilin sentyabrında partiyanın sədrliyinə keçirilən seçkilərdə iştirak edərək 228-ə qarşı 200 səs toplayaraq Arif Hacılıya məğlub olub, 2015-ci il fevralın 6-da isə Müsavat partiyasının sıralarından xaric edilib. Bir çox müsavatçılar onu bu gün də Müsavatı parçalamaqda ittiham edirlər. Çünki o, Müsavatın bir sıra önəmli fiqurlarını şirnikləndirərək öz tərəfinə çəkməyi bacarıb və onlarla birlikdə ADR (Azərbaycan Demokratiya və Rifah Hərəkatı) yaradıb.

Əslində o hərəkat onun üçün ciddi ictimai-siyasi qurum yox, sadəcə müvəqqəti “siyasi köşk” və ya tramplin rolunu oynayırdı. Onun əsas hədəflərindən biri də öz partiyasını formalaşdırmaq idi. Ona görə də vaxtilə hərəkat kimi yaradılmış ADR daha sonra partiyaya çevrildi, ADRP (Azərbaycan Demokratiya və Rifah Partiyası) oldu. Lakin bu partiyanın da ömrü uzun sürmədi. ADR hərəkatı kimi ADR partiyası da qısa müddətdən sonra iflasa uğradı. 2023-cü ilin yanvar ayında ADR partiyasının fəaliyyətinə xitam verildi. Qubad İbadoğlu bunun səbəbini “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi ilə əsaslandırmağa çalışsa da, lakin əsas səbəb bu deyildi. Əsas səbəb partiya daxilində Q.İbadoğlunun təkbaşına idarəçiliyindən, diktatından narazılıqların artması idi. Ona görə də partiyada kütləvi istefalar dalğası başladı.

Qubad İbadoğlu yaranmış vəziyyətin onun imici üçün kritik olduğunu hiss etdiyinə görə, “Siyasi partiyalar haqqında” yeni qanunu bəhanə edərək partiyanı buraxdı, bundan sonra yenidən “hərəkat” olaraq fəaliyyətlərini davam etdirəcəklərini bəyan etdi. Lakin bu ilin may ayında Q.İbadoğlu öz ənənəsinə və dəyişkən xarakterinə sadiq qalaraq yenidən ADR-in partiya olaraq fəaliyyət göstərməsinin zəruriliyini bildirdi və özünü ADRP-nin sədri kimi təqdim etməyə başladı. Göründüyü kimi adam öz şəxsi mənafeləri və dar siyasi maraqları naminə istənilən an cəbhəsini də, siyasi əqidəsini də, silahdaşlarını, təşkilatını da çox rahatlıqla dəyişə bilən, cilddən cildə girən bir tipə malikdir. Bu cür siyasət həvəskarları üçün dayanıqlıq, etibarlılıq anlayışı yoxdur. Adətən bu qəbildən olan “siyasətçi”lər üçün sadiqlik ən sonuncu əxlaq meyarı olur. Odur ki, bəzilərinin bu adamı bütləşdirməyə çalışması qətiyyən düzgün deyil. Adamın bütləşdiriləsi adam yox, əsl siyasi fürsətçi olduğunu hamımız görməliyik, bilməliyik.

Qubad İbadoğlunun yuxarıda bəhs etdiyim siyasi fəaliyyət tarixçəsi də, onun keçib gəldiyi ümumi yol da bu insanın hər zaman öz şəxsi maraqlarını üstün tutduğunu və məhz öz maraqları naminə istənilən tərəflə, hətta əqidəsinə zidd olan tamam əks qütblərlə də əməkdaşlıq etməyə hazır olduğunu göstərir. Mən siyasi buqələmunluq deyərkən məhz bu amili nəzərdə tuturdum. Qubad İbadoğlu kimilər çox rahat şəkildə iqtidar-müxalifət düşərgələri arasında transfer edə bilirlər. Onun vaxtilə İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricisi kimi fəaliyyət göstərdiyi illərdə hakimiyyətə loyal, yumşaq münasibət sərgilməsi və hətta hakimiyyətyönümlü KİV-ə heç bir tərəddüd etmədən müsahiblər, açıqlamalar verməsi də bunu təsdiqləyir. Lakin o, xaricdə “lövbər” salan kimi qatı müxalif mövqe sərgiləməyə başladı. Bu mənada, bir qədər diqqətlə nəzər yetirsək, Qubad İbadoğlunun professor Cəmil Həsənlinin başqa bir “versiya”sı olduğunu görə bilərik.

Cəmil müəllim də Milli Məclisin deputatı olduğu dönəmlərdə öz “boss”undan - AXCP sədri Əli Kərimlidən üz döndərib, hazırkı hakimiyyəti dəstəkləyirdi, lakin “Milli Şura”nın sədri postuna keçən kimi ritorikasını da kökündən dəyişdi. Çünki bu cür adamlar üçün siyasətdə qalıcı, müqəddəs heçnə yoxdur. Belələrinin gerçək siyasi liderə çevrilə bilməməsinin bir səbəbi də məhz bundan qaynaqlanır. Əlbəttə, yaxşı iqtisadçı da, qocaman tarixçi də olmaq mümkündür. Lakin bu cəhətlərə malik olmaq hələ o demək deyil ki, sən yaxşı rəhbər, yaxşı təşkilatçı, mükəmməl lider və siyasi ideoloq da ola bilərsən. Təcrübə göstərdi ki, Qubad İbadoğlunun iqtisadi savadı onun özünü uğurlu siyasi lider kimi təsdiqləyə bilməsi üçün yetərli deyil. Adam nə hərəkat rəhbəri kimi, nədəki partiya sədri kimi böyük siyasətdə öz möhürünü vura bilmədi.

Öz yolunu hələ də müəyyən edə bilməyən bir təşkilat, bir partiya rəhbərinin ciddi siyasi lider xülyası ilə yaşaması isə absurddur. Məhz belə xülyalarla yaşamaq Qubad İbadoğlunu avantürist davranışlarını davam etdirməyə və Qərbdəki himayədarlarının, “donor”larının sifarişlərini, göstərişlərini yerinə yetirməyə sövq etdi. Onun BİZ TV üzərindən politikan-bloger kimi Azərbaycan hakimiyyətinə qarşı çıxışlar etməsi də həmin himayədarlarının göstərişlərinin nəticəsi idi. Qubad İbadoğlu internet “bazar”ının imkanlarından yararlanıb “vətənpərvər” obrazında çıxış edərək, təxribat və təhrik xarakterli addımlar atmağa başladı, virtual “siyasi ulduz”a çevrilməyə can atdı. Bu da onun sadəcə populist olduğunu, psevdosiyasətçiliyini göstərir. Qubad İbadoğlu siyasi partiya sədri kimi uğursuzluğunun əvəzini bu yolla kompensasiya etməyə çalışırdı.

Üstəgəl, o da məlum oldu ki, onun hətta FETÖ ilə də əlaqələri varmış. Daxili İşlər Nazirliyinin bir neçə gün əvvəl FETÖ ilə bağlı keçirdiyi əməliyyat çərçivəsində Qubad İbadoğlunun da saxlanması həqiqətən də olduqca ciddi məsələdir. Bu əməliyyat Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat və ciddi materiallar əsasında aparılıb. Saxlanılan 5 nəfərdən birinin Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verdiyini artıq hamımız bilirik. Bu ifadənin nə qədər doğru olduğunu, Q.İbadoğlunun FETÖ lideri Fətullah Gülənlə həqiqətən də əlaqələrinin olub-olmadığını üzə çıxarmaq təbii ki, istintaqın işidir. Odur ki, bu barədə hələlik qəti bir fikir söyləmək mümkün deyil. Ancaq Q.İbadoğlunun siyasi buqələmunluğunu və öz maraqlarından ötrü istənilən bir qüvvə ilə əməkdaşlığa gedə biləcəyini nəzərə alsaq, o zaman ehtimallarımız yəqin ki, bizi yanıltmaz.

O ki qaldı qeyri-leqal “qrant” pullarının birgə bölüşməsində iştirak etmiş qurumların və şəxslərin indi Qubad İbadoğlunun həbsinə görə narahat olmalarına və onların bu məsələyə siyasi don geyindirib öz məqsədləri üçün istifadə etmək cəhdlərinə, əslində bu da anlaşılandır. Bu siyasi möhtəkirlər, fürsətçilər öz “qazanc” yerlərini itirmək istəmirlər. Və hətta Q.İbadoğlunun həbsindən də pul qazanmağı, ya da siyasi divident əldə etməyi düşünürlər. Daim Azərbaycana qarşı qərəzli mövqeyi və ermənipərəstliyi ilə seçilən Human Rights Watch kimi nüfuzlu beynəlxalq təşkilatın Q.İbadoğlunun həbsi ilə əlaqədar məlum bəyanatı da elə həmin möhtəkirlərin, fürsətçilərin işinə yarayır. İşin maraqlı tərəfi odur ki, əvvəllər həmişə ermənilərin mənafelərini qorumağa üstünlük verən Human Rights Watch, budəfə isə Qubad İbadoğlunun “vəkil”i rolunda çıxış etməyə qərar verib. Bunun özü də kifayət qədər düşündürücü məqamdır. Yoxsa, Human Rights Watch kimi bir təşkilat siyasi spekulyasiya xarakterli bəyanatla çıxış etməyə əsla tələsməzdi.

Bir müddət keçəndən sonra şübhəsiz ki, bu oyunların da üstü açılacaq. Lakin hələ ki məlum olan isə budur ki, Q.İbadoğlunun həbs edilməsi onun qrant alıb birgə mənimsədiyi xarici “ortaq”larını bərk sarsıdıb. İsterik bəyanatlar da bundan irəli gəlir. “Ortaq”larının bu canfəşanlığı yəqin ki, Qubad İbadoğlunun özüyçün də ciddi dərs olacaq. Ümid edək ki, o, siyasi təşkilat rəhbəri obrazını yaratmaq və həqiqi siyasi liderə çevrilmək istədiyi bir halda bir dəstə yerli və xarici “qrantyeyən”lərin əlində sadəcə alətə, vasitəyə çevrildiyini dərk edəcək. Bunu dərk etmək üçün onun fürsəti var. Görünən budur ki, Qubad İbadoğlu siyasi iflasa uğrayıb. Lakin o, siyasi iflasa uğramasının səbəblərini ilk növbədə özündə axtarmalıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər