Yüksək beynəlxalq etimadın rəmzi
Prezident İlham Əliyevin diplomatik məharəti və səriştəsi nəticəsində Azərbaycan öz ətrafında geniş müdafiə şəbəkəsi formalaşdırdı ki, bu da ölkəmizlə bağlı 120-yə yaxın Qoşulmama Hərəkatının üzv dövlətinin müxtəlif platformalardakı müsbəti rəyi deməkdir. Məhz bu xüsusda Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatının Nazirlər Şurasının rəhbərlərinin Bakı toplantısında bütün Qoşulmama Hərəkatı üzvlərinə dərin təşəkkürünü bildirdi. Çünki 44 günlük Vətən müharibəsi gedişində iki dəfə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul edilməsi məsələsi gündəmə gətirilmiş, Qoşulmama Hərəkatının üzvlərinin qətiyyətli mövqeyi sayəsində Fransa və Ermənistanın istəkləri reallaşmamış, Azərbaycanın mövqeyi müdafiə edilmişdir.
İyulun 5-də "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü də digər görüşlər kimi, öz əlamətdarlığı və əhatə etdiyi məsələlər ilə yadda qaldı.
Bu gün dünyada hər kəsin etiraf etdiyi kimi, Qoşulmama Hərəkatı Azərbaycanın uğurlu sədrliyi sayəsində son üç ildə böyük inkişaf yolu keçib, fəaliyyəti genişlənib, mühüm qlobal siyasi gücə və söz sahibinə çevrilib. Ötən üç ilə nəzər salsaq, görərik ki, bu təsisat vasitəsilə Azərbaycan gördüyü işlər, irəli sürdüyü təşəbbüslərlə dünyaya ədalət dərsi keçdi, məsələlərə obyektiv yanaşma tərzini ortaya qoydu. Pandemiya dönəmində Azərbaycanın peyvənd millətçiliyinə qarşı qətiyyətlə çıxış etməsi, pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbirlərin təşəbbüskarı olması dediklərimizin bilavasitə təsdiqidir. Həmçinin ölkəmiz bəşəri dəyərlərə söykənərək 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verdi. Təbii ki, bunlar görülən işlərin bir hissəsidir ki, Azərbaycanın Hərəkata sədr olaraq məsuliyyətini və effektli rəhbərliyini göstərir. Azərbaycan həm ərazisinə, həm də əhalisinin sayına görə, dünyada o qədər də böyük dövlət olmasa da, güclü Liderinin müdrik rəhbərliyi ilə beynəlxalq nailiyyətlərə imza atmağa qadirdir”.
BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.
Qoşulmama Hərəkatına üzv olan bütün dövlətlərin, o cümlədən Əlcəzairin hüquqlarının bərpası və ölkəyə qarşı edilmiş amansızlığa görə Fransanın üzr istəməsinin vacibliyini bildirən Prezident İlham Əliyev bu cür addımları pislədi: "Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir". Ölkə başçımız BMT-nin strukturunda da mühüm dəyişikliklər edilməsinin vacibliyi məsələsinə toxundu.
Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq. Heç vaxt olmamaqdansa gec olması yaxşıdır. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək.
Prezident İlham Əliyev çıxışında islamofobiya və ksenofobiya hallarının artmasına da toxundu və təbii ki, bu mövzu da dünyada son dərəcə aktualdır. Bildiyimiz kimi, aparılan çirkin təbliğat nəticəsində İslam zorakılıq kontekstində şərh edilir, terrora tay tutulur. Sözsüz ki, bu, dünyada sülh və təhlükəsizliyi təhdid altında saxlayan həssas bir məqamdır. Buna görə də belə hallar kəskin şəkildə pislənilməli və ona qarşı ciddi mübarizə aparılmalıdır. Dövlətimizin başçısı həmçinin Ermənistanın uzun illər apardığı işğal siyasətini, onun acı nəticələrini, Azərbaycanın düşmən üzərində parlaq Qələbəsini və yaranmış yeni reallıqları iştirakçıların diqqətinə çatdırmaqla əsl həqiqətin nədən ibarət olduğunu bəyan etdi.
Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir.
Dövlət başçısı İlham Əliyevin Qoşulmama Hərəkatının institusional inkişafının təhlili fonunda səsləndirdiyi “İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq” fikirləri özündə qurumun gələcəyi ilə bağlı mühüm məqamları ehtiva edir.”
Azərbaycanın Qoşulmama Hərəkatına böyük məsuliyyətlə sədrliyi, tədbirlərinə ali səviyyədə ev sahibliyi etməsi, qlobal xarakterli aktual mövzuların gündəmə gətirilməsi və uğurlu nəticələrin əldə olunması ölkəmizin dünyada nüfuzunu və rolunu artırır, beynəlxalq mövqelərini möhkəmləndirir.
İzzət Rüstəmov
Xətai rayon Ağsaqqallar Şurasının sədri