Ulu Öndər Heydər Əliyev və dövlətçilik təfəkkürü
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti qarşısında müstəsna dərəcədə böyük xidmətləri vardır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsi ilə, Azərbaycan geridə qalmış aqrar ölkədən hərtərəfli surətdə inkişaf etmiş bir respublikaya çevrilmişdir. Siyasi Büronun üzvü kimi çoxcəhətli fəaliyyəti onun keçmiş sosialist ölkələri düşərgəsində və müttəfiq respublikalarda, hətta Sovetlər İttifaqından kənardakı kapitalist dövlətlərində də əsl dövlət xadimi olaraq qəbul edilməsinə yol açmışdır. Ən yaxın tariximizdə, XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi də Heydər Əliyevin qətiyyəti, ən optimal çıxış yollarını tapmaq və düzgün müəyyən edilmiş strategiyanı böyük bacarıqla həyata keçirmək istedadı sayəsində aradan qaldırılmışdır. Ulu Öndər Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmaqla ölkəmizin və xalqımızın böyük gələcəyinin yollarını açmışdır.
Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları onun bu millətə bəxş etdiyi ən dəyərli mirasdır. Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün inkişafında tarixə düşəsi müdrik kəlamlar təkcə Azərbaycanda deyil, bütün dünyada sevilə-sevilə öyrənilir.
Böyük şair Nəsimi 1369-cu ildə anadan olmuşdu, onun 600 yaşı 1969-cu ildə tamam olurdu və yubiley də elə o vaxt keçirilməli idi. Azərbaycanda Mərkəzi Komitə bununla bağlı 1968-ci ilin 8 oktyabrında qərar da qəbul etmişdi. Ancaq yubileyin işi ilə bağlı məsələlər sadəcə ləngiyirdi.. Lakin Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonra Nəsimi yubileyinin keçirilməsi ilə bağlı çıxarılmış qərarın icrasına başlanıldı. 1972-ci ilin 13 oktyabrında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro iclasında digər çoxsaylı məsələlərlə yanaşı, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illiyinin keçirilməsi haqda qərar da qəbul edilir və yubileyin həmin ilin noyabrında keçirilməsinə qərar verilir. 1973-cü il martın 13-də Mərkəzi Komitə Bürosunda Nəsimi yubileyinin keçirilməsinə hazırlıqla bağlı əlavə tədbirlər haqda növbəti qərarı imzalayır.
Ulu öndər Heydər Əliyevin klassik irs təlimində dahi qəlb şairi Məhəmməd Füzuli xüsusi yer tutur. Şairin 1994-cü ildə tamamlanan 500 illiyini dünya miqyasında ədəbi hadisə kimi qeyd etmək uğrunda fəal çalışan qüdrətli lider 1996-cı ilə kimi dəfələrlə şairin yaradıcılığına müraciət etmiş, böyük bir monoqrafiya yazmağa imkan verən fikirlər söyləmişdir. Ulu öndər Heydər Əliyev Füzulinin ədəbi-tarixi mövqeyinə və bənzərsiz poeziyasına ümumtürk və bir çox hallarda ümumbəşəri kontekstdə yanaşırdı. Füzuli yubileyinin keçirilməsi günləri Azərbaycanda mürəkkəb ictimai-tarixi dövrə təsadüf edir. Ulu öndər Heydər Əliyev Füzuli yubileyinin keçirilməsinə böyük önəm verərək bu tədbiri “Azərbaycan xalqını dünyaya bir daha tanıtmaq hadisəsi” kimi qiymətləndirirdi: “Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik. Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymətdir”.
Ulu Öndər Heydər Əliyev demişdir: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”
Böyük dirijor və bəstəkar Niyazinin ev-muzeyinin təntənəli açılışında Ulu Öndər Heydər Əliyev demişdir “Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır.”
XX əsr Azərbaycan musiqi mədəniyyətindən söz açarkən, qüdrətli dirijor və bəstəkar, musiqi-ictimai xadim, Hacıbəyovlar nəslinin ən parlaq nümayəndələrindən biri – Niyazi Zülfüqar oğlu Tağızadə Hacıbəyovun – hamının, qısaca Maеstro Niyazi adlandırdığı böyük sənətkarın adı ön sıralarda çəkilir. Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yеni əsərlərin ilk və təkrarolunmaz təfsirçisi idi və bu əsərlərin gеniş təbliğində, bеynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərmişdi.
Sovеt dövründə gеniş vüsət almış xalq kütlələrinin musiqi bilikləri ilə maarifləndirilməsi işində Niyazi ən cəsarətli layihələrlə çıxış еdirdi. Onun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkеstri Azərbaycanın ən ucqar guşələrində, hərbi hissələrdə, kənd klublarında, tarlalarda bеlə sadə insanların qarşısında çıxışlar еdirdi. Niyazi Bakıda və Azərbaycanın rayonlarında ilbəil təşkil olunan Musiqi və Mahnı bayramlarının əvəzsiz rəhbəri idi. Bu səbəbdəndir ki, maеstro Niyazini uşaqdan-böyüyə qədər hamı tanıyır, adını hеyranlıqla çəkirdilər. Məlumdur ki, ulu öndərimiz Hеydər Əliyеvin yaxından dostluq еtdiyi, böyük qiymət vеrdiyi sənət adamları arasında Niyazinin xüsusi yеri var idi. 1970-ci illərdə, məhz ulu öndər Hеydər Əliyеvin təşəbbüsü ilə hər ayın cümə günlərində, rəhbər işçilərin simfonik musiqiyə marağını artırmaq məqsədilə Niyazinin rəhbərliyi altında simfonik konsеrtlər təşkil olunurdu və bu konsеrtlərdə maеstro öz rеpеrtuarının ən gözəl incilərini alovlu bir ilhamla təqdim еdirdi. Niyazi irsinə böyük hörmət və еhtiramın nəticəsi idi ki, 1993-cü ildə çox mürəkkəb bir şəraitdə yеnidən Azərbaycana rəhbərlik еtməyə başlayan ulu öndər Hеydər Əliyеv Niyazinin və onun həyat yoldaşı Həcər xanımın vəfatından sonra illərlə kimsəsiz qalmış mənzilinin muzеyə çеvrilməsi istiqamətində tapşırıq vermiş. 1994-cü ildə bu muzеyin açılış lеntini kəsib içəriyə ilk daxil olan da məhz ümummilli lidеr Hеydər Əliyеv oldu. İndi isə 2012-ci il lu öndər Hеydər Əliyеvin sadiq davamçısı Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyеvin Sərəncamı ilə rеspublikamızda “Niyazi ili” еlan olunmuşdur.
Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr edilmiş yubiley gecəsində Ulu Öndər demişdir: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir.”
Ensiklopedik biliyə malik fenomen insan olan ulu öndər Heydər Əliyev milli ədəbiyyatımızı da incəliklərinə qədər bilir və sevirdi. Ulu Öndərin belə bir məşhur fikri var: “Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir”. Ulu öndər Heydər Əliyevin Azərbaycan filosof-şair və görkəmli dramaturq Hüseyn Cavidə və onun yaradıcılığına olan yüksək ehtiramı da milli ədəbiyyatımıza olan sevgidən, milli-mədəni dəyərlərimizə sıx bağlılıqdan irəli gəlirdi. Bənzərsiz yaradıcılıq yolu keçərək özündən sonra ölməz əsərlər qoymuş söz ustadlarından olan Hüseyn Cavid əsərləri ilə Azərbaycan dramaturgiyasını istər mövzu, janr, istərsə də xarakter və obrazlar baxımından olduqca zənginləşdirib, ümumbəşəri ideyaların təbliği ilə ədəbiyyatımızın bu sahəsini dar çərçivədən çıxararaq dünya səviyyəsinə ucaldıb. Hüseyn Cavidin bütün fikirləri ümummillidir, ümumbəşəridir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, tariximiz nə qədər yaşayacaqsa Hüseyn Cavidin irsi də o qədər yaşayacaq: “Hüseyn Cavid bizim üçün, doğurdan da, əzizdir. O tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək”.
Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Ulu öndər Heydər Əliyev demişdir: “Ağıl olan yerdə zora ehtiyac yoxdur. Tarix həmişə hər şeyi öz yerinə qoyur”.
Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Aydın görünür ki, Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya miqyasında kök atmışdır.
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan azərbaycançılıq təliminə də yenidən və daha əsaslı şəkildə elmi baxışa ehtiyac vardır. Məlum olduğu kimi, uzaqgörən dövlət xadimi, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq təliminin təməllərini hələ sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik etdiyi dövrdə formalaşdırmışdır. Bu mənada yeni dövlət müstəqilliyi qazanmış digər respublikalarla müqayisədə dövlətçilik ideologiyasının yenidən müəyyən edilməsi baxımından Azərbaycan Respublikası bir addım qabaqda olmuşdur. Ona görə də, azərbaycançılıq ideologiyasının formalaşdırılmasının Ulu Öndər Heydər Əliyev modeli kompleks şəkildə öyrənilməli, ümumiləşdirilmiş əsaslı nəticələr çıxarılmalıdır. Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev dünya dövlətçilik tarixində Ümummilli Lider fəxri adı qazanmış nadir tarixi şəxsiyyətlərdəndir. "Heydər Əliyev İli"ndə Ümummilli Liderliyin siyasi-fəlsəfi miqyası və missiyasının mahiyyəti dərindən, hərtərəfli surətdə tədqiq edilərək araşdırılmalı, ümumiləşdirilmiş elmi-nəzəri qənaətlər meydana çıxarılmalıdır.
İlhamə Əliyeva
147 nömrəli Texniki-humanitar liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi