"Ümummilli Lider ölkə ziyalılarını hər zaman diqqətində saxlayırdı"
«Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan Ümummilli Lider ziyalıları hər zaman diqqətində saxlayırdı. 1993-cü il sentyabrın 21-də AMEA-da ziyalılarla görüşdə Ulu Öndər bildirmişdi: «XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm, Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də, bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər».
Ümummilli Liderin ilk dəfə hakimiyyətə gəldiyi ilk illərdə Molla Pənah Vaqifin ev-muzeyinin yaradılması, 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi, 1980-ci il dekabrın 11-də Naxçıvan şəhərində Hüseyn Cavidinn ev-muzeyinin yaradılmasıyla bağlı verdiyi qərar o dövr üçün böyük ədəbi hadisə olmaqla yanaşı,həm də ümummilli hadisə idi. Bir imperiyanın məhv etdiyi dahini hələ, o imperiyanın mövcud olduğu bir zamanda, məhvindən yarım əsr keçməmiş öz vətəninə təmtəraqlı surətdə gətirdib, doğulduğu torpağa təhvil vermək tarixi ədalətsizlik üzərində milli qələbə idi.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bu, o dövr üçün yazarlara böyük etimadın göstəricisi idi. Xatırladaq ki, 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 1973-cü il sentyabrın 13-də İmadəddin Nəsiminin 600 illik yubileyinin Bakı ilə yanaşı, Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda Nəsiminin abidəsi qoyuldu. 1979-cu ildə «Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında» qərar qəbul edilir. Dövrün bütün ziddiyyətlərinə baxmayaraq, qərarda Nizami Gəncəvinin məhz, Azərbaycan şairi olmasının qabarıq şəkildə vurğulanması siyasətin ədəbiyyatda qələbəsi idi. Bu, o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycan şairi olaraq öyrənir və təbliğ edirdi.
1997-ci il martın 7-də Xalq Şairi Səməd Vurğunun ev muzeyində çıxışında Ümummilli Lider qeyd etmişdi: «Keçmiş əsrlərdə də, XX əsrdə də Azərbaycanın böyük insanları olubdur. Ancaq bu böyük insanların xatirəsini əbədiləşdirmək lazımdır. Gələcək nəsillər onların həyat yolunu, yaradıcılığını, gördükləri işi, yaratdıqlarını daim bilməlidirlər.»
Deputat diqqətə çatdırıb ki, Ulu öndər milli tariximiz üçün böyük əhəmiyyət daşıyan strateji qərarların qəbul edildiyi zaman həmişə vətənpərvərlik mövqeyindən çıxış edib. Azərbaycanın elmi potensialının, güclü kadr bazasının yaradılmasında Ulu Öndər müstəsna xidmətlərə malikdir. Ulu öndər hələ hakimiyyətinin birinci mərhələsi dövründə ictimai-siyasi, iqtisadi-sosial, hərbi, elmi-mədəni, humanitar və digər sahələrdə yüksək idarəetmə qabiliyyətinə malik peşəkar kadr potensialının formalaşması üçün gərgin işlər görüb. Xatırladaq ki, Heydər Əliyevin hakimiyyətindən əvvəlki illərdə respublikamızın təhsil sferasında vəziyyət ürəkaçan səviyyədə deyildi və keçmiş ittifaq ölkələri arasında sonuncu yerlərdən birini tuturdu. 1969-cu ilə qədər ittifaq respublikalarının ali təhsil müəssisələrinə göndərilənlərin sayı cəmi 47 nəfər təşkil edirdi. Ulu öndər hakimiyyətə gələndən sonra təhsilə xüsusi diqqət göstərməyə başladı və bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verildi. 1970-ci illərdə bütün ixtisaslar üzrə respublikamızdan kənarda təhsil alanların sayı 100 dəfəyə qədər artdı. Həmin illərdə 3600-dan çox şəxs keçmiş ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almışdı. Bu kadrlar peşəkar mütəxəssislər kimi yetişdikdən sonra respublikamızın dövlət strukturlarında müxtəlif vəzifələrdə işləməyə cəlb olundu. Həmin kadr potensialının bir hissəsi keçmiş ittifaqın iri sənaye, elmi-tədqiqat müəssisələrində fəaliyyətə başladı və bu, Azərbaycanın ziyalı təbəqəsinin, peşəkar kadrlarının respublikamızdan kənarda tanınmasında, şöhrət tapmasında mühüm rol oynadı. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu siyasət bu gün də uğurla davam etdirilir. Ölkədə yeni ziyalı ordusu formalaşdırılır. Bu gün azərbaycanlı tələbələr dünyanın ən məşhur təhsil ocaqlarında ən peşəkar kadr kimi yetişdirilir. ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İsveçrə, Türkiyə və digər dövlətlərdə təhsil alan tələbələrin xərclərini dövlət öz üzərinə götürüb. Həmin kadrlar bu gün qloballaşan və inkişaf edən dünyanın yeni idarəetmə texnologiyalarını mənimsəyərək müasir idarəçilik institutunun formalaşmasında əsas bazadır.
K.Bayramov əlavə edib ki, göründüyü kimi, hakimiyyətinin hər iki dövründə Ulu Öndər Heydər Əliyev ziyalılarımıza xüsusi qayğı göstərmiş, yeri gəldikcə onların layiqli dəyərlərini almaqlarına birbaşa vəsilə olmuşdur. Dahi şəxsiyyətin ötən əsrin 70-ci illərində qoyduğu ənənə bu gün də uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoymaqdadır.