Azərbaycan ədalətli sülh istəyir
Prezident İlham Əliyevin 25 noyabr tarixində ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı dünya mediasının, o cümlədən ərəb mediasının diqqət mərkəzində oldu. Bu, ADA Universitetinin ev sahibliyi etdiyi sayca üçüncü konfransdır. Aparıcı beyin mərkəzləri, tanınmış ekspertlər, analitiklər regionda baş verən hadisələrin müzakirəsinə, postmüharibə dövründə sülh quruculuğu, yenidənqurma işlərinə xüsusi diqqət yetirir və bu konfranslarda yaradılan şəraitə uyğun olaraq Prezident İlham Əliyevə ünvanladıqları suallar əsasında hərtərəfli, dolğun məlumatlar əldə etməkdən məmnunluqlarını ifadə edirlər.
Azərbaycan daim qlobal məsələlərin müzakirəsi üçün ideal məkan kimi qəbul olunur. Postmünaqişə dövründə ölkəmizin beynəlxalq aləmdə möveyinin daha da möhkəmləndiyini böyük əminlik və qürur hissi ilə qeyd edirik.
Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin iştirakçısıdır və ölkəmizdə bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlmişdir.
Azərbaycanın açıq dənizə, okeanlara çıxışı yoxdur. Buna görə istər enerji layihələrimizin, istərsə də nəqliyyat layihələrimizin reallaşdırılması üçün çox gərgin işlər aparılmalıdır. Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir.
Konfransın iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin, nümayəndələrinin yer alması da tədbirə olan marağın göstəricisidir: “Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olundu. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımızın həcmini 15 milyon tondan 25 milyon tona qədər genişləndirəcəyik. Buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına ehtiyac var. Hazırda Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir. Laçın hava limanı hazır olandan sonra, o, işğaldan azad edilmiş ərazilərimizdə üçüncü hava limanı olacaq. Bununla da Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündə böyük uğurdur.
Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlər, bərələr və yük gəmiləri lazımdır. Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması ölkəmizin mövcud istiqamətdəki potensialını artırır.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoqun şahidiyik. Sonuncu Zirvə Toplantısı bunun bariz təzahürü idi. Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır. Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır.
Hazırda dünyanın bir çox bölgələrində baş verən hərbi toqquşmalar və siyasi çəkişmələr dünya iqtisadiyyatına öz mənfi təsirini göstərməkdədir. Xüsusilə Rusiya ilə Ukrayna arasında baş verən müharibə və bunun nəticəsində Rusiya üzərinə qoyulan çoxsaylı sanksiyalar dünyanın müxtəlif bölgələri arasında beynəlxalq ticarəti və logistika əməliyyatlarını iflic vəziyyətinə salır. Belə bir şəraitdə dünya iqtisadiyyatının dayanıqlılığını təmin etmək üçün Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət kəsb edir və bu dəhliz üzərində yerləşən Azərbaycan üçün də yeni imkanlar yaranır.
Belə bir zamanda ölkəmizin dünya miqyasında artan rolu və dünya dövlətləri arasında artan nüfuzu qürur hissi yaradır. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Orta Dəhliz kimi iri miqyaslı layihəni icra etmək əzmindədir və buna nail olacaq.
Güntəkin Sabiqızı
147 saylı texniki humanitar liseyin tarix müəllimi