Rusiyadan İrəvana xəbərdarlıq: Bu, 10 noyabr sazişinə ziddir
Moskva Cənubi Qafqazda baş verən narahatedici tendensiyalardan narahat olmaya bilməz.
Bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Qərb açıq şəkildə Ukraynada iistifadə edilən qarşıdurma sxemlərini Cənubi Qafqaza ötürməyə çalışır:
“Biz qardaş Ermənistanın görünməmiş xarici təzyiqlərə məruz qaldığını görürük. Ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik əlaqələrə xələl gətirmək məqsədilə Rusiyanın regiondakı siyasətini gözdən salmaq üçün addımlar atılır. Vaşinqton və Brüsselin göstərişi ilə fəaliyyət göstərən çoxsaylı fondlar, QHT-lər və media cəmiyyətdə antirusiya əhval-ruhiyyəsi oyatmaq üçün səylərini ikiqat artırır. Biz əminik ki, xarici qüvvələrin Moskva ilə İrəvan arasında mübahisə yaratma cəhdləri uğurlu olmayacaq”.
Zaxarova “Ermənistanla strateji müttəfiqliyi və çoxşaxəli əməkdaşlığı gücləndirmək əzmində” olduqlarını bildirərək, hərbi-siyasi və hərbi-texniki istiqamətlərdə dialoqun inkişaf etdiyini, iqtisadi-ticari əlaqələrin genişləndiyini, Rusiyanın iri şirkətlərinin Ermənistana daha çox yatırım qoymağa hazır olduğunu xatırladıb. Eyni zamanda Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının İrəvana ciddi fayda gətirdiyini vurğulamağı da lazım bilib.
Rusiya XİN rəsmisi deyib ki, Qərbin “qeyri-ənənəvi və həyasız yanaşmasını” Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı da müşahidə etmək olar:
“Nə regional spesifiklik, nə də problemin xüsusi həssaslığı nəzərə alınır. Vaşinqton və Brüsselin əsl məqsədləri heç də kompromis və balanslaşdırılmış həll yollarının inkişafı deyil, özünü reklam etmək və Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqdır”.
Zaxarova Ermənistana AB missiyasının gəlməsinə də reaksiya verib və İrəvana dolayısı ilə mesaj göndərib:
“Avropa Birliyi, ATƏT, Fransa adı altında Qərb emissarlarının Ermənistana səfərlərinin sayı daha da artıb. Region əhalisinin maraqlarını nəzərə almayan tələsik uydurulmuş təşəbbüslər irəli sürülür. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il tarixli bəyanat əsasında çətin şəraitdə əldə edilmiş balansın pozulmasıdır.
Paralel olaraq Moskvanın guya Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsi ilə bağlı əsassız ittihamlar yayılır. Bu xüsusda xatırlatmaq istərdik ki, məhz bizim ölkə 2020-ci ilin noyabrında müharibəni dayandırdı, regiona sülh və sabitlik gətirən sülhməramlılar göndərdi və bu günə kimi Bakı ilə İrəvan arasında silahlı insidentlərin həllinə əhəmiyyətli töhfələr verir. Xarici qüvvələrin Rusiya sülhməramlı kontingentinin çıxarılmasına nail olmaq cəhdləri məhz Cənubi Qafqazda sabitliyi pozmağa yönəlib.
Biz bütün səviyyələrdə Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin razılaşdırılması, humanitar problemlərin həlli, ictimai dialoqun yaradılması naminə işləməyə davam edirik.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib, burada üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır”.