"Heydər Əliyev həm də tarixi yaradan şəxsiyyət idi"
Aydın Hüseynov: Ulu Öndərin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi xalqımızın gələcəyə inamının artmasında böyük rol oynadı
«Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Əminliklə söyləmək olar ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Ümummilli Liderin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə idi. Həmin dövrdə Ulu Öndərin Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri seçilməsi xalqımızın itməkdə olan ümidlərinin dirçəlməsində və gələcəyə inamının artmasında böyük rol oynadı.»
Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov mətbuata açıqlamasında bildirib.
A.Hüseynov qeyd edib ki, ümuimmilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın mürəkkəb və ağır dövrünə təsadüf edirdi. Sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan, həqiqətən də, taleyin ümidinə buraxılmışdı. Ulu öndərin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi Naxçıvanı və bütün Azərbaycanı gözlənilən fəlakətlərdən xilas etmək üçün real imkan yaratdı. Ümummilli lider Heydər Əliyevin ilk gündən həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Ulu Öndər Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması və şəxsi heyətin çıxarılması təmin edilmişdir. Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur.
Sonralar dahi şəxsiyyət bu barədə demişdir: «Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin ifasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm».
Deputat diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələridir. Dünya azərbaycanlılarının həmrəylik gününün təsis edilməsi Azərbaycan xalqının ümummilli birliyinin nə qədər mühüm bir amil olduğunu göstərməklə yanaşı, həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməlini qoydu. Ulu Öndər xalqı böyük bir ideya– azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirməyə çalışdı. Qeyd edirdi ki, xalq birləşməsə, həmrəyliyə nail olmasa, müstəqilliyini və azadlığını da qoruyub saxlaya bilməyəcək.
Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etməsi sayəsində muxtar respublikanın təhlükəsizliyi təmin edilmiş, sosial-iqtisadi məsələlərin həllinə nail olunmuş, siyasi-iqti-sadi islahatlar həyata keçirilmiş, bütövlükdə Azərbaycan üçün taleyüklü olan qərarlara imza atılmış, müstəqil dövlətçiliyin konseptual istiqamətləri müəyyənləşdirilmişdi. Onun rəhbərliyi ilə Ali Məclisin tarixi qərarları müstəqilliyə doğru böyük dönüşün ilkin əsasları olmuşdur.
A.Hüseynov sonda əlavə edib ki, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada görkəmli dövlət xadimi tərəfindən hazırlanmışdır.