"Türk dünyasının gələcək sıx inteqrasiyası dörd ölkənin dostluğundan asılı olacaq"
Qədim Türküstanın (indiki Mərkəzi Asiyanın) iki açar ölkəsi var, bunun biri Özbəkistandır, digəri isə Qazaxıstandır. Bu iki ölkə ilə etibarlı, sıx əlaqələr qura bildinsə, deməli, bütün Mərkəzi Asiyaya rahat giriş imkanı qazanmış olursan, orada mövqe tutmaq, möhkəmlənmək üçün zəmin əldə edirsən. Bu baxımdan, biz bu gün qlobal güclərin, böyük dövlətlərin Mərkəzi Asiyada yerləşmək, buranı öz “təsir zonası”na, maraq dairəsinə daxil etmələri uğrunda kəskin geosiyasi mübarizəsini müşahidə etməkdəyik. Meydanda ABŞ, Çin, Rusiya, Avropa İttifaqı (Aİ) kimi nəhənglər var.
Bu güclərin hər biri ilk növbədə bölgə ölkələri ilə geniş əlaqələr, strateji müttəfiqlik münasibətləri qurmağa çalışır. Lakin Mərkəzi Asiya ölkələri ilə ən sıx iqtisadi, siyasi ilişgilər qurmaq haqqı hamıdan öncə Türkiyə və Azərbaycana məxsusdur. Bu bizim təbii-tarixi haqqımızdır. Çünki Türkiyə və Azərbaycanı Mərkəzi Asiya xalqları ilə eyni tarixi, mədəni-etnik, dini köklər birləşdirir. Biz hamımız birlikdə Türk dünyası adlı vahid etno-kültürəl birliyi təşkil edirik, eyni zamanda Türk Dövlətləri Təşkilatının (TDT) üzvləriyik. Yəni ki, soykök identikliyimizlə yanaşı, siyasi birliyimiz də mövcuddur.
Ona görə də qlobal geosiyasi aktorlardan fərqli olaraq Türkiyə və Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə sıx inteqrasiya qurmaq imkanları mövcuddur. Bu bizim xarici siyasət kursumuzun da əsas prioritetlərindən birini təşkil edir. Azərbaycan və Türkiyə arasında “bir millət, iki dövlət” fəlsəfəsinə söykənən qardaşlıq və müttəfiqlik münasibətləri modeli artıq Mərkəzi Asiya türk cümhuriyyətlərini də öz “çətir”i altına almaqda və “bir millət, altı dövlət” modelinə tranfer etməkdədir. Hazırda Azərbaycan və Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında inteqrasiya prosesi gün-gündən dərinləşməkdə və genişlənməkdədir.
Mərkəzi Asiyanın türk cümhuriyyətləri artıq Türkiyə və Azərbaycanın öncüllük, liderlik etdiyi inteqrasiya proseslərində fəal şəkildə rol almaqdadır. Türk birliyinin qurulması istiqamətində inteqrasiya prosesinin ən fəal aktorları isə məhz Özbəkistan və Qazaxıstandır. Mərkəzi Asiyanın bütövlükdə gələcək taleyini və yönünü də məhz bu iki dövlətin aktiv mövqeyi müəyyən edəcək. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfərləri, bunun ardınca isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin bugünlərdə ölkəmizə rəsmi səfər etməsi bütün türk dövlətlərinin qarşılıqlı münasibətlərinin genişləndirilməsində həlledici rol oynayacaq.
Bütün Türk dünyasının gələcək sıx inteqrasiyası da məhz bu dörd ölkənin – Türkiyə, Azərbaycan, Özbəkistan və Qazaxıstanın sarsılmaz dostluğundan və işbirliyindən asılı olacaq. Bu dördlük bütün Türk dünyasını öz arxasınca çəkib aparan, onu gələcəyə götürən lokomotiv rolunu oynayacaq. Bunun üçün bütün imkanlar və əlverişli zəmin var. Hazırda bu dörd ölkə arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. Həmçinin Azərbaycan-Qazaxıstan münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz demək olar ki, bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə də ölkələrimizin mövqeləri üst-üstə düşür.
Biz bu gün Qazaxıstanla bir çox sahələrdə əməkdaşlığı getdikcə genişləndiririk. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirak etməsini də ayrıca qeyd etməyimiz lazımdır. Qardaş ölkənin Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi Qazaxıstan rəhbərliyinin Azərbaycana qarşı sərgilədiyi əsl qardaşlıq münasibətinin göstəricisidir. Bu həm də iki ölkə arasında humanitar əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradacaq. Bu gün Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin genişlənməsində, Mərkəzi Asiyanın ən böyük ölkəsi sayılan Qazaxıstanın Türk dünyasına inteqrasiyasının dərinləşməsində Prezident İlham Əliyevin rolu və gördüyü işlər xüsusi qiymətləndirilməlidir.
İlham Əliyev Qazaxıstanın ali ordeni - “Altın kıran” (“Qızıl qartal”) ordeni ilə təltif edilməsi də bu fikrimizi təsdiqləyir. Tokayevin dövlətimizin başçısını belə bir ali ordenlə təltif etməsi bilavasitə İlham Əliyevin Türk Dövlətləri Təşkilatının yaranması və inkişafı istiqamətində göstərdiyi xidmətlərə verilən yüksək qiymətdir. Bu da onu göstərir ki, Azərbaycan Türk dünyasının inteqrasiyası prosesində üzərinə düşən əlaqələndiricilik missiyasını uğurla yerinə yetirir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri