Azərbaycan-Özbəkistan: Qardaşlıq münasibətləri dərinləşməkdə davam edir
Son illər Azərbaycanın əldə etdiyi nailiyyətlər, bir sıra beynəlxalq layihələrdə iştirakı, xüsusən də rəşadətli Azərbaycan Ordusu tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması və ədalətin bərpa edilməsi ölkəmizin nüfuzunu beynəlxalq aləmdə daha da yüksəltdi. Bu səbəbdən də ölkəmizə, eləcə də ölkə rəhbəri, Ali Baş Komandan, möhtərəm prezident İlham Əliyevə etiram və maraq daha da artmaqdadır. Bunu cənab Prezidentin bu günlərdə Özbəkistana səfəri zamanı təntənəli qarşılanma mərasimlərində bir daha gördük.
Səfər zamanı Prezident İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində iştirak etdi. Tədbirdə çıxışı zamanı cənab Prezident Özbəkistanın dövlət başçısına minnətdarlıq etdi: Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm.
Dünya şöhrətli lider Ulu Öndər Heydər Əliyevin xatirəsinə böyük hörmət və etiramın təzahürü olaraq Daşkəntdə yaradılmış Heydər Əliyev meydanın yaradılması əlbəttə ki, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.
Heç kimə sirr deyil ki, Ulu Öndər Heydər Əliyev Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub. Cənab İlham Əliyev qeyd etdi ki, ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda Heydər Əliyev , həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdir. Ən çətin dövrdə xalqının yanında olmuşdur. Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən əslində o, Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Onun təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilib. !993-cü ildə vətəndaş müharibəsinin qarşısını aldı.
Cənab Preziden Ümummilli liderin siyasi vəsiyyətini və onun özbək xalqına sevgisini də xatırladı: “Mənim edə bilmədiklərimi mənim davamçılarım edəcəklər”. Biz, onun davamçıları fəxr edirik ki, onun bütün vəsiyyətlərini həyata keçirmişik və ilk növbədə, tarixi ədaləti bərpa etmişik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişik.
Sovet dönəmində, 70-ci illərdə Heydər Əliyevin Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi.
Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir.
Səfər zamanı geniş tərkibli görüş zamanı Prezident İlham Əliyev qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsindən söz aşaraq bildirdi ki, Qarşılıqlı əlaqələr intensivləşməlidir. Hər bir istiqamət - iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola bilərik.
İki xalqın qardaşlıq münasibətindən danışan xatırladı ki, son 44 günlük müharibə zamanı Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.
Çıxışı zamanı cənab İlham Əliyev hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacağını. ölkələrimiz və xalqlarımız kənar təhdidlərlə üzləşməli olurlar. Buna görə də bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq.
Kənd təsərrüfatı, texnoparkın inkişafı və digər istiqamətlərdə də əməkdaşlıq inkişaf etdirilməlidir. perspektiv əməkdaşlıq istiqamətləridir. Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllində Özbəkistan yaxından iştirak edib. Özbəkistanın təcrübəsi və dəstəyi ipəkçilik sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağa imkan verdi.
Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşasına artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq.
Bu səfər bir daha göstərdi ki, Azərbaycan sülhsevər dövlətdir və regionda, qonşu ölkələr arasında dostluq münasibətlərinin inkişafında, xalqların mədəni, siyasi və təhlükəsiz yaşamasında maraqlıdır.
Nəzakət Əsgərova
Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru