Nikol İrəvandakı aksiyalardan Bakıya qarşı istifadə edir
Ermənistanda cəmiyyətin yoxsul təbəqəsindən müəyyən siyasətçilərin müxtəlif məqsədlər üçün istifadə üsulu çoxdan tətbiq edilir. Kasıb Ermənistanda etiraz aksiyalarında, eləcə də seçkidə iştirak pul qazanmağın yollarından biridir.
Bu sözləri Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov deyib.
“İndi kasıb rayon və əyalətlərdən avtobuslarla insanlar gətirilir, onlar müəyyən məbləğlər müqabilində etiraz aksiyalarında iştirak edirlər. Nə qışqıracaqları, nə oxuyacaqları onların heç vecinə də deyil. Onların aksiyaya qoşulması işə gəlmək kimidir. Bunu həm Sərkisyan, həm də Köçəryan həmişə edib. Yəni hazırda Ermənistanda etiraz aksiyalarında iştirak edənlərin yarıdan çoxu bu cür şəxslərdir. Bu, filmlərdəki “massovka” kimidir”, - ekspert bildirib.
Onun sözlərinə görə, bu gün İrəvanda siyasi texnologiyalar dəyişir:
“Sərkisyanın dövründə Moskvaya təzyiq göstərmək məqsədilə Ermənistan rəhbərliyinin təşəbbüsü ilə reallaşan Rusiya əleyhinə çoxlu mitinqlər olub – Rusiyadan rreditlər, pullar və s. qoparmaq üçün. Ola bilsin ki, bugünkü bir sıra etiraz aksiyaları da oxşar məzmun kəsb edir. Hətta bu aksiyalar şəxsən Paşinyanın maraqlarına uyğun edilir - o təşəbbüskar olmasa belə. Məsələn, bu etirazlar Nikola xalq adından deməyə əsas verir ki, biz Ermənistanda baş verən hadisələrə görə Azərbaycanla danışıqları davam etdirə bilmərik. Yəni Moskva moderator kimi İrəvanla sövdələşməyə məcbur olacaq. Ölkəsindəki etirazlara baxmayaraq, heç nə olmamış kimi Niderlanda iki günlük səfərə gedən Paşinyanın özünə inamı da buradan qaynaqlanır. Başa düşür ki, aksiyada iştirak edən adamlar onu devirmək iqtidarında deyil”.