"İlham Əliyev regiona çox mükəmməl inkişaf və sülh modeli təklif etdi"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çox zəruri məqamlara toxunub. Dünyanın çox tanınmış beyin mərkəzləri nümayəndələrinin Azərbaycana səfərləri, işğaldan azad olunmuş ərazilərdəki real vəziyyəti öz gözləri ilə görməsi və nəhayət, onların Azərbaycan Prezidenti ilə belə sıx təmasları əhəmiyyətli hadisədir.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında ekspert Əkrəm Bəydəmirli deyib.
O, qeyd edib ki, hazırkı məqamda, dünyanın gərgin çağında Azərbaycanın ortaya qoyduğu inkişaf modelləri ilə bağlı belə toplantının keçirilməsi zəruri id: "Digər tərəfdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin toplantı iştirakçılarının suallarını çox aydın, dəqiq cavablandırması regionumuzla bağlı informasiyaların dünyaya çatdırılması baxımından əhəmiyyətlidir. Azərbaycanın dövlət başçısı regionda gedən prosesləri, nəhəng iqtisadi layihələrin strateji mahiyyətini geniş izah etməklə bərabər Ermənistan tərəfinə də ciddi mesajlar göndərdi. Gerçəkdən Ermənistan bu inkişaf qatarına qoşulmasa, sivil qonşuluq prinsipləri ilə yaşamaq istəməsə onların aqibəti daha acınacaqlı olacaq. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyev regiona çox mükəmməl inkişaf və sülh modeli təklif etdi".