"Əldə olunmuş tarixi Qələbə dövlət başçısının güclü iradəsini nümayiş etdirdi"
Yarandığı gündən “Dünənin, bugünün və sabahın partiyası” olan Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün sağlam qüvvələrini öz ətrafında toplayaraq ümumxalq partiyasına çevrilmişdir. Partiyanın siyasi həyatında baş verən proseslər içərisində Seçki kompaniyaları və keçirilmiş qurultaylar xüsusi yer tutmaqdadır. 2021-ci il mart ayının 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayı nəinki partiyanın, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisə olmuşdur.
Qurultayda ölkə başçımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının geniş proqram xarakterli nitqində bir sıra taleyüklü məsələlərə, o cümlədən, partiyanın siyasi fəaliyyətinə xüsusi yer verilmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, aparılmış genişmiqyaslı islahatların fonunda Yeni Azərbaycan Partiyasının daha çevik fəaliyyətini təmin etmək məqsədilə partiyanın strukturunda da islahatlar davamlı olmalıdır. Hazırda YAP Mərkəzi Aparatında və rayon təşkilatlarında aparılan struktur dəyişiklikləri partiyanın fəaliyyətinin daha səmərəli təşkili ilə yanaşı, partiyamızla xalq arasındakı mövcud birliyin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Qurultayda ölkə başçısı qeyd etmişdir ki, müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcəkdir. YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb etmiş və son illər ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olmuşdur.
Qeyd edilməlidir ki, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Azərbaycan bu Qələbəsi ilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Hər birimiz şahidik ki, son 17 il ərzində dövlətimizin başçısı münaqişə ilə bağlı bütün çıxışlarında deyirdi ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq və heç vaxt imkan verməyəcək ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu.
Əldə olunmuş tarixi Qələbə dövlətimizin başçısının güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Ancaq bu möhtəşəm tarixi Zəfər gününə qədər ölkəmizdə bu Qələbəni şərtləndirən bir çox proseslər, o cümlədən zəruri hazırlıq işləri həyata keçirilmiş, mühüm hadisələr baş verib. Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşulmuş və artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdır.
Bu vəziyyət isə əlbəttə ki, 44 günlük Vətən müharibəsinin aparıldığı dövrdə ölkədə sabitlik və siyasi həmrəyliyin təmin olunması baxımından son dərəcə mühüm amilə çevrilmişdir. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin edildi, beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və ən əsası ölkəmizin ərazi bütövlüyünün bərpası təmin olundu.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri