QHT-lər BMT Baş katibinə müraciət edib
Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT sədrinin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) işçi kimi çalışan ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəmnində fəaliyyətinin qarşısının alınması ilə əlaqədar toplantı keçirib.
APA xəbər verir ki, toplantıda BMT-nin İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını nifrət zəmnində istifadə edən, yalnız Azərbaycana qarşı deyil, bütün türk xalqlarına qarşı qərəz, böhtan və təhqirlər səsləndirən, açıq şəkildə separatizmi təbliğ edən erməni əsilli Armen Qriqoryan, Narine Sahakyan, Meri Tavukciyan və Stepan Marqaryan adlı əməkdaşların BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək türklərə və azərbaycanlılara, ölkəmizə və Azərbaycan Respublikasının Prezidentinə nifrət zəmnində hücum etdikləri qeyd olunub.
Sonda QHT sədrlərinin iştirakı ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət qəbul olunub.
Müraciətdə deyilir:
“Hörmətli Baş Katib,
Birləşmiş Millətlər Təşkilatı bütün dünyada on milyonlarla insan üçün sülh və inkişafın bir işarəsidir. O, bəşəriyyətin rifahı üçün səylərini davam edir. BMT-nin minlərlə əməkdaşı gündəlik olaraq sülh və insan hüquqları naminə- gender bərabərliyi və daha yaxşı təhsilin təmininə, yoxsulluğun və aclığın aradan qaldırılmasına töhfə vermək üçün çalışır. Bəzən onların bir çoxu öz həyatlarını riskə ataraq yardıma ehtiyac duyanları dəstəkləmək üçün ən çətin şəraitdə işləyirlər.
Müstəqilliyin ilk illərində Birləşmiş Millətlər Təşkilatının ölkəmizin həyatında oynadığı mühüm rolu bir çox azərbaycanlı hələ də xatırlayır. Azərbaycan 90-cı illərin əvvəllərində çoxsaylı çətinliklərlə üzləşmiş və qonşu Ermənistanın hərbi təcavüzü nəticəsində ərazisinin 20%-dən çoxu işğal olunmuşdur. Nəticədə, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. BMT-nin bir çox qurumlarının göstərdiyi yardımlar xalqımız tərəfindən hər zaman minnətdarlıqla xatırlanır, çünki əsl dost dar gündə tanınır. Bakının mərkəzində yerləşən BMT Ofisindən dalğalanan BMT bayrağı hər zaman sədaqətli xidmətin və peşəkarlığın simvolu olub və belə də qalır.
Vətəndaş cəmiyyəti institutları BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə uzunmüddətli və səmərəli əməkdaşlıq təcrübəsinə malikdirlər. Faktiki olaraq, ixtisaslaşmış institutlardan olan – BMT-nin İnkişaf Proqramı qeyri hökumət təşkilatlarına dair bəzi prinsip və mexanizmlərin tətbiqində mühüm rol oynamışdır. Həmin dövrdən uzun illər keçməsinə baxmayaraq bizim əməkdaşlığımız davam edir. Müxtəlif BMT qurumları davamlı inkişaf məqsədləri və bir sıra mühüm inkişaf və humanitar məsələlər üzrə çoxtərəfli tərəfdaşlarla sıx əməkdaşlıq edir. Lakin, təəssüflər olsun ki, bu məktubumuzun mövzusu əməkdaşlıq və nailiyyətlər deyil.
Biz böyük ürək ağrısı ilə BMT-də qəbul olunmadığına inandığımız bir məsələni diqqətinizə çatdırmaq məqsədilə sizə yazırıq. Biz hər zaman yolverilməz olan qərəzlilik, nifrət nitqi, ayrı-seçkilik və ləyaqəti alçaldan hərəkətlər barəsində məlumat verməyi özümüzə borc bilmişik. Lakin bu kimi halların BMT əməkdaşları tərəfindən təşviq olunmasını görmək bizdə qəzəb hissi doğurur. Bu şəxslərin rəhbərlərinin isə nəinki bu nifrət çıxışlarının qarşısını ala bilmədiklərini, hətta günahkarları mükafatlandırdıqlarını görmək olduqca təəccüblüdür.
Biz, BMT-nin İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını nifrət zəmnində istifadə edən, yalnız Azərbaycana qarşı deyil, bütün türk xalqlarına qarşı qərəz, böhtan və təhqirlər səsləndirən və açıq şəkildə separatizmi təbliğ edən erməni əsilli Armen Qriqoryan, Narine Sahakyan, Meri Tavukciyan və Stepan Marqaryan adlı əməkdaşlarınızı nəzərdə tuturuq. Bu şəxslər BMT bayrağından və BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək türklərə və azərbaycanlılara, ölkəmizə və Prezidentimizə nifrət zəmnində hücum edən insanlardır. Sözü gedən şəxslər, beynəlxalq təşkilatlarda çalışan məmurlara aid bütün əsas prinsiplər və etik normalara etinadsız yanaşa biləcəklərini zənn edirlər. Onların hərəkətləri BMT prinsipləri və idealları üçün utancvericidir.
Biz, çoxsaylı xəbərdarlıqlara və müraciətlərə baxmayaraq, BMT İnkişaf Proqramının niyə bu çirkin davranışı dayandırmaq üçün lazımı tədbirlər görə bilmədiyini anlamaqda çətinlik çəkirik. Əlavə olaraq, sözü gedən əməkdaşlardan bəziləri vəzifələrində irəli çəkilmiş, hətta hazırda “sülh və inkişaf naminə xidmət edirlər”. Təbliğ etməyə borclu olduqları dəyərləri sarsıtmaq kimi tarixi ənənələrini nəzərə alsaq, bizə maraqlıdır ki, görəsən onlar hansı təmsilçiliyi təklif edə bilərlər
BMT-də çalışmağın mühüm elementlərindən biri də hesabatlılıqdır. İnsanlar öz əməllərinə görə cavabdehlik daşımalıdırlar. Sizdən xahiş edirik ki, BMT-nin öz prinsiplərinə hörmət etdiyini və buna əməl etməyənlərə qarşı tədbir görməyə hazır olduğunu bəyan etməklə, BMT-nin nəinki Azərbaycandakı, habelə digər ölkələrdəki nüfuzunu qoruyub saxlayasınız”.