Sizin Reklam Burada

"Qarabağla Marselin yerini xəritədə səhv salan bu qadın bilməliydi ki... "

"Qarabağla Marselin yerini xəritədə səhv salan bu qadın bilməliydi ki... "Müşahidələr onu göstərir ki, Fransanın siyasi elitasının üzvlərinin beynəlxalq hüquqdan, diplomatiya etikasından ümumiyyətlə xəbərləri yoxdur. Bu ölkənin baş diplomatının məsuliyyətsiz açıqlaması onun Valeri Pekres və Erik Siotti kimi siyasi nadanlardan heç nə ilə fərqlənmədiyini göstərir. Biz bunu təəssüf hissilə qarşılayırıq. Fransa kimi bir ölkəni idarə edənlərin və idarə etmək istəyənlərin siyasi mədəniyyətinin bu dərəcədə aşağı olması heyrət doğurur.

Bizim el dilində desək, bir dəli quyuya bir daş atıb, yüz ağıllı isə yığışıb o daşı çıxarmaq əvəzinə, əksinə, quyunu tamamilə kor günə qoyurlar. İndi Respublikaçılar partiyasının prezident seçkilərində namizədi, İl-dö-Frans regionunun rəhbəri Valeri Pekresin dekabrın 22-də Mişel Barniye və Brüno Retayyonun müşayiəti ilə Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Fransa Respublikası tərəfindən tanınmış beynəlxalq sərhədlərini qeyri-qanuni yolla və gizlicə keçməsi və Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etməsinə Fransa parlamentarilərinin və bu ölkənin xarici işlər nazirinin münasibəti də məhz həmin el məsəlimizdəki şərti "yüz ağıllı"nın ağılsız davranışına bənzəyir. Onlar sivil dünyanın qanunlarını kobud şəkildə pozan qanunsuz səfərə sərt reaksiya vermək və V.Pekresin bu hərəkətini qınamaq əvəzinə, Azərbaycanın üzərinə gəlmək yolunu seçməklə siyasət və diplomatiya tarixində ən bağışlanmaz səhvlərdən birinə yol verdilər.

Pekres və onun ermənipərəst çevrəsi məlum qanunsuz səfərə görə Azərbaycan tərəfindən rəsmi şəkildə üzr istəməli ikən, bunun əksinə, Azərbaycan dövlətinə və xalqına qarşı iyrənc təbliğat aparır, fransız cəmiyyətində Azərbaycan xalqına qarşı nifrəti körükləyir və hətta açıq-aşkar yalana əl atmaqdan da çəkinmir. Bu xanım siyasətçi utanmadan keçmiş Dağlıq Qarabağ münaqişəsinə dini don geyindirməyə və bununla da fransız seçiciləri xristian-müsəlman ədavəti üzərinə kökləməyə cəhd göstərir.

Pekres daha bir həyasızlığa yol verərək deyir ki, "mən namizəd kimi istədiyim yerə gedə bilərəm". Fransa kimi supergücün idarəetmə sükanının başına keçmək istəyən bu adam anlamır ki, o bir namizəd kimi yalnız Fransa daxilində istədiyi yerə getməkdə, istədiyi məkanda seçki təbliğatı aparmaqda sərbəstdir. Qarabağla Marselin yerini xəritədə səhv salan bu qadın bilməliydi ki, Xankəndinə gəlmək üçün ilk növbədə Azərbaycan hökumətinə rəsmi qaydada müraciət etməli və icazə almalı idi. Lakin V.Pekresin belə bir icazə olmadan Azərbaycan ərazisinə oğrular kimi gizli gəlməsi bu qadının mağara təfəkkürünə malik olmasını göstərir.

Bəli, "hara istəsəm, gedə bilərəm" refleksi ilə hərəkət etmək yalnız qədim ibtidai insanlara xas olan hərəkət tərzidir. Belə bir gerizəkalının, mağara təfəkkürünün daşıyıcısının Fransa kimi dünyanın aparıcı ölkələrindən birinin rəhbəri seçilməsi ehtimalı belə qəbuledilməzdir. Belələrini seçki marafonuna buraxmaq olmaz. Pekres kimilərinin yeri siyasət aləmi deyil. Həm Azərbaycan qanunvericiliyinin, həm Fransa qanunvericiliyinin tələblərini, həm də beynəlxalq hüquq normalarını kobud şəkildə pozan belə bir avantürist və cahil namizədi fransızlar ümumiyyətlə seçmək və seçilmək hüququndan məhrum etməlidirlər.

Bu qadın heç olmasa, dərk etsəydi ki, lideri olmaq istədiyi Fransa dövləti Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın davam etmiş münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyət göstərib və hələ də həmsədr olaraq qalır, bəlkə də belə bir təxribatçı addıma yol verməzdi. Lakin nə V.Pekres, nədəki onu müşayiət edənlər Fransanın bir həmsədr dövlət kimi neytral qalmalı olduğunu düşünmədən, belə bir avantüraya yol veriblər.

Ümid etmək olardı ki, bəlkə Fransa hökuməti, Fransanın xarici siyasət idarəsi Pekressin bu səhvini düzəltmək və Azərbaycanla münasibətləri zədələməyin yolverilməz olduğunu hər kəsə izah etmək yolunu tutar. Ancaq əfsuslar olsun ki, biz bunu da görmədik. Fransanın xarici işlər naziri Jan İv Lö Drianın bu ölkənin parlamentində (Milli Assambleyada) Azərbaycana qarşı kobud fikirlər səsləndirən və Pekresi müdafiə edən Respublikaçılar partiyasının üzvü Erik Siottiyə təxribatçı çıxışına görə irad bildirmək əvəzinə, həddini aşması, diplomata yaraşmayan ritorika ilə Azərbaycan Prezidenti İlham Əliyevin Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirməsi böyük ənənələri olan Fransa diplomatiyasının tamamilə tənəzzülə uğradığını göstərir.

Bu ölkənin hazırkı xarici işlər nazirinin beynəlxalq hüquqa məhəl qoymaması, Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd mövqe tutaraq Pekresin Xankəndiyə qanunsuz səfərinə haqq qazandırmağa çalışması Fransa kimi bir ölkə üçün həqiqətən də çox utancvericidir. Lö Drianın sərgilədiyi bu "diplomatiya" peşəkar diplomatiya deyil, küçə "diplomatiya"sıdır. Pekresin və Lö Drianın bu cür məsuliyyətsiz hərəkətləri Fransanı Azərbaycanın ictimai rəyində tamamilə gözdən düşmüş bir ölkə halına gətirdi.

Çox istərdik ki, sadə fransızlar da onları idarə edənlərin və gələcəkdə idarə etmək istəyənlərin bu cür bərbad siyasətinə biganə qalmasınlar, buna münasibət bildirsinlər. Çünki sağlam təfəkkürdən uzaq olan və elementar məsuliyyət hissini itirmiş bu cür siyasətçilər, diplomatlar fransız xalqını heç də xoş gələcəyə doğru aparmır. Tarix boyu ədalət uğrunda mübarizə aparmış fransız xalqı, indi öz siyasətçilərindən və diplomatlarından da ermənipərəst, türkofob, islamofob siyasətə son qoymağı tələb etməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər