Xainlərin xisləti heç vaxt dəyişmir - MHP sədri
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin onlayn formatda keçirilən bugünkü görüşündə Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə siyasi tərbiyəsizliyə yol verməsi, korazehinlik nümayiş etdirməsi bütövlükdə Ermənistan adına növbəti biabırçılıqdır. Onun sözügedən onlayn toplantıda Rusiya prezidenti Vladimir Putinin Qazaxıstandakı olaylarda Qərb faktoruna işarə edərək, “rəngli inqilab"ların qarşısını almaq üçün KTMT üzvləri arasında əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulamasını yanlış anlaması və Qazaxıstandakı son olaylarla İkinci Qarabağ müharibəsi arasında paralel apararaq, hər iki situasiyada "xarici terrorist" amilinin mövcudluğunu iddia etməsi eyni zamanda bu adamın xəstə təfəkkürünün göstəricisidir.
Aradan bir ildən də çox vaxt keçməsinə baxmayaraq Nikol Paşinyan hələ də 44 günlük müharibədəki məğlubiyyətinin psixoloji travması ilə yaşayır. Məhz bu səbəbdən o, KTMT-nın bugünkü sammitində müharibə zamanı Ermənistanın "propaqanda maşını"nın guya "Dağlıq Qarabağa 44 günlük müharibədə kənardan terrorçuların gətirilməsi" barədə tirajladığı ağ yalanı həyasızcasına təkrarlamaqdan utanmadı. Belə ki, Ermənistanın baş naziri bildirdi ki, “Qazaxıstanda olduğu kimi Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri yeni təhlükələrlə üz-üzə qala bilər”.
Paşinyanın bu ağ yalanı sözügedən sammitdə səsləndirməsi bir tərəfdən fürsətçilikdirsə, digər yandan isə növbəti dəfə Azərbaycan və Türkiyəni qaralamaq cəhdidir. Eyni zamanda o, bununla bəri başdan KTMT-nın (konkret olaraq Rusiyanın) qarşısında şərt qoyur ki, gələcəkdə Ermənistanın Azərbaycana qarşı törədəcəyi növbəti təxribatlar zamanı bu hərbi alyansdan dəstək ala bilsin. Zatən Ermənistan kimi terrorçu, təxribatçı bir dövlət üçün və Paşinyan kimi avantürist bir hökumət başçısı üçün KTMT-nı Azərbaycana qarşı istifadə etməkdən ötrü təxribat törətmək, silahlı toqquşmalara rəvac vermək heç də çətin deyil.
Çox güman ki, Ermənistan nə vaxtsa belə bir "kart"dan yararlanmağa çalışacaq. Hər halda bugünkü sammitdəki məlum açıqlaması ilə Ermənistan hökumətinin səbatsız başçısı gələcəkdə bu istiqamətdə hərəkətə keçə biləcəyinin təməlini qoydu və anonsunu verdi. Onun bu hərəkəti həm də Rusiya liderinə yarınmaq cəhdi kimi qiymətləndirilməlidir. Ermənilər tarix boyu belə olublar. Onlar hər fürsətdə böyük güclərə yarınıb, bizi hədəf göstəriblər, bizi satıblar və başqasının əli ilə bizi vurmağa çalışıblar. İndi də bu adam KTMT-nın dönəm sədri olması imkanından maksimum yararlanmağa çalışmaqla bizi bu qurumun hədəfinə gətirməyi düşünür. Xainlərin xisləti heç vaxt dəyişmir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri