"Vitali Balasanyanın Rusiya Prezidentinə yazdığı məktub siyasi xarakterlidir və daxili auditoriya üçündür"
Keçmiş Qarabağ separatçılarının liderlerindən olan Vitali Balasanyan Rusiya prezidenti Vladimir Putindən Qarabağdan könüllü köçən ermənilərin geri qayıtması üçün kömək istəyib. Burada “Artsax ermənilərinin” hüquqlarının qorunmamasından və onların “öz doğma torpaqlarına” qayıtmaq arzularından bəhs olunur. Bu cür məktublar daha çox, daxili auditoriyaya (erməni cəmiyyətinə), mesaj vermək, seçicilərdən dəstək almaq məqsədi güdür.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərindən sonra Azərbaycan həmin bölgədə tam suverenliyini bərpa edib. Bu səbəbdən, oraya hansısa formada separatçıların və ya onların təmsil etdiyi qurumların qayıdışı müzakirə mövzusu deyil. Balasanyanın məktubu daha çox “müstəqil Artsax” ideyasının davamı kimi səslənir ki, bu da reallıqdan uzaqdır. Vitali Balasanyanın məktubu həm reallıqdan uzaq siyasi iddialar, həm də keçmiş separatçı təsisatların canlandırılması cəhdi kimi qiymətləndirilə bilər. Bu cür çağırışlar regionda sabitliyə deyil, daha çox revanşist ruhun qızışdırılmasına xidmət edir.
K.Bayramov əlavə edib ki, V. Balasanyan bilərəkdən Rusiya prezidentinə Ermənistanda gələn il keçiriləcək seçkilər ərəfəsində müraciət edib. Onun “məktubu” eyni zamanda keçmiş Qarabağ klanın rəhbəri Robert Koçaryanın yenicə Moskvaya səfər edərək, təlimatlarla geri döndüyü vaxta təsadüf edir.Bu da o deməkdir ki, V. Balasanyanın istədiyi ermənilərin Qarabağa geri qayıtması deyil, sadəcə bununla Kremlə mesaj vermək niyyəti güdür. Görünür ki, klanlar yenidən Qarabağ kartından istifadə edərək birləşmək və Paşinyanın devrilməsinə nail olmaq arzusundadırlar. Ümumiyyətlə, Vitali Balasanyan da, havadarları da, yerli əhalinin etimadını itirmiş digər erməni “liderləri” də yaxşı bilirlər ki, ermənilərin bir daha Qarabağa geri qayıtması mümkün deyil.
Düzdür, Ermənistanda 2026-ci il seçkilərinə müxalifət əvvəlki illərdən fərqli olaraq daha ciddi hazırlıq prosesinə başlayib və Qarabağ məsələsi Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizədə vasitə rolunu oynaya bilər. Nəzəri baxımdan Rusiya Nikol Paşinyana müxalif olan qüvvələrdən birinə dəstək də verə bilər. Hətta, erməni “siyasətçilər” Qarabağ ermənilərinin geri dönüşü məsələsini gələcək perspektivdə Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etməyi də xəyal edə bilərlər. Ancaq, bu, heç də o anlama gəlmir ki, Moskva öz strateji tərəfdaşı olan, beynəlxalq aləmdə nüfuzu günü gündən artan Azərbaycanla münasibətlərinə ciddi zərər verəcək bir addım atmaq fikrinə düşər. Ümumiyyətlə, Nikol Paşinyanın növbəti mərhələdə hakimiyyətdə qalması daha mümkün görünür.