Azərbaycan dünya siyasətinin qlobal proseslərinə birbaşa təsir göstərən ölkədir
Beynəlxalq siyasətin tam hüquqlu subyekti olan Azərbaycan mötəbər beynəlxalq regional və regionlararası təşkilatların üzvüdür. Belə nüfuzlu təşkilatlardan biri də Türk Dövlətləri Təşkilatıdır. Təqdirə layiq haldır ki, bu gün Azərbaycanın Türk Dövlətləri Təşkilatının bütün üzv və müşahidəçi ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı faydalı əlaqələr saxlaması qurumun fəaliyyətinə güclü təsir göstərir.
Cari ilin noyabrın 6-da Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən sammitində Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan liderləri, eləcə də müşahidəçi ölkələrin - Türkmənistan, Macarıstan və Şimali Kipr nümayəndələri tərəfindən müzakirə edilib.
Bu il iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsinin ardınca noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 11-ci sammitinin yekunları üzrə kosmosda əməkdaşlıq da daxil olmaqla təşkilatın ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya, təşkilatın gələcəyi və TDT çərçivəsində təhlükəsizlik məsələləri ilə bağlı imzalanmış bir sıra böyük siyasi və iqtisadi əhəmiyyətli sənədlər, "Yaşıl düşüncə. Davamlı gələcək naminə birliyin qəbul edilməsi" devizini ehtiva edən Bişkek bəyannaməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə məhz getdikcə daha sıx birləşməkdə, genişlənməkdə və güclənməkdə olan türk dünyasının həmrəyliyinin yeni bariz ifadəsidir.
Bişkekdə keçirilən Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha xüsusilə bütövlükdə dünyada siyasi kataklizmlərin vüsət aldığı bir zamanda TDT-nın daha mükəmməl fəaliyyəti üçün ortaq maraqların qorunması naminə bir sıra mühüm açıqlamalar və təkliflərlə çıxış edərək qeyd etmişdir: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.
Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini iqtisadi və siyasi kontekstdə təqdim edən ölkə başçısı bildirdi ki, son dövrlər Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Bir sözlə, Ölkə Prezidenti cənab İlham Əliyevin Bişkekə son səfəri və səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan dünya siyasətinin qlobal proseslərinə birbaşa və ya dolayısı ilə təsir göstərən türk dövlətləri ilə münasibətləri dərinləşdirməkdə maraqlıdır və türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının gücləndirilməsi onun xarici siyasətinin prioritet istiqaməti olaraq qalacaq.
Professor Mahirə HÜSEYNOVA,
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, Əməkdar müəllim