Tehran İrəvana xəbərdarlıq etsə də, geri çəkilmir
Görürük ki, İranın Zəngəzur dəhlizi məsələsindəki mövqeyi prinsipial olaraq qalır. Hər nə qədər İran Ermənistanın bölgəyə ABŞ və Fransanı gətirmək istəklərinə qarşı özünü mübarizə aparırmış kimi göstərib, regional məsələlərin guya bölgədə həll olunması ilə bağlı həm Paşinyana, həm də Ermənistan XİN-ə vaxtaşırı olaraq xəbərdarlıq etsə də, Tehran bu məsələdə geri addım atmır.
Bu sözləri Axar.az-a politoloq Turab Rzayev İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı bəyanatlarına münasibət bildirərkən deyib.
İranın Azərbaycanla münasibətləri normallaşdırmağa çalışmasına da toxunan politoloq vurğulayıb ki, İran Zəngəzur dəhlizi məsələsində dövlət siyasətindən kənara çıxmır:
"Görünən odur ki, İranın bu məsələdə sabit dövlət siyasəti var və onu dəyişmək niyyətində də deyil. Çünki İran bu məsələdə daha fərqli maraqlar güdür. Belə ki, Ermənistan-İran sərhədinin Rusiyanın nəzarətində olmasını istəmir. Zəngəzur dəhlizinin açılması və rus FTX-nin nəzarətinə keçməsi həmin dəhlizi sanki Rusiyanın nəzarətinə verəcək. İran hökuməti isə bunu özünə təhdid olaraq görür. Digər tərəfdən isə burada İran Ermənistana hamilik etməklə xüsusilə xristian dünyasında, katolik Avropasında, Vatikanın yanında və s. xristian təəssübkeşliyindən istifadə etməyə çalışır. Eyni zamanda, ABŞ-dakı liberal sol demokratik partiyaların qatıldığı, erməniləri məzlum xalq kimi tanıyıb, onların haqq-hüquqlarını axtaran ermənipərəst qrupların nəzərində siyasi simpatiya toplamağa çalışırlar".
Politoloq İranın vaxtaşırı Qərbin türkə qarşı aqressiv münasibətindən istifadə etdiyini diqqətə çatdırıb:
"Tehran rejiminin liberal islahatçı qanadı açıq şəkildə ABŞ-a deyir ki, biz olmasaq, türk dili bölgədə əsas dil olar. Məhz Qərbdə olan türk düşmənçiliyindən müəyyən qədər bu məqsədlə istifadə etməyə çalışırlar. Buna görə də Qərbdə və Avropada Ermənistanın hamisi, qoruyucusu obrazını yaradırlar".
O bildirib ki, bu məsələdə İran və Rusiyanın maraqları üst-üstə düşmür:
"İran istəyir ki, Zəngəzur dəhlizində Rusiyanın nəzarəti bərpa olunmasın. Bu cür açıqlamaların hələ davamı olacaq. İranla Ermənistan arasında strateji ittifaqa qədər apara bilən müqavilələr mövcuddur. Hətta İran və Ermənistanı müəyyən məsələdə hərbi müttəfiq də saya bilərik. Ona görə də Ermənistanla münasibətlər İran xarici siyasətində əsas prioritet xətt olacaq və bu, Tehranın Bakı ilə münasibətinə daimi problem yaradacaq".