Putinin Azərbaycana, İlham Əliyevin İtaliya səfəri
Ermənistan Azərbaycan arasında sülh müqaviləsi o halda bağlana bilər ki...
Rusiya Qərb qarşıdurması, Co Baydenin növbəti ABŞ prezidenti postu uğrunda mübarizədən məcburi imtinası ilə daha aktiv mərhələyə keçib. Ukraynanın müharibəni Rusiya ərazisinə keçirməsi sözsüz ki, Ukraynanın öz hərbi-siyasi məqsədləri ilə yanaşı, əsas Donald Trampın ABŞ prezidenti postuna gəlmə ehtimalının yarada biləcək riskləri sığortalamaq niyyətinə söykənir. Proses müəyyən mənada Rusiya dövləti və Putin hakimiyəti üçün ciddi təhlükələr vəd edir. Bu arada Rusiya prezidenti Vladimir Putinin 18-19 avqustda Azərbaycana etdiyi səfərinin də məhz təhlükəsizlik kontekstdən qiymətləndirilməsi daha düzgündür.
Əvvəla, artıq Rusiya Cənubi Qafqazın digər iki respublikalarında Ermənistan və Gürcüstanda mövqeyi olduqca zəifləyib baxmayaraq ki, Rusiya Ermənistan və Gürcüstanda da vəziyyəti öz xeyirinə dəyişməyə cəhd etsə də istədiyi nəticəni əldə edə bilmədi. Əksinə Gürcüstan da Ermənistandan sonra Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin və digər vəzifəli şəxslərin həbsinə dair orderini dəstəkləyən Avropa Şurasının bəyannaməsinə qoşuldu. Qeyd edilən və beynəlxal geosiyasi vəziyyətdə Rusiya üçün Azərbaycan olduqca vacib tərəfdir. Əlbəttə ki, Türkiyə faktoru bu vacibliyi yaradan şərtlərdəndir. Rusiyanın və Putinin beynəlxalq izolyasiyası, sanksiyalar və Kursk bölgəsində Ukrayna ordusunun irəliləməsi Putinin beynəlxal arenada böyük nüfuza malik Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi və diplomatik kömməyinə ehtiyacını şərtləndirir.
Putinin Azərbaycana səfəri və İlham Əliyevlə görüşünün, Azərbaycan prezidenti İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda iştirakından öncə baş tutması heç də təsadüfi deyildi. Azərbaycan prezidenti İlham Əliyevin həmin forumda Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı çıxış etdi. Blumberq-in məlumatına görə, Moskva və Kiyev İlham Əliyevdən dekabrda əsas razılaşmanın müddətinin başa çatmasından sonra Ukrayna ərazisindən Avropaya qaz tranzitinin asanlaşdırılması xahişi ilə müraciət edib. Həmçinin İlham Əliyev Rusiya Ukrayna arasında münaqişənin həllində vasitəçi kimi çıxışışına hazır olduğunu da bildirib.
Rusiya Ukrayna arasında müharibənin son nəticələri Rusiyanı da danışıqlara meyilli edib, üstəlik Ukraynanın da danışıqlar masasında əlini gücləndirib. Böyük güclər, xüsusəndə ABŞ üzücü müharibənin davam etdirilməsini istəsədə, Rusiya və Ukrayna bu müharibənin dayandırılmasında maraqlı görünür. Azərbaycanın hər iki münaqişə tərəfləri ilə isti münasibəti və Azərbaycan prezidenti İlham Əliyevin böyük beynəlxalq nüfuzu münaqişə tərəflərinin mövqeyinin yaxınlaşdırılmasına müsbət təsir edə bilər.
O ki, qaldı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə, Zəngəzur dəhlizi sülh müqaviləsi lahiyəsindən çıxarılsa da tərəflər arasında yekun müqavilə, sülh Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə edilməsindən sonra mümkün görünə bilər. Halbuki, sülh müqaviləsinin imzalanmasına mane olan keçilməz digər şərtlər mövcuddur. Əlbəttə ki, Azərbaycanın Xalq Cümhuriyyətinin varisi kimi, öz ərazilərinə hüquqi tələb imkanları, Ermənistanın qanunsuz əldə etdiyi Azərbaycan torpaqlarınına "kadastr" istəyi, Ermənistan Konstitusiyası və müstəqillik aktı, Qərbi Azərbaycan proqramının tətbiqi planları.
Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsi lahiyəsindən çıxarılması fonunda İranın yenidən Zəngəzur dəhlizinə "qırmızı xətt" kimi bəyanatı əlbəttəki bu məsələnin gündəmdə olmasını və bunun ətrafında ciddi və qızğın müzakirəsinin getdiyini göstərir. Bu məsələ də İran və Rusiyanın maraqları bir-birinə ziddir. Bir müddət əvvəl Şoyqunun İrana və sonra Azərbaycana səfərinin əsas müzakirə predmetinin birinin də məhz Zəngəzur dəhlizi ilə bağlı olduğu şübhəsizdir. Təbii ki, Tehranda İsmayıl Haniyənin öldürülməsinə İranın cavabının variantları və onun mümkünlüyünün də əsas müzakirə mövzusu olub.
Zəngəzur dəhlizinə beynəlxalq oyunçu və ya təşkilat tərəfindən nəzarətin razılaşdırılması belə dəhlizin açılmasına yaşıl işıq deyil. Təbii ki, dəhlizə ancaq Rusiya nəzarət edərsə, o halda dəhlizin açılması reallaşa bilər. Bu həm də 10 noyabr 2020-ci il üçtərəfli Moskva bəyannaməsinin tələblərindən irəli gəlir. Heç təsadüfi deyil ki, rəsmi İrəvan sözü gedən bəyannamənin qüvvədən düşdüyü barədə dəfələrlə bəyanat səsləndirib. Azərbaycan da Mins qrupunun ləğvi ilə bağlı tələblər irəli sürür. Ermənistan və Qərb dəhlizə rus nəzarəti variantın əleyhinə olduğundan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə edilməsi çətin gedir.
Bir müddət əvvəl, Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsi lahiyəsindən çıxarılması barədə məlumatlar müəyyən suallar yaratmışdı. Əslində isə, Zəngəzur dəhlizi məsələsinin ayrı müzakirə predmetə çevrilməsi Azərbaycanın maraqlarını bu vəya digər formada təmin etməyə imkan verir. Əvvəla unutmayaq ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 illik işğalda saxlaması nəticəsində vurduğu yüz milyardlarla ziyanı ödəmək məcburiyyətindədir və təbii ki, Ermənistanın bu ziyanı ancaq ərazisi hesabına ödəyə bilir. Bu ərazi Zəngəzur dəhlizinin keçdiyi ərazilər ola bilər.
Digər tərəfdən, əgər Ermənistan rəsmi öhdəliklərindən tam şəkildə imtina edərsə, işğal nəticəsində vurduğu ziyanı ödəməkdən yayınmağa çalışarsa əlbəttə ki, Azərbaycan qarşısında duran məsələlərin həllinə hərb yolu ilə nail olunacaq.Təbii ki, bu halda Zəngəzur dəhlizi məsələsi sülh müqaviləsindən kənar qalmalıdır.
Vüqar Dadaşov