Sizin Reklam Burada

Türk torpaqlarını birləşdirən qədim diyar

Türk torpaqlarını birləşdirən qədim diyarNaxçıvan dünən olduğu kimi, bu gün də Türk dünyasının daha da sıx inteqrasiyası üçün mühüm rol oynayır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihənin icrasına başlayıb. 1 avqust-31 oktyabr tarixləri arasında reallaşdırılacaq layihənin məqsədi müasir dövrdə Türk dünyasının birliyinə gedən yolda göstərilən səyləri, Azərbaycanın, o cümlədən 2024-cü ildə 100 yaşı olan Naxçıvan Muxtar Respublikasının bu istiqamətdə oynadığı rolu, müasir türk birliyinin, belə deyək ki, hüquqi əsası sayılan və 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişinin əhəmiyyətini müxtəlif tədbirlərlə Türk dünyası ictimaiyyətinə, xüsusilə də gənclərə və məktəblilərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 3 məqalənin hazırlanması nəzərdə tutulub. Həmin 3 məqalənin birincisi oxuculara təqdim edilir.

Saziş ilə bağlı konkret detallara keçməzdən öncə onu vurğulamaq yerinə düşər ki, Naxçıvan tarixən Azərbaycan dövlətçiliyinin, azərbaycançılığın qorunub saxlanmasında müstəsna rol oynayıb. Eynİ zamanda qeyd etməyi özümüzə borc bilirik ki, 2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam oldu və Prezident İlham Əliyevin 30 dekabr 2023-cü il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncama əsasən bu əlamətdar tarixlə bağlı tədbirlər planı hazırlanıb və həyata keçirilməkdədir.

Ümumiyyətlə, dövlət başçısının sözügedən sərəncamında da qeyd edildiyi kimi Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verib.

Onu da bildirmək yerinə düşər ki, strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirib. Lakin bu tarixi diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf edib.

Şentürk Hoşgül: TDT-nin əsası, əslində, 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişi ilə qoyulub

Mövzu ilə bağlı həmsöhbət olduğumuz Manisa Azerbaycan Kültür ve Dayanışma Derneğinin başqanı Şentürk Hoşgül deyib ki, Naxçıvan Ermənistanın işğalçılıq siyasətinə mərdliklə sinə gərərək, müstəqillik illərində də öz qəhrəmanlığı ilə tarix yazıb.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə bu diyar düşmənə baş əyməyib: “Kimsəyə sirr deyil ki, həmin vaxt sərgilənən misilsiz qəhrəmanlıqda, həmçinin sonrakı illərdə Naxçıvanın davamlı inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük xidmətləri vardır. Məhz Heydər Əliyev daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur”.

Ş.Hoşgül əlavə edib ki, müasir türk birliyinin hüquqi əsasının qoyulduğu yer kimi tarixə düşən Naxçıvan eyni zamanda bütün türk torpaqlarının birləşdiyi məkan kimi də dünyanın diqqət mərkəzindədir: “Bəlli olduğu kimi 2021-ci il noyabrın 12-də İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VIII Zirvə Görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilməkdə olan Türk Şurasının artıq Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilib. TDƏŞ isə məhz türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış və bu il 15 illiyi qeyd edilən Naxçıvan Sazişinə əsasən yaradılmışdır. TDT daxilində aparıcı rol oynayan ölkələrdən biri kimi Azərbaycan eyni zamanda Türk dünyasının birləşməsinin əsasının qoyulmasında da öz möhürünü vurub. Yəni TDT-nin əsası, əslində, məhz türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişi ilə qoyulub”.

Ş.Hoşgül bildirib ki, bütün bunları təqdir etməklə yanaşı, bu birliyə aparan yolda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən reallaşdırılan siyasətin gələcək nəsillərə çatdırılması xüsusi önəm kəsb edir: “Bəlli olduğu kimi, keçmiş SSRİ-nin dağılması ilə müstəqilliklərini yenidən əldə etmiş türk dövlətlərinin qarşılıqlı əlaqələrində ikitərəfli münasibətlərlə yanaşı, dövlət başçılarının sammitləri də xüsusi yer tutur. Azərbaycan isə bu mötəbər tədbirlərdə həmişə intensiv iştirak etmiş, ümumtürk dəyərlərinin dirçəlməsi yönümündə xüsusi fəallıq göstərmişdir. Ulu Öndər Heydər Əliyev hər zaman türk dövlət başçılarının zirvə toplantılarına xüsusi önəm vermişdir. Təbii ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sözügedən istiqamətdəki strategiyası bu gün də uğurla davam etdirilməkdədir. Çünki Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətləri və xalqları arasında əlaqələrin genişlənməsinə, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın artırılmasına da xüsusi əhəmiyyət verir”.

Ruhəngiz Əliyeva: Naxçıvan Sazişi 15 il öncə, 2009-cu il oktyabrın 3-də fəadakarlıq nəticəsində imzalanıb

Mövzu ilə bağlı fikirlərini bölüşən Pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyeva isə bildirib ki, Türk dünyası getdikcə daha da sıx inteqrasiya edir: “Lakin bu birliyə heç də asanlıqla nail olunmayıb. Bəlli olduğu kimi bu birliyə nail olunması üçün türk dövlətlərinin rəhbərləri inanılmaz qətiyyət göstərib, fədakarıqlar ediblər. Elə 15 il öncə, 2009-cu il oktyabrın 3-də Naxçıvan Sazişi də bu fəadakarlıq nəticəsində imzalanıb”.

R.Əliyeva deyib ki, Türkiyə və Azərbaycan gənclərinin timsalında bunu bütün Türk dünyasının gəncləri bilməlidir: “Həmçinin Türk dünyasının elm adamları bu yolda verilən mücadilələr barədə davamlı çıxışlar etməli, məqalələr yazılmalı, araşdırmalar aparılmalıdır. Yəni bu yolda bizlərin üzərinə daha böyük məsuliyytə düşür”.

R.Əliyeva qeyd edib ki, biz qədim tariximizlə yanaşı, müasir tariximizi də dərindən öyrənməliyik: “Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində bununla bağlı çox dəyərli fikirlər söyləyib. Cənab Prezident “bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır, biz başqa yerdə ailə axtarmamalıyıq deyib".

R.Əliyeva bildirib ki, bu fikirlər bir çağırış, bir yol xəritəsi kimi dəyərləndirilməlidir: “Eyni zamanda, cənab İlham Əliyevin çıxışında toxunduğu məqamlar Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdirilməsini daha da aktual edir. Bu baxımdan hazırda əsas hədəflərdən biri odur ki, TDT qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Bu məsələnin aktuallığı isə bütün Türk dünyasına çatdırılmalıdır və ümid edirəm ki, CASCFEN-in icra etdiyi layihə də həmin istiqamətdə önəmli addımlardan biri olacaq”.

Fikirlərinə davam edən R.Əliyeva Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərindən sonra türk birliyinin daha da aktual olduğunu deyib: “Sonda onu qeyd etmək istəyirəm ki, Azərbaycan ordusunun 2020-ci il 44 günlük Vətən müharibəsindəki tarixi zəfəri yaxın gələcəkdə Avrasiya xəttində bir sıra mühüm dəyişikliklərin olacağını göstərdi. Bir naxçıvanlı kimi sevinclə qeyd edəcəyimiz məqam odur ki, Naxçıvan bu dəyişikliklərin ən tez hiss olunacağı coğrafiya olacaq. Geopolitik relyefi onu deməyə əsas verir ki, Naxçıvan modern dünyada bütün türk dövlətləri üçün kommunikasiya xətti kimi gələcəkdə baş verən  dəyişikliklərdə boyük rol oynayacaq”.

Cavid Şahverdiyev

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Müasir türk birliyinin kommunikasiya əsasları” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər