Sizin Reklam Burada

“İran rejiminin Urmu ilə bağlı strateji hədəfləri var” - Zaur Bayramlı

“İran rejiminin Urmu ilə bağlı strateji hədəfləri var” - Zaur BayramlıGüney Azərbaycanın Urmu gölü bölgəsində ekoloji fəlakət davam edir. İran hökuməti bu il də gölün canlandırılması üçün lazım olan tədbirləri görmədi. Son məlumatlara görə, Urmu gölünün xeyli hissəsi quruyub.
ABŞ-da yaşayan diaspor fəalı Zaur Bayramlı bildirib ki, Urmu gölündə qurumanın sürətlənməsi İran hakimiyyətinin yanlış siyasətinin nəticəsidir:

“Urmu gölü Azərbaycanın, Azərbaycan türklərinin milli sərvətidir. Necə biz deyiriksə Təbriz Azərbaycandır. Urmu da Azərbaycandır. Urmu gölü İranın istər şirin, istər duzlu sulu gölləri arasında ən böyük gölüdür. Amma hövzəsinə görə dünyanın ikinci duzlu gölüdür. Bu göl təxminən son 30-40 ildir ki, qurumağa məhkum edilib. Hansı ki Urmu gölü 1967-ci ildə YUNESKO tərəfindən qorunması vacib olan təbii sərvətlər sırasına daxil edilib. Buna rəğmən İran rejimi tərəfindən qurumağa məhkum edilib. Urmu gölündə böyüklü-kiçikli 12 ada var.

Belə bir tarixi faktı da deyim ki, Çingiz xanın nəvəsi Hülaki xanın məzarı da bu adaların birində yerləşir. Urmu gölünün quruması nə ilə başladı? Urmu gölünün ortasından bütün etirazlara rəğmən çox naşı bir mühəndis beyni ilə yanaşaraq böyük bir körpü tikdilər. Düşünürəm ki, bunlar da bayaq dediyimiz strateji-siyasi məqsədin hədəfin tərkib hissəsi idi”.

Diaspor fəalı hesab edir ki, molla rejiminin başlıca məqsədlərdən birisi göl ətrafında yaşayan Azərbaycan türklərini həmin ərazilərdən köç etməyə məcbur etmək və onların yerini, torpaqlarını, ata-baba yurdlarını özlərinin işlərinə gələn etnik qruplarla, başqa xalqlarla doldurmaq, əvəzləməkdir.

“İran rejiminin belə bir strateji hədəfləri var. Təkcə mən belə düşünmürəm. Güney Azərbaycanda bir çox milli-siyasi aktivistlər, eko fəallar da bu cür düşünür ki, İranın fars-molla rejimi bu gölü bilərəkdən, məxsusi bir şəkildə qurudur. Rejimin bunda da öz siyasi məqsədləri var. Urmu gölü İranın Şərqi və Qərbi Azərbaycan ostanlarının arasında yerləşir. Gölün kənarındakı ən böyük şəhərlərdən biri Urmu şəhəridir. Eyni adlı şəhərdir. Urmu hövzəsində, çevrəsində yaşayan əhalinin 99 faizi Azərbaycan türkləridir. Çox az sayda başqa etnik qrupların da nümayəndləri var. Amma onlar qeyd etdiyim kimi azlıqda qalır”-deyə, o, bildirib.
Z.Bayramlı bildirib ki, Urmu gölünə gələn irili-xırdalı çayların qarşısının kəsilməsi də gölün qurumasını sürətləndirib:

“Bu çayların üzərində çoxlu sayda süni barajlar, su elektrik stansiyaları inşa etdilər. Bununla da Urmu gölünə gələn suların qarşısı tədricən kəsildi, azaldı və göl qurumağa məhkum edildi. Halbuki qurudulmamışdan öncə Urmu gölünün çox zəngin flora və faunası var idi. Hətta o dövrün video-görüntülərinə, fotolarına baxanda orada müxtəlif növ flaminqo quşlarının, qağayıların necə xoşbəxt həyat sürdüyünün şahidi olurduq. Orada çox böyük olmasa müəyyən ölçüdə gəmilərin, qayıqların üzdüyü haqqında çox sayda görüntülər var. Təəssüf ki, bu gün o xoş görüntülərin yerində ürəkdağalayan, acı bir mənzərə var. Duz dağları, duz qalaqları var. İnsanların sağlığı, kənd təsərrüfatı üçün çox təhlükəli bir durum yaranıb. Urmu gölündə təxmini hesablamalara görə 8 milyard ton duz var. Özü də həmin bölgə küləkli bölgədir. Həmin duz fırtınalarının yayılması nəticəsində Türkiyənin, Azərbaycanın xeyli hissəsi, eyni zamanda İraqın bir hissəsi, İranın dostu və qardaşı, bizim düşmənimiz olan Ermənistanın bir xeyli hissəsi mənfi mənada təsirə məruz qalacaq. Onların kənd təsərrüfatı, təbiəti, ekologiyası, təbii olaraq insanları bundan zərər çəkəcək”.

Zaur Bayramlı deyib ki, Urmu gölünün müəyyən bir sayda Güney azərbaycanlı ekofəalların, milli aktivisitlərin çiyninə yükləməməliyik.
“Urmu gölünün quruması həm ekoloji, həm də milli-siyasi baxımdan milli bir faciədir. Bu təkcə güneyliləri, o bölgədə yaşayanları ilgiləndirməli, narahat etməli deyil. Eyni zamanda Türkiyə Cümhuriyyəti kimi həm bölgədə, həm dünyada böyük bir təsirə malik dövləti ciddi şəkildə narahat etməlidir. Türkiyə də bu duruma dur deməli, etiraz etməlidir. Urmu gölünün bərpası ilə bağlı İran rejimini qarşısına tələblər qoyulmalıdır. Lazım gəlsə, ora mütəxəssislər göndərməli, lazım gəlsə maliyyə ayırmalıdır. Bu həm Türkiyənin, həm də türk dünyasının ən böyük görəvidir. Həm də öz ekologiyasını, insanlarını, kənd təsərrüfatını mənfi etkiləyəcək bir durum olduğu üçün bu məsələyə müdaxilə etməlidir. Eyni şeyləri mən eyni şəkildə Azərbaycan Respublikasına da şamil edirəm.
Azərbaycan Respublikası da soydaşlarımızın və bizim tarixi milli ərazilərimizin faciəsinə laqeyd qalmamalıdır, İran rejiminin qarşısında tələblər qoymalıdır. Eyni zamanda İraq, Ermənistan və ümumilikdə başda ABŞ olmaqla beynəlxalq ictimaiyyət bu məsələyə biganə qalmamalıdır. Amerikada, Avropada ekologiya ilə bağlı böyük fondlar var. Həmin fondlar öz ölkələrinin parlamentlərinə təsir etməlidir. Mən inanıram ki, bu göl Qərbə, Amerikaya, Avropaya doğma olna bir dövlətin, məsələn, Ermənistanın ərazisində yerləşsəydi, onun qurumaması üçün hər şeyi edərdilər. Təəssüf ki, burada da biz ayrı-seçkiliyin şahidi oluruq”-deyə, o, bildirib.
Zaur Bayramlı deyir ki, bu məsələ Azərbaycan diasporu üçün daim prioritet olub: “Biz Azərbaycan diasporası olaraq bu istiqamətdə müəyyən fəaliyyətlərimiz olub. Türkiyə Cümhuriyyətinin başkəndi Ankarada yaşadığm 11 il ərzində dəfələrlə güneyli, quzeyli dostlarımızla, eyni zamanda türk dünyasının digər yerlərindən olan dostlarımızla bərabər çoxsayda irili-xırdalı aksiyalar keçirmişik. Urmu gölünü Türkiyə mətbuatının gündəminə daşımışıq. Türkiyə televiziyalarında bizim aksiyalarımızı işıqlandırıblar. Eyni zamanda elmi konfranslar da keçirmişik. Türkiyəli QHT-çi dostlarını iştirakı ilə konfranslar keçirmişik.

Eyni zamanda ABŞ-ın paytaxtı Vaşinqton və ətrafında bu istiqamətdə fəaliyyətimiz olub. Amma bunlar yetərlidirmi? Təbii ki yox. Yetərli olsaydı, nəticə bugünkü kimi acınacaqlı olmazdı. Anadoluda bir atalar sözü var: Xədicəyə baxma, nəticəyə bax. Nəticə budur ki, Urmu gölü artıq məhv olub. Can üstündə, komada olan canlının, xəstənin həyata qaytarılması üçün çalışmalıyıq”.

“Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Urmu gölünü xilas et: ekoloji fəlakət qapıda” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər