Sizin Reklam Burada

Van və Ağrı: dünya tarix mirası ilə zəngin turizm məkanları

Van və Ağrı: dünya tarix mirası ilə zəngin turizm məkanlarıQardaş Türkiyə turizminə görə, dünyada önəmli mövqeyə sahibdir. Dünyadan Türkiyəyə daha çox istanbul, Antalya, Bodrum və.s kimi məşhur yerlərı axın daha çoxdur. O cümlədən azərbaycanlı turistlər də istirahət üçün daha çox adıçəkilən bölgələrə üz tuturlar.

Amma Türkiyənin tarixi abidələrlə zəngin və turistlərin getmək istəyəcəkləri yer daha çoxdur və həmin bölgələr haqqında kifayət qədər məlumat olarsa əminliklə söyləmək olar ki, turistlər getmək istədikləri bölgələr arasında ilk sıraya həmin yerləri qoyarlar.

Türkiyənin turizm Nazirliyinin təşkilatçılığı və səfirliyin koordinatorluğu ilə Azərbaycan, Özbəkistan və Türkmənistandan olan bir qrup jurnalist olaraq Türkiyənin Van və Ağrı bölgəsinə səfər etdik. Və bu bölgələrdə yer alan tarixi abidələrlə əyani tanış olduq. Dünyaca məşhur qədim Urartu sivilizasiyasının mövcud olduğu bölgələrlə tanışlıq xüsusi əhəmiyyət daşıyırdı. Bununla yanaşı Osmanlı, Səlcuqlu dövrünə və fərqli dönəmlərə adi tarixi abidələr də dünyanın müxtəlif ölklərindən bura gələnlər üçün xüsusi maraq kəsb edir.

Qeyd edək ki, ermənilər Urartu mədəniyyətini özününküləşdirmək istəsə də əslində buna aid heç bir sübutları yoxdur. Bu sivilizasiyaya aid millət yer üzündən silinib və dünyada bu dili bilən mütəxəssislərin sayı 38 nəfərdir. Türkiyədə isə Urartu dilini bilən cəmi 7 nəfər mütəxəssis var.

Anadolu Sivilizasiyaları

Tarix boyu bir çox mühüm sivilizasiyaya ev sahibliyi edən Anadolu, başda Hetlər, Frigiyalılar, Urartular olmaqla, bu gün tam açıqlanmayan onlarla sivilizasiya və qəbilə ilə dünya tarixində bir çox "ilklərə" şahidlik edib. Fəlsəfi fikrin başlanğıc nöqtəsi olan, nağıllara mövzu olan bir sirri ehtiva edən Şərq və Qərbin bərəkətli torpaqlarında qurulan Anadolu Sivilizasiyaları, inkişaf və yeniliklərlə tarixdə yerini alıb. Şərq mistikasının doğuşunu görən, riyaziyyatın və astronomiyanın, həndəsənin yaranmasında qabaqcıl simaları yetişdirən, Şərqdən Qərbə ötürülən biliyin inanılmaz təkamülünü görən Anadolu sivilizasiyaları inkişafda bəşəriyyətə kömək edib. Anadolu Sivilizasiyaları tarixin mühüm proseslərini yaşayıb və ya hələ ortaya çıxmamış, dərinliklərdə yatan sivilizasiyalar kimi, sahib olduqları sirrlə də öz dəyərini qoruyur.

Urartular

Urartular eramızdan əvvəl I əsrin əvvəllərində Anadoluda, Van gölü ətrafında qurulmuş dövlətdir. Bu bölgədə məskunlaşan tayfalar bəylik və tayfa halında yaşamaq yerinə, bir araya gəlib Urartu dövlətini qurublar. Paytaxtı Tuşpa (Van) olan Urartu dövləti ən güclü dövrünü eramızdan əvvəl 8-7-ci əsrlərdə yaşayıb. Urartu bu dövrdə İranın şimal-qərbi, Araz vadisi və Şərqi Anadolu dövlətin sərhədləri daxilində yerləşirdi.

Assuriya-Urartu döyüşləri

Urartuların siyasi münasibətlərində ön plana çıxan dövlət Asurlar idi. Assuriyalılar və Urartular dəfələrlə döyüşüblər. Urartuların adı Assurların qeydlərində yer alır. Bu mənbələrdə assurların Urartulara qarşı döyüşdükləri qeyd edilir. Bu müharibələrin təsiri ilə Urartuların strukturlarında müdafiə daha çox ön plana çəkildi. Dağlıq və qayalıq ərazinin üstünlüyü ilə dik yamaclarda tikilmiş tikililər müdafiə üçün təhlükəsiz şərait yaradırdı.

Van mətbəxi

Qeyd edək ki, Van zəngin tarixi abidələri ilə yanaşı, zəngin mətbəxi ilə də məhşurdur. Vanda bir çox ləziz təamlarla yanaşı, van ayranı xüsusilə sevilən içkilərdəndir. Axşam yeməyini Vana məxsus və spesifik dadı ilə seçilən yeməkləri ilə məşhur olan “Urartu Han” restoranında yeyəndən sonra otelə qayıtdıq. Çünki sabah bizi maraqlı və sıx proqram gözləyirdi.

Səhər yeməyi üçün isə səhər yeməkləri üzrə ixtisaslaşmış “Matbahi Van” restoranına üz tutduq. Burada da bənzərsiz və Vana məxsus spesifik yeməklərlə dolu süfrə estetik təsir bağışlayırdı.

Yolumuz şəhər mərkəzindən xeyli aralıda yerləşən Hoşap Qalasına idi.

Hoşap qalası orta əsrlərə aid olub Vana təxminən 50–60 km aralı məsafədə Van-Başqala yolu üzərindədir. Sıldırım bir yamac üzərində yerləşir. Türkiyə-İran arasındakı yol üzərindən olmasından dolayı qədimdə strateji əhəmiyyəti vardı. Qala eyni adı daşıyan Hoşap suyunun sıldırım qayalıqları üzərində yüksəlir. Məna olaraq yaxşı və ya şirin su deməkdir. Rəsmi adı isə Gözəlsudur. Bildirilir ki, qala Mahmudi Süleyman adlı şəxs tərəfindən 1643-cü ildə tikdirilib.

Qalanın qərbə baxan girişi və özünəməxsus qapısı olduğu kimi günümüzə çatıb. Qapının üzərində tikintisi ilə bağlı kitabə və aslan şəkilləri yerləşir. Qala daxilindəki köhnə hamam, məscid, mədrəsə, zindan və otaqlarda keçmişin izlərini görmək mümkündür.

Hoşapın məlum olan tarixi Urartulara qədər gedir. Bu dövrdə Hoşap qalasının cənub- şərqə açılan Tuşba-Kelişin ordu yolu ilə, Van-Kotur şərq yolunun kəsişdiyi qovşaq nöqtəsində hərbi bir müəssisə olaraq qurulduğu qəbul edilir.

Urartulardan sonra Van və ətrafı ilə birlikdə Hoşap, İsgəndər, Selevkos, Roma və Bizans hakimiyyətində qalıb. Orta əsrlərdə Vaspurakan Krallığı şəhərləri arasında yer alıb, XI əsrdən başlayaraq Türklərin hakimiyyətinə girib.

Çavuştəpə

Hoşapdan sonra Çavuştəpə qalasına baş çəkirik. Qala II. Sarduri tərəfindən e.ə 764-734-cü illərdə tikilib. Qalanın banisinin şərəfinə Sardur şəhəri mənasını verən “Sardurihinili” adlanır. Bu, professor Arif Erzen tərəfindən 1961-1986-cı illər arasında aparılan qazıntılar nəticəsində ortaya çıxarılıb. Yuxarı qala aşağı qaladan 30 metr hündürdə tikilib. Buraya Haldi məbədi və açıq hava məbədi daxildir. Ətrafında iri daş bloklarla hörülmüş divarlar var.

Aşağı qala təpədə 800 metrlik bir ərazini əhatə edir. Hər iki tərəfdə şəhər divarları diqqəti cəlb edir. Səliqəli şəkildə kəsilmiş əhəngdaşı blokları ilə tikilmiş divarları birbaşa qayanın üzərində oturur. Şərqdən qərbə düzülmüş anbar tikililəri, anbar binaları, məbədlər, saray binaları və sisternlərdən ibarətdir. İrmusini tanrısının adına tikilmiş məbədin üzərində mixi yazı var. Rizalitli Qüllə tipli məbədlər qrupunda əhəmiyyətli bir quruluşdur. Şərq tərəfdə qapısı və bazalt fasadı var. Qalanın digər mühüm tikililəri qayaya oyulmuş sisternlər, saray və anbar binalarıdır.

Tarixi abidə ilə bağlı bizə Urartu dilini bilən dünyada 38, Türkiyədə isə 7 nəfərdən biri olan mütəxəssis- bekçi Mehmet Kuşman ətraflı məlumat verdi. Mehmet Kuşman bildirdi ki, bu mədəniyyətlə bağlı Türkiyəınin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Amerika başda olmaqla bir sıra ölkələrdə tədbirlərdə məruzə ilə çıxış edib: “Amerikada tədbirdə idim. Zalda ermənilər də var idi. Onlar iddia etdi ki, Urartu onlara aiddir. Mən isə bunun üçün sübut tələb etdim. Təbii ki, onlar sübut təqdim edə bilmədilər. Çünki belə bir fakt yoxdur. Ermənilər sadəcə buna iddia edirlər. Urartu qədim sivilizasiyadır və ermənilərlə heç bir əlaqəsi yoxdur. Mən, qədim Urartu dilində danışa və yaza bilir, bu dildə yazılmış süvenirlər düzədirəm. Bu da turistlərin diqqətini cəlb edir”.

Mehmet Kuşman bizə həm də maraqlı məlumat verdi. Çavuştəpə ilə üzbəüz yerləşən Yataq, Çakallı və Otbiçər kəndlərini 1915-ci ildə İrəvandan erməni zülmündən, soyqırımından qaçıb Türkiyəyə sığınan azərbaycanlıların saldığını öyrəndik. Bu Azərbaycan kəndləri haqqında reportaj yazmaq istəsək də, təəssüf ki, proqramın sıxlığı və vaxtın azlığı ucbatından kəndlərə baş çəkə bilmədik.

Vaspurakan qalası

Çavuştəpədən sonra növbəti dayanacağımız Vaspurakan qalası idi. Vaspurakanı Səlcuqlu sultanı sultan Alparslan fəth edib. Yəni Bizansdan alıb. Qeyd edək ki, bu qala "Alparslan Böyük Səlcuqlu" serialında yer aldığına görə daha məşhurdur. Vaspurakan Van gölü Akdamar adasında yerləşir və tarixən strateji əhəmiyyətə malik olub. Ermənilər iddia edir ki, guya Alparslan bu qalanı ermənilərdən alıb. Təəssüf ki, filmdə də belə təqdim olunur. Əslində isə Vaspurakanı ermənilərdən Bizans alıb və erməniləri tarixin arxivinə gömüb. Sultan Alparslan isə Bizansı məğlub edərək Vaspurakanı türklərin idarəsinə qatıb.

Vapurakana yalnız qayıqla getmək mümkündür və bu qayıq səfərləri insana hədsiz zövq verir. Hər tərəf tarixlə dolu və dənizlə əhatə olunan bir məkan möhtəşəmliyi ilə seçilir.

Van Muzeyi və Van qalası

Vaspurakandan sonra Van muzeyində olduq. Van Miuzeyində müxtəlif sivilizasiyalara aid çoxsaylı və qiymətli əsərlər sərgilənir. Van muzeyi ilə üzbəüz yüksəklikdə Vanh qalası yerlışir. Van qalasında da Urartu, Osmanlı və müxtəlif dönəmlərə aid tarixi əsərlər, tikililər var. Xüsusilə Urartu kralının qayaya yonulmuş və bir böyük zal, həmçinin əlavə 5 otaqdan ibarət məzarı var. Məzar Osmanlının son dönəmlərində Fransadan və digər Avropa ölkələrindən diplomat adı ilə Türkiyəyə gələn şəxslər tərəfindən açılıb, soyğuna uğrayıb və dəyəri milyonlarla ölçülən əsərlər Avropaya qaçırılıb.

Ağrı

Səfərimizin son günü avtomobillə Ağrıya yollanırıq. Yolda Muradiyə şəlaləsində dayanırıq. Bura da tursitlərin çox üz tutduğu yerdir. Şəlalənin adı Bağdad səfərində ordusu ilə burada istirahət edən Sultan IV Muradla bağlıdır. Şəlalənin hündürlüyü 18 metrdir. Şəlalə təkcə gözəlliyi ilə deyil, ətrafındakı bitki örtüyü ilə də diqqəti cəlb edir. Muradiyə rayon mərkəzindən 8 kilometr şimalda yerləşir. Çaldıran ovasında birləşən suların əmələ gətirdiyi Bendimahi çayı dar və dərin Göndərmə boğazından keçərək Muradiyə düzünə çatır. Göndərmə Boğazı vulkanik qayaların üzərində əmələ gəlib.

Şəlalə suları müxtəlif hündürlüklərdən enir. Ən yüksək enmə mərkəzdə 18 metr, şərq və qərbdə isə 15–16 metrdir. Şəlalənin aşağı səthi 77 m, yuxarı enmə sahəsi isə 36 metrdir.

Bəzən şəlalə qış fəsillərində donaraq Pamuqqalaya bənzər görüntülər əmələ gətirir.

İshaq Paşa sarayı

Daha bir görməli məkana – İshaq Paşa Sarayına çatırıq. Saray Ağrı dağının yaxınlığında, Doğubayazid Mahalının 5 kilometr uzaqlığında yerləşir. Buradan ilin 4 fəslində təpəsində qar əskik olmayan Ağrı dağının mənzərəsi möhtəşəmliyi ilə adamı valeh edir.

116 otaqlı sarayda türbə, məscid, qala divarları, xarici və daxili həyətlər, divan və hərəm salonları yerləşir.

Doğubəyazid mahalının 5 km şərqində, dağın yamacındakı təpə üzərində qurulan saray, Osmanlı İmperiyasının Lalə dövründəki son böyük abidəsidir. XVIII əsr Osmanlı memarlığının ən qabarıq və görkəmli nümunələrindən biri olan sarayın tarixi cəhətdən də dəyəri böyükdür. Hərəm dairəsi kitabəsinə görə sarayın inşa tarixi 1784-cü ildir.

Saray binasının yerləşdiyi zəmin qayalıq və sərt bir yerdir. Qədim Bəyazid şəhərinin mərkəzində olmasına baxmayaraq, bu tikilinin üç tərəfi (şimal, qərb, cənub) dik və meyillidir. Yalnız şərq tərəfində bir düzənlik var. Sarayın giriş qapısı buradadır. Eyni zamanda ən dar hissəsidir.

Saray, qalaların strateji əhəmiyyətini itirdiyi, odlu silahların olduğu bir dövrdə tikildiyindən, şərq səmtindəki təpələrə qarşı müdafiəsi zəifdir. İshaq Paşa Sarayı Osmanlı dövründə tikilən və heç bir bərpa işi aparılmadan dövrümüzə olduğu kimi gəlib çatan yeganə memarlıq nümunəsidir.

Saray Osmanlı və Səlcuqlu mədəniyyətinin memarlıq üslubunu özündə əks etdirən xüsusiyyət daşıyır. Cildıroğullarından II İshaq Paşa ilə Çolaq Abdi Paşa 1784-cü ildə son inşa işləri aparılır. Tikinti təxminən 115x50 metr olan bir sahədə inşa edilib. Kəsmə daşdan tikilən sarayın şərq cəbhəsindəki relyef və bəzəmələri Səlcuqlu sənətinin xüsusiyyətlərini əks etdirir.

Saray iki həyət və bu həyətdə yerləşən tikililərdən ibarətdir Dörd tərəfi binalarla əhatə olunan ikinci həyət dördkünc planlıdır. Girişdən sağ tərəfdə cümə namazı üçün yer və onun arxasında hərəm var. Bunların sonunda məscid və türbə mövcuddur. Türbə Səlcuqlu günbəz memarlığı üslubunda inşa edilib. Saray hissəsi iki mərtəbədən ibarətdir. 366 otaq da bu iki qat içində yerləşir. Hər otaqda daşdan hazırlanmış ocaqlar var. Daş divarlardakı boşluqlar bütün tikilinin mərkəzi bir istilik sisteminə malik olduğunu göstərir. Divan salonu 20x3 metr uzunluğundadır. Divarları və döşəməsi daşdandır. Divarları Türk xəttat sənətinin nümunələri, ayə və beytlərlə bəzədilib. Divarları həndəsi ornamentlidir. Bu türbədə Birqollu Abdi Paşa, İshaq Paşa və yaxınlarının məzarları yerləşir...

Göründüyü kimi Türkiyənin az tanınan, amma daha maraqlı yerləri çoxdur. Yuxarıda qeyd etdiyim tarixi abidələr də mükəmməl memarlıq nümunələri ilə fərqlənir. Biz, burada daha çox Amerikadan və digər Qərb ölkələrindən gələn turistlərlə qarşılaşdıq. Halbuki bu, həm də bizim mədəniyyətimzidir. Bu yerlərin yaxın gələcəkdə Türkiyə və dünya turizmində önəmli yer tutacağı şübhəsizdir. Bu səbəbdən də azərbaycanlı turistlərin bu yerlərə baş çəkməsi həm tarix həm də turizm baxımından faydalıdır. Görməyə dəyər...

Əli Zülfüqaroğlu
Bakı-İstanbul -Van-Ağrı-İstanbul-Bakı










Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər