Xomeyninin fitvaları ilə qadınların namusuna toxunulur
İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə indiki rejimin qadınlara hüquqları ilə bağlı verdiyi vədlər sonradan unuduldu. Qadınlarımızın başlatdığı və artıq 4 aydır davam edən hərəkat illərdir yığılıb qalan zülmə etirazdır.
Bu sözləri Axar.az-a güneyli qadın fəal Azər Fərruxi deyib.
O bildirib ki, hazırki hökumət qurulanda qadınlar tapdanmış hüquqlarının bərpasına ümid edirdi.
“Lakin hər şey gözlənilənin əksinə dəyişdi, qadınlara qarşı zülmlər azalmaq əvəzinə çoxaldı. İnqilabdan sonra qadınlar necə bir zülmə düşdüklərini dərk etdilər. İnsan haqlarının nə olduğunu İranda yaşayanlar bəlkə də heç başa düşə bilmirlər. Onlar gündəlik həyatlarını belə çətinliklə yola verirlər. Vaxtı ilə qadınlar Xomeyninin verdiyi fitvalar əsasında ittiham olunur, onların namusuna toxunulurdu. Gənc qadınlarımıza “kommunist”, “fədai” damğası vurub həbsxanalara atırdılar. Bir sözlə, bu zülm illərdir davam edir, lakin dilə gətirilmirdi. Ailədə qadınların geyiminə, təhsilinə, evlilik məsələsinə belə kişilər qərar verir, övladlar arasında oğlan uşaqları daha üstün tutulurdu. Qadınlar artıq dözə bilmədi və 4 aydır davam edən hərəkatı başlatdı. Gənc bir qızın qətli ilə İranın hər yerini etirazlar dalğası bürüdü. Bu etirazlar, yəqin ki, sönməyəcək, davam edəcək. Övladlarımız acdır, aldıqları yüksək təhsilə rəğmən iş tapa bilmirlər. Yəni, analar övlad böyütməyin necə ağır olduğunu dərk edirlər. Məhz bu səbəbdən, həm sosial, həm azadlıq tələbi ilə qadınlar rejimin qarşısına çıxdı. Tələbə və azyaşlı qızlarımız da bu etirazlara qoşuldu”.
Güneyli xanım fəal qadınların başlatdığı aksiyaya beynəlxalq münasibətin yetəri qədər olmadığını vurğulayıb:
“Bu aksiyalara bir çox beynəlxalq qurumlardan, Avropa Şurasından, digər ölkələrin parlamentindən dəstək gəldi. Gələn dəstəkdən sonra İrandakı qadınların işi daha da çətinləşdi. Onlara qarşı basqı artdı, çox sayda qadın saxlanılaraq həbsxanalara atıldı. Qəddar rejim tərəfindən 13-16 yaşlı qız uşaqları öldürülüb.
Öldürülənlərin, tutulanların sayı həqiqəti əks etdirmir, açıqlanandan daha çoxdur. Bizim əlimizdən nə gələ bilər? Onların haqq səsini dünyaya çatdırmaq və rejimin qəddarlığını ifşa edən videomaterialları yaymaq. Xaricdə iranlı qadınlara dəstək mitinqləri keçirilir, amma əvvəlki kimi effektiv deyil. Mən onların haqq səsinin xaricdə lazımi yerlərə çatdırılmasına ümidliyəm. Kənarda yaşayanların vəziyyəti oradakılardan fərqlidir. Əsas odur ki, zülm altında olan insanların durumunu dərk edək. Bəlkə də hansısa Avropa ölkəsində belə bir qadın hərəkatı olsaydı, dünya birliyi onu sözsüz dəstəkləyərdi. İranda baş verənləri isə üzdə dəstəkləyir, şəxsi mənafelərini daha üstün tuturlar”.