"Böyük Qayıdış” Cəbrayıldan başlayıb

"Böyük Qayıdış” Cəbrayıldan başlayıb Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 2-ci ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.

5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir.

Həmçinin Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Hələ 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi. Xüsusilə qeyd etmək istəyirəm ki, müharibə başlayandan bir həftə sonra Cəbrayılın azad edilməsi işğalçı Ermənistan ordusunun ilk, ən ciddi və böyük miqyaslı zərbə alması oldu. Nəticədə düşmən ordusunda çox böyük ruh düşkünlüyü, inamsızlıq yarandı.

Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Azərbaycan Respublikasının gücünə-güc qatan xalq-dövlət və ordu həmrəyliyi gecikdirilmiş tarixi ədaləti bərpa etdi. Azərbaycanın ən qədim torpaqları olan Qarabağı mənfur düşmənin işğalından tamamilə azad etdi. Müqəddəs üçrəngli bayrağımız Cəbrayılda, onun ardınca bütün işğaldan xilas olunmuş rayonlarımızda dalğalandırıldı.

Erməni faşizmini məhv edən tarixi Zəfərimiz hər birimizin qürurla andığı tarixdir. Azadlığın mübarək, Qarabağ!

Salahov Fuad Fərman oğlu
Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri