Sizin Reklam Burada

"Kadr islahatına, referenduma, yeni seçkilərə gedilməlidir” – Qüdrət Həsənquliyev

"Kadr islahatına, referenduma, yeni seçkilərə gedilməlidir” – Qüdrət HəsənquliyevGlobalinfo.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsininin ikinci hissəsini təqdim edir:

11 iyulda Prezident İlham Əliyev keçirdiyi müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrə toxundu. Ölkə başçısı kifayət qədər sərt mövqe göstərdi və xüsusilə ekologiya və təbii sərvətlər naziri ilə Baş naziri tənqid etdi. Necə düşünürsünüz, bu, növbəti kadr islahatlarının anonsu sayıla bilərmi?

– Bir daha söyləyirəm, Azərbaycan 44 günlük müharibədən sonra tarixinin ən möhtəşəm dövrünü yaşayır. Əldə olunmuş uğur islahatları genişləndirməyə stimul olmalıdır. Onun fərqindəyəm ki, dövlət başçısı hər hansı bir islahata gedəndə təkcə bunun ölkə daxilində necə qarşılanacağını düşünmür. Çünki islahatların region ölkələrini, böyük gücləri necə qıcıqlandıracağını da hesablayır.

Misal üçün, biz Gürcüstanda, Ermənistanda, Ukraynada islahatların aparıldığını və nəticədə hər üç ölkədə nələrin baş verdiyini gördük. Buna görə mən tədrici islahatların tərəfdarıyam. Məsələn, Sinqapurda Li Kuan 31 il hakimiyyətdə oldu, amma investisiya üçün əlverişli biznes mühiti yaratdı, korrupsiyaya qarşı effektli mübarizə təşkil etdi və bu gün Sinqapur dünyanın ən inkişaf etmiş ölkələrindən sayılır. Güclü məhkəmə hakimiyyəti formalaşdırmaqla qanunun aliliyi təmin edilməli, sahibkarların əmlakına, yatırılan investisiyaya təminat verilməlidir. Vergi qanunvericiliyi o səviyyədə təkmilləşdirilməli, biznes mühiti o dərəcədə yaxşılaşdırılmalıdır ki, sahibkar vergidən yayınmasın, yaxud qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasın. Pul qazanmaq üçün qanunsuzluğa məcbur olan sahibkar məmur qarşısında müdafiəsiz olur və bəzən görürsən ki, onun illərlə qazandığı vəsait bir an içində əlindən alınır. Həm də təkcə onun yox, həm də yaxın qohumlarının. Qarabağın bərpası adı altında kiçik sahibkarların müxtəlif dövlət orqanları tərəfindən talanı barədə informasiyalar daxil olur. Bu, biznes mühitini daha da ağırlaşdırır. Prezident bu günlərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində addımlar atılması üçün Fərman imzaladı, tapşırıq verdi. Ümid edək ki, vəziyyət dəyişəcək, sahibkarlar kapitallarını xarici ölkələrə daşımağa çalışmayacaq. Ölkəyə investisiya qoyulacaq, iqtisadiyyat bir neçə holdinqdən asılı olmayacaq, yeni iş yerləri açılacaq.

Kadrların dəyişməsi kadr islahatı deyil və bir çox hallarda özünü doğrultmur, vəziyyət bir az da pisləşir. İslahat odur ki, yeni təyin olunan şəxs rəhbərlik edəcəyi sahəni bilsin, mütərəqqi təklifləri ilə artıq özünü təsdiqləmiş olsun və özünün proqramı ilə gəlsin, nə etmək, nəyə nail olmaq istədiyini bilsin. Bu barədə ictimaiyyətə açıqlama versin.

İslahatlara yeni konstitusiya qəbul edib, Milli Məclisin səlahiyyətlərini artırmaq, məhkəmələrin müstəqilliyini təmin edən hüquqi mexanizmlər yaratmaqla başlamaq lazımdır. Hazırda iqtidar özünün ən güclü dövrünü yaşayır. Ölkədə sabitlik və islahatlar üçün əlverişli şərait var. İnanmaq istəyirəm ki, bu şans qaçırılmayacaq.

– Son vaxtlar referendum mövzusu yenidən aktuallaşıb. Belə bir gözlənti?

– Olma ehtimalı çoxdur. Əhəmiyyətli olan, dəyişikliklərin nə qədər mütərəqqi olacağıdır. Elə qanunlar qəbul etməliyik ki, təsadüfi insanlar yüksək dövlət vəzifələrinə təyinat ala bilməsin. Parlamentin hökuməti, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini istefaya göndərmək səlahiyyəti olsun.

Məsələn, Söyüdlüdə baş verən olaylar ilə bağlı Milli Məclisin Ekologiya komitəsi dinləmə keçirməli, aidiyyatı qurumların rəhbərləri dəvət edilib dindirilməli idi. Bu kimi dinləmələr, parlamentin iclasları canlı yayımlanmalıdır. Uzağa getməyək, Türkiyə parlamentinə baxaq. Hətta canlı yayımların təkrarını gün ərzində vətəndaş izləyə bilir.

Hesab edirəm ölkədə inzibati-ərazi vahidlərinin sayı azaldılmalı, dövlət aparatında ixtisarlar aparılmalıdır.Regionların idarə olunmasında əsas səlahiyyətlər seçkili orqanlara – bələdiyyələrə verilməlidir.

– Bu, dövlətin federallaşması deməkdir. Mərkəziyyətçilikdən uzaqlaşaq?

– Azərbaycanda hər şey mərkəzləşib. Təsəvvür edin ki, yerli özünüidarə orqanlarının əlində səlahiyyət yoxdur. Bütün nazirlər özünün regional yerli idarəetmə stukturlarını yaradıb. Bu özünü doğrultmadı, regionlar inkişaf etmədi. Hamı Bakıya axışdı. Bələdiyyələrə yerli hakimiyyət orqanı statusu verilməli, proporsional seçki sistemi bərpa olunmalıdır. Bu zaman daha hazırlıqlı adamlar parlamentə düşəcək. Daha deputat, nazir deməyəcək, “mən siyasətlə məşğul deyiləm”.

– Sizcə, bütün bunlar hökumət üçün prioritetdirmi?

– Bilirsiniz, dövlətimiz üçün əsas təhlükə xaricdən deyil. Ona görə insanları kütləvi şəkildə narazı salan vəzifəli şəxslər kənarlaşdırılmalı və elə hüquqi müxanizmilər yaradılmalıdır ki, təzə gələn köhnənin atasına rəhmət oxutmasın. Xalq artıq dəyişiklik istəyir və iqtidar bunu hiss edir. Əgər cəmiyyətin dəyişim çağırışlarına hakimiyyət cavab verə bilməsə, bu, hansısa məqamda xoşagəlməz hadisələrə yol aça bilər. Xalqın nə qədər dözümlü olmasından asılı olmayaraq.

Qüdrət bəy, kadr islahatlarından bəhs etdiniz. Həmin islahatlardan biri də sizin doğulub boya-başa çatdığınız Naxçıvanda oldu. Lakin sosial şəbəkələrdə paylaşılanlardan da bu nəticəyə gəlmək olar ki, insanlar dəyişiklikdən tam razı deyil. Siz necə düşünürsünüz, kadr islahatları Naxçıvan üçün uğurlu oldu?

– Bu yaxınlarda Naxçıvanda oldum. İnsanlar birdən-birə hər şeyin dəyişməsini istəyir. Amma hər şey birdən-birə dəyişə bilməz. Naxçıvanda vəziyyət bizim düşündüyümüzdən də ağır, çətin idi. Faktiki olaraq Azərbaycanın yurisdiksiyasından çıxmışdı. Azərbaycan nazirləri öz sahələrinə aid məsələləri müzakirə etmək üçün Naxçıvana gedə bilmirdi. İndi bu istiqamətdə vəziyyət ciddi şəkildə dəyişib. Ən böyük dəyişiklik insanların artıq şikayət edə bilməsidir. Əvvəllər bunu edəni ya “sürgün”, ya həbs gözləyirdi. Prezident Naxçıvanın sosial-iqtisadi inkişafına dair fərman imzalayıb. Hamı böyük ümidlə Naxçıvanın nə vaxt azad-iqtisadi zona elan edilməsini və qəbul olunacaq proqram çərçivəsində hansı işlərin görüləcəyini gözləyir. Öncə qeyd etdiyim islahatlar Naxçıvanda da aparılmalıdır. Hər zaman Naxçıvanın problemlərini diqqətdə saxladığınız üçün Sizə də təşəkkürümü bildirirəm.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər