Sizin Reklam Burada

"Seçicilərlə görüşlərdə həmişə deyirəm ki, siz çoxsunuz, deputat tək"

"Seçicilərlə görüşlərdə həmişə deyirəm ki, siz çoxsunuz, deputat tək" Milli Məclisin deputatı Elnur Allahverdiyev Modern.az-ın suallarını cavablandırıb. Deputatla bir çox maraqlı mövzular əhatə edən müsahibəni təqdim edirik:

- Elnur müəllim, ilk olaraq təhsil və fəaliyyətinizdən başlamaq istərdik. Sizin ilk təhsiliniz hüquq, ikincisi isə iqtisadiyyatdır. Hansı sahə sizə daha doğmadır?

- Milli Məclisin deputatı seçilməmişdən öncə uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduğumdan iqtisadiyyat mənə daha yaxındır. Bildiyiniz kimi, hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində təmsil olunuram. Bu baxımdan ali təhsilimin hər iki istiqamətindən istifadə edirəm desəm, bir qədər düzgün olmaz. Yəni professional hüquqşünas fəaliyyəti ilə məşğul olmamışam. Ancaq belə demək mümkündürsə, hamımız müəyyən mənada hüquqşünasıq. Azad cəmiyyətdə yaşayırıq, hər bir vətəndaş hüquqlarını bilməlidir. Yeri gəlmişkən deyim ki, seçici qəbullarında tez-tez rastlaşdığım haldır, vətəndaşlar həm hüquqları ilə bağlı, həm müraciət etdikləri problemlərlə əlaqədar hüquqi təfərrüatları kifayət qədər yaxşı bilirlər. Bu, ümumən vətəndaş cəmiyyətinin inkişafı baxımından olduqca önəmlidir.

- Mətbuatda yer alan xəbərlərdə sizin sahibkar kimi fəaliyyətinizin uğurlu olduğu deyilir. Bəs deputat kimi uğur seriyasını davam etdirə bilirsinizmi? Parlament üzvü olaraq, qarşıya qoyduğunuz hansı məqsədlərə hələ də çatmamısınız?

- Ümumiyyətlə, düşünürəm ki, insan öz fəaliyyəti ilə heç vaxt tam qane olmamalıdır. Yeni hədəflərə çatmaq, nailiyyətlər əldə etmək üçün çalışmaq lazımdır. Qanunvericilik fəaliyyətindən danışsaq, təbii ki, bu, yeni təcrübədir, əxz olunası çox məqamlar, irəli sürüləcək qanunvericilik təşəbbüsləri var. Seçicilərlə işdən danışsaq, bu da tükənməyən prosesdir, çünki insanları narahat edən məsələlər hər zaman olacaq. Seçicilərlə görüşlərdə həmişə deyirəm ki, siz çoxsunuz, deputat tək. Təmsil olunduğum dairədə 40 min nəfərədək seçici var. Dairənin ərazisi dinamikdir, dəyişkəndir. Çünki böyük bir sahə söküntü ərazisinə düşür. Buralar sökülür, əhali kompensasiya müqabilində başqa yerlərə köçür, yaxud yaşadıqları evlərinin yerində tikilən müasir hündür binalarda mənzillərlə təmin olunurlar. Həmin binalara başqa yerlərdən də sakinlər köçür. Beləliklə, seçici tərkibi dəyişir, deməli, qəbula gələn sakinləri narahat edən problemlər də fərqli olur.

Fəaliyyətin qiymətləndirilməsinə gəldikdə, təbii ki, qiyməti yenə seçici verir. Seçkilərdə kimi seçirlərsə, parlamentdə o da təmsil olunur. Tək onu deyə bilərəm ki, Milli Məclisə seçilərkən qarşıma qoyduğum əsas məqsəd seçicilərlə ünsiyyət idi. Bunu nə qədər həyata keçirə bilirik, qiyməti seçici verməlidir. Əfsuslar olsun ki, hamının istəyini həyata keçirmək olmur. Bəzi hallarda elə olur ki, seçici deputatdan onun səlahiyyətləri xaricində olan nəyisə xahiş edir, istəyir. Bir çox vətəndaşlarımız deputatı yaxşı mənada hər problemin həllinə nail ola biləcək şəxs kimi görür. Bax, bu baxımdan, hamının istəyini reallaşdıra bilməmək, yaxud bunu etməyin mümkünsüzlüyü təəssüf doğurur. İndi deputata müraciət etmək olduqca asandır. Telefon var, elektron poçta yazmaq olar, sosial şəbəkə hesablarımız aktivdir, müraciətlərə tez bir zamanda cavab verilir. Sizə deyim ki, insanlar onları narahat edən məsələləri əksər hallarda elə sosial şəbəkələrdəki profillərimə yazır və bunların əhəmiyyətli qisminin həllinə nail ola bilirik.

- Siz irəli sürüləcək qanunvericilik təşəbbüslərini qeyd etdiniz. İqtisadiyyat komitəsində təmsil olunursunuz. İqtisadi sahədə gələcəkdə ölkədə görmək istədiyiniz hansı qanunu qeyd edə bilərsiniz?

- Bu mövzu müzakirə edilib, ancaq təbii ki, hələ qanun halına salınması barədə danışmaq tez olar. Maliyyə amnistiyası barədə mümkün qanunu nəzərdə tuturam. Bilirsiniz ki, belə qanun bir çox ölkələrdə qüvvədədir. Biz cənab Prezidentin rəhbərliyi ilə hökumətin şəffaflaşma istiqamətində hansı inqilabi islahatları həyata keçirdiyinin şahidiyik. Vergi, gömrük sistemlərində ciddi nailiyyətlər əldə olunur. Dövlət büdcəsinin formalaşdırılmasındakı maliyyə mənbələrinə nəzər yetirsək, vergi və gömrüyün üzərinə düşən payın nə qədər olduğunu görərik. Bu baxımdan, məncə, belə bir qanun hökumətimizin də kursu ilə eynilik təşkil edər. Xaricdəki vəsait ölkəyə qayıdıb investisiya şəklində iqtisadiyyatımızın müxtəlif sferalarına yatırılar.

- Sahibkarlıq sahəsində kifayət qədər təcrübəyə maliksiniz. Sizcə, parlamentdə bu sahə ilə bağlı hansı təkliflərə ehtiyac var?

- Son 3 ildə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan qanun layihələrinin əhəmiyyətli qismi məhz sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Bu layihələrin mütləq əksəriyyətinin mahiyyəti, fəlsəfəsi qanunda yumşalmanı, liberallaşmanı nəzərdə tutur. Bu gün hökumətin də kursu maksimum şəkildə özəl sektora dəstək olmaq, bu yolla qeyri-neft sektorunu inkişaf etdirmək, real iqtisadiyyatı işlək vəziyyətə gətirməkdir. Ona görə də irəli sürülən təşəbbüslərin əksəriyyəti məhz belə xarakterlidir. Bildiyiniz kimi, komitədə təmsil olunan bir neçə deputat var ki, bizim sahibkarlıq fəaliyyətimiz olub. Ona görə də biz təbii olaraq özəl sektoru nə narahat edir, milli biznesin istəyi, arzusu nədir, bu kimi məqamlara yaxşı bələdik. Altıncı çağırış Milli Məclisi səciyyələndirən amillərdən biri də budur ki, komitələrdə tez-tez özəl sektorla dövlət orqanları təmsilçilərinin iştirakı ilə görüşlər keçirilir. Bu yolla sahibkarları narahat edən məsələlərdən daim xəbərdar olmaq olar. Yaxud qanunvericilik prosesində onların konkret problemlərlə bağlı fikirlərindən yararlanmaq qanun layihəsinin hazırlanmasında müsbət nəticələr verir. Bu, olduqca pozitiv praktikadır.

- Yaz sessiyasında “Elektroenergetika haqqında” qanun layihəsi təmsil olunduğunuz komitədə ciddi müzakirə olundu. Tənqidlər də oldu, etirazlar da. Bəs siz bu sahənin özəlləşdirilməsinin tərəfdarısınız?

- Mən o vaxt çıxışımda da dedim, bu sahənin özəlləşdirilməsi perspektivinin tərəfdarı deyiləm. Birincisi, bizim bu sahədə acı təcrübəmiz var. Xatırlayırsınız, bir özəl şirkətin fəaliyyəti nə əhali tərəfindən müsbət qiymətləndirildi, nə də pozitiv dəyişikliklərə səbəb oldu. Eyni zamanda, bu, strateji sahədir. Mən düşünürəm ki, həmkarlarım da bu qənaətdədir. Bu sahə dövlətin nəzarətində olmalıdır. Məsələn, Ermənistana nəzər yetirək. Enerji təsərrüfatını özəlləşdirməyə çıxarıblar, indi tamamilə xarici şirkətdən asılı vəziyyətə düşüblər. Mövzudan uzaqlaşmayaraq onu da deyim ki, Ermənistanda bu sferanı özəlləşdirməyə çıxarıblar demək də düzgün olmur, çünki hamımız Robert Köçəryanın vaxtında borc müqabilində iqtisadiyyatın bütün strateji sahələrini necə Rusiya şirkətlərinə verdiklərini xatırlayırıq. Proqram deyəsən belə adlanırdı: “Borc müqabilində mülkiyyət”. Sözüm ondadır ki, bu təcrübədə buraxılan səhv dövlətin təhlükəsizliyi baxımından acı nəticələrə səbəb ola bilər.

Eyni zamanda düşünürəm və həmin çıxışımda da dedim ki, “yaşıl enerji”, yaxud bərpa olunan enerji sektoruna özəl təmsilçiləri buraxmaq olar. Özəl şirkətlər bu sahəyə kapital yatırsınlar, ancaq bir şərtlə ki, əldə edilən enerjini mütləq halda dövlətə satsınlar. Əhaliyə satışı isə dövlət həyata keçirsin. Hökumətin hədəfi 2030-cu ilədək istehsal olunan elektrik enerjisində bərpa olunan enerji sektorunun çəkisini 30%-ə qaldırmaqdır. Düşünürəm ki, özəl sektorun iştirakı bu baxımdan, dövlətə kömək ola bilər. Həm sahibkar, həm də dövlət qazana bilər.

- Komitə iclaslarının birində belə fikir səsləndirmişdiniz: “Zamanında ölkədə ağır sənaye olubsa da, biz “Mercedes”, “BMW” istehsal edən ölkə olmamışıq və olmayacağıq”. Maraqlı yanaşmadır. Belə düşünməyinizə səbəb nədir?

- Ola bilsin, dediklərim bir qədər fərqli anlaşıldı, ancaq mən o fikirdəyəm ki, bizim ənənəvi istehsal sahələrimiz var, gücü onların təkmilləşdirilməsinə yönəltməliyik. Məsələn, mən heç vaxt bu sahədə çalışmasam da, hesab edirəm ki, kənd təsərrüfatının inkişafına ciddi sərmayə yatırmalıyıq. Əslinə qalsa, hökumət bu sahədə böyük uğurlara imza atıb. Daxili tələbatımızı biz demək olar ki, öz imkanlarımıza ödəyirik, xaricdən asılılığımız yoxdur. Kənd təsərrüfatı məhsulunun ixracında önəmli nailiyyətlər qazanmışıq. Eyni zamanda, bununla kifayətlənməməliyik və ixracatımızı artırmalıyıq. Bizim məhsulların dadı, keyfiyyəti harada var? Bu dad bizim xarici bazarlarda özümüzə yer etməyimiz üçün bir təminatdır və büdcəmizə daxil olan valyuta deməkdir. Məhz bu nöqteyi-nəzərdən demişdim ki, biz indidən belə “Mersedes” istehsalı ilə məşğul olmayacağıq.

- Bəs Azərbaycan dünyada nəyi ilə tanına bilər?

- Sualınıza qismən cavab verdim. Kənd təsərrüfatından başqa bizim milli brendlərimiz olan sənaye məhsullarımız var. Sənaye parklarında müxtəlif çeşidli məhsullarımız istehsal olunur və xaricə satılır. Cənab Prezident İlham Əliyev müasir dünya iqtisadiyyatının əsas trendlərini diqqətdə saxlayır və onların Azərbaycanda həm tətbiqini, həm də istehsalını təşfiq edir. Ekoloji cəhətdən təmiz enerji sahəsini götürək. Bir müddət sonra biz bərpa olunan enerji ixracatçısına çevriləcəyik. Perspektivdə elektrik enerjisi ilə Avropanı təmin etməmiz üçün ciddi potensialımız var. Yəni iqtisadiyyatımızın diversifikasiyası imkanları çoxdur.

- Ölkəmiz pandemiya ilə yanaşı, 30 illik işğalın nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Bundan başqa, dünyada cərəyan edən qlobal böhran Azərbaycandan da yan keçmədi. Qiymət artımı, inflyasiya insanları ciddi şəkildə narahat edir. Hətta deputatlar da bahalaşmadan şikayətlənirlər...

- Əlbəttə, hamı kimi mən də hiss edirəm və bunu həmkarlarımızla tez-tez müzakirə edirik. Siz bir neçə amili sadaladınız ki, bunlar inflyasiya səviyyəsinə təsir edir. Qlobal dünyada ölkələr bir-biriləri ilə sıx bağlı olduqları qədər həm də asılıdırlar. İqtisadiyyatlar sıx əlaqədədir. Ona görə də dünya bazarında baş verən dəyişiklik milli iqtisadiyyatlara təsirsiz ötüşmür. Dünya hazırda turbulentlik dövrünü yaşayır. Özü də söhbət tək iqtisadiyyatdan getmir, geosiyasətdə istənilən seysmiklik özünü dərhal insanların istehlak səbətində göstərir. Ukraynadakı müharibə nəticəsində dənli bitkilər bazarında hansı vəziyyətin yarandığını gördük. Türkiyə Prezidenti cənab Ərdoğanın təşəbbüsü və iradəsi olmasaydı, vəziyyət necə olacaqdı, heç kim deyə bilməz. Bir neçə gün əvvəl ABŞ iqtisadiyyatının defolt olacağı barədə şərhlər səslənməyə başladı, bütün dünya narahat oldu. Dünya çox qeyri-sabit və mürəkkəb olub.

- Bizim iradəmizdən asılı olmayaraq, postmüharibə və postpandemiya dövrü üçün yeni çağırışlar formalaşır. Yeni çağırışlar fonunda daha çox hansı sahələrin inkişafı prioritet hesab olunur?

- Bilirsiniz, ilk planda hər zaman sabitlikdir. Siyasi sabitlik iqtisadiyyatın inkişafı deməkdir. Bu isə özü ilə sosial rifah, insan kapitalının inkişafı, təhsilin güclənməsi, mədəniyyətin çiçəklənməsini gətirir. Biz hamımız görürük ki, dövlətimiz bu obyektiv çətinlikləri, maneələri necə aşır. Biz bir sabitlik adasında yaşayırıq. Və bu sabitlik bizə mühüm iqtisadi dividentlər gətirir. Məsələn, götürək logistika sferasını. Ukraynadakı müharibə bütün yolları iflic edib. Dəmir yolları, avtomobil yolları, hamısı fəaliyyətsiz və yararsız hala düşüb. Dünyanın yükdaşıma arxitekturası bugün yenidən işlənilir və heç kimin gecikmək kimi lüksu yoxdur. Belə bir vəziyyətdə Azərbaycanın tranzit əhəmiyyətinin nə qədər artdığının şahidiyik. Özü də biz bu vəziyyətə həm də hazırıq. Avtomobil yollarımızla, yeni böyük dəniz limanımızla, Avropanı Çinlə birləşdirən dəmir yolu infrastruktur ilə. Bütün bunlar qarşıdakı illərdə daha da təkmil olacaq. Fikrimcə, əvvəlki suallarınıza cavabımda söylədiyim sferalar, konkret olaraq, bərpa olunan enerji ixracı və tranzit, logistik əhəmiyyətimiz qarşıdakı illərdə əsas iqtisadi trendlərimiz olacaq.

- İşğaldan azad olunmuş ərazilərdə bütün infrastruktur sıfırdan qurulur, bu da ciddi maliyyə tələb edir. Düzdür, hökumət lazımı olan addımları atır, amma müasir dövrdə investisiya əsas məsələdir. Sizcə, xarici investorların azad olunmuş ərazilərə cəlb olunması üçün qanunvercilik sahəsində hansı ciddi addımlar atılmalıdır?

- Düşünürəm ki, ən optimal yol öz sərmayəmizdir. Şükürlər olsun ki, dövlətimizin buna gücü çatır və elə görülən işlər də bunu göstərir. Xarici sərmayənin bir üzü də onun qaytarılmasıdır. Öz sərmayəmiz isə nəticə olaraq özümüzə qayıdacaq. Ayrı-ayrı hallar var, məsələn, “bp” şirkəti azad olunmuş ərazilərdə günəş elektrik stansiyası tikir. Tikinti ərazisinin minalardan təmizlənməsini həyata keçirir və s. Ancaq ümumilikdə mən düşünürəm ki, öz imkanlarımıza arxalanmalıyıq.

- Siz həm də diplomat kimi çalışmısınız. Bu baxımdan Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilən görüşlərin nəticələri barədə fikirlərinizi bilmək istərdik. Necə düşünürsünüz, yaxın zamanda sülh müqaviləsi bağlana bilərmi?

- Hadisələrin axarı bunu göstərir ki, sülh müqaviləsi realdır. Ancaq bir məsələ var ki, biz, sıravi vətəndaşlar bunu tezliklə görmək istəyirik və müəyyən mənada asan proses hesab edirik. Sülh müqaviləsi olduqca mürəkkəb prosesdir. Ələxüsus da 30 illik tarixi olan münaqişə üçün. Bu il biz çox dinamik proseslərin şahidiyik. Görürük ki, dünyanın da bu məsələyə nöqtə qoymaq istəyi var. Təbii ki, bu prosesin əsasını Azərbaycan qoyub, təkanverici qüvvə bizik. Torpaqlarımızı güc yolu ilə, öz iradəmizlə qaytarmasaydıq, dünya da bugün etdiklərini etməyəcəkdi.

Mayın 14-də Brüsseldə, iyunun 1-də Kişinyovda keçirilən görüşlərdən sonra iyulun sonu üçün yenidən Belçika paytaxtında, payızda isə İspaniyada dövlət başçılarının yeni görüşləri artıq anons edilib. Paralalel olaraq bu ay XİN rəhbərləri ABŞ-da müzakirələri davam etdirəcəklər. Sərhədlərin delimitasiya və demarkasiyası ətrafında müzakirələr Moskvada keçirilir. Kommunikasiyaların açılması bir fərqli mövzudur. Yəni yekun sülh sazişi göründüyü kimi, sadəcə bir neçə bənddən ibarət müqavilə deyil. Çox güman ki, bütün bunlar müəyyən vaxt aparacaq və bu il bölgənin tarixinə sülh ili kimi daxil olacaq. Cənab Prezident də ötən ilin sonundakı çıxışında bildirdi ki, 2023-cü il Ermənistan üçün son şansdır.

- Müsahibənin bu məqamında qeyri-rəsmi suala keçmək istərdik. Elnur Allahverdiyev deputat statusundan kənar necə bir insandır? Özünüzü necə təsvir edərdiniz?

- Məncə, verdiyiniz ən çətin sual budur... Yaxşı ki, bu sualı lap əvvəl vermədiniz, düşünmək xeyli vaxt aparacaqdı. Təbii ki, bu bir zarafatdır. Əslində insan hamı üçün eyni ola bilməz. Kimsə üçün tələbkar ola bilərsən, başqası düşünər ki, əksinə, rahat xarakterli adamsan. Birinə müasir düşüncəli təsir bağışlayarsan, bir digəri səni mühafizəkar hesab edə bilər. Məncə, dostlar, yaxınlar, qohumlar, ailəm haqqımda necə düşünürlərsə, elə bir insanam. Əsas odur ki, insan ona bəslənən ümidi doğrultsun, kömək umana yardım əlini uzada bilsin. Bizim haqqımızdakı təəssüratları daha çox hərəkətlərimiz, davranışlarımız müəyyən edir.

- Növbəti dəfə parlament seçkilərində iştirak etməyi düşünürsünüz?

- Seçkilərə hələ çox vaxt var. İndi ilk növbədə fəaliyyətimiz barədə düşünməliyik. Bildiyiniz kimi, mən Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edirəm. Ona görə də belə məsələlər barədə qərarı partiyamızın rəhbəri verir. Partiyamızın qərarı necə olacaqsa, fəaliyyətimizi də bu qərara müvafiq şəkildə həyata keçirəcəyik.

- Deputat həmkarlarınızla münasibətiniz necədir? Qeyri-rəsmi görüşləriniz olurmu?

- Əlbəttə, olur. Təki həmişə xeyir işlər olsun. Xeyir var, şər var. Parlamentdən kənarda sıx ünsiyyətdə oluruq, müxtəlif tədbirlədə iştirak edirik, müştərək aksiyalara dəvətli oluruq. Biz belə demək mümkündürsə, iş yoldaşlarıyıq. Həmkarların ünsiyyəti, münasibətləri isə tək iş yeri ilə məhdudlaşmır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər