TARIN PƏRDƏSİNDƏ GƏZƏNƏ QURBAN, GÜMÜŞ TELLƏRINDƏ ÜZƏNƏ QURBAN
Əfsanəvi tarzən Hacı Məmmədovun 105 illiyi münasibəti ilə
Azərbaycanın Xalq Artisti Hacı Məmmədov (1920 – 1981)
Azərbaycan tar sənətinində ifaçılıq aləminin görkəmli nümayəndəsi, Xalq Artisti Hacı Məmmıədovun 105 illik yubileyi tamam olan 28 apreldə qeyri-iradi olaraq bir zaman Xalq Şairimiz Qabil İmamverdiyevin bir beyti ağlıma gəldi dəyərli oxucularım:
Tarın pərdəsini düzənə qurban,
Yerdəyiş eyləsən xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
Ömür boyu dəqiq çaldı, mizrabı sərrast vurdu peşəkar ovcusayağı. Ovladığı ovun adı əsrarəngiz güllər, bəzəkli naxışlar oldu. Heyrətverici əlvan ştirixlərlə toxuduğu “xalılarla” zənginləşdirdi ömürboyu milli musiqi ifaçılığı sənətimizi. Bəxş etdi canı-könüldən vurğunu olduğu “Odlar diyarı” adlı Azərbaycanımıza. Məktəb yaratdı öz bənzərsiz ifası ilə, hər daim zinətləndirdi sənət vurğunlarımızın könllərini. İlmə-ilmə şeir yazdı çeşitli mizrab vuruşlarıyla. Minbir tavrla vurduğu barmaq çarpmalarıyla, poetik misralara bələnmiş qafiyə timsallı motiflərlə milli musiqi poeziyamızı şərəfləndirdi əfsunlayıcı çalğısıyla. İlham verdi könül dünyamıza, həvəsləndiridi gələcək zamanlara doğru ümidverici çalğısıyla. İnam yaratdı bu möcüzə ifasıyla, heykəl qoymaqla abidələşdi xalq musiqi irsimizdə. Gah şeir kimi göründü, gah poema, gah da roman təsiri bağışladı nəzərimizdə. Bu heyrətçilik aləminin sahibidir Hacı Məmmədov ismində mübarək zat. Tarıyla bağrıbadaş olub Azərbaycan oldu bizim nəzərimizdə. Dünya miqyasında ecazkar çalğısıyla təlatüm yaratdı xarici dinləyicilərin könül xanimanında, heyrətlik mücəssəməsinə çevrildi bu ali dərəcəli ustad sənətkar. Aliliyin zirvəsini fəth etmiş Dədə Qorqudsayağı ruhuyla Hacı Məmmədov. Gah Qarabağımız oldu, gah Şirvan elimiz, gah “Nəqşi-Cahan”, gah bütöv Azərbaycan, gah da Türk Dünyası oldu. Əfsanəvi fasıyla tara-qarışıb ilahi dünya yaratdı sənətinin möhtəşəmliyi ilə. Coşub-aşıb daşdı, bəndi-bərəni vurdu dağıtdı tarıyla, laməkan oldu bu fani dünyamızda. Böyük ruhun ilahi qəlbin sahibinin ifasında təcəssüm edən varlığın, cismi-canın adıdır Hacı Məmmədov. Bütün bu mənəvi keyfiyyətlər Hacı Məmmədov adlı nəhəng ustadın iliyindən, qanından, genindən, qeyri-adi ruhundan əta olunmuşdur milli musiqi kültürümüzə bəlkə də...
Azərbaycanımızın necə də gözəl “bəxşişləri” var Üzeyir Bəy Hacıbəyov kimi yaradıcı simalarımız. Biri də Hacı Məmmədovla yanaşı, Xalq artistlərimiz Şövkət Ələkbərova, Fatma Mehrəliyeva, Gülağa Məmmədov və Professor Arif Məmmədov idi. Bir zaman bu sənətkarlar xeyir duasını Üzeyir Bəydən təmənnasız almağa haqq qazanmışdılar. Doğrultdu bu xeyir duanı müdhiş ifası, fanatik çalışqanlığı, əzmi, məftunluğu ilə Məcnunun Leyliyə vuruğunluğu kimi mübtəla olmuşdu tar adlı ilk məhəbbətinə, ilahi eşqinə. Hər zaman qeyri-adi fəlsəfi çalğısı ilə ilk öncə özü heyrətlənərdi.
Bədahətən zühur etdirdiyi naxışlarla süslənmiş cilvəli güllərlə özünü bilməzdi bu ifa məqamnda. Çünki musiqinin ruhuna qaynayıb-qarışmış tar alətinin içində vahid vücud olmuşdu unudulmaz, yeri dolmaz sənətkar.
İstedad haqq işidir. Əta olunmuşdu Azərbaycanımız üçün bəxş olunan bir gündən. Nə çaldısa doğru çaldı. Doğru düşünüb mizrabları heyrətamiz dərəcədə sərrast olmaqla dürüst vurdu. Necə zərif vururdu bu çeşidli mizrabları? Tellərin hec qəlbinə dəyib toxunmurdu. Sanki pünhanca söhbət edirdi pıçıltıyla, bu əfsanəvi barmaqların səmimi sığalıyla. Sanki mizrab hər dəfə telləri oxşamaqla, bir növü incimiş ruhunu, zərif öpücüklər kimi könlünü alırdı bu ekstaz ifa anında. Yaşayıb çaldığı illərdə tar, bəsit musiqi aləti kimi səs çıxarmadı sadəcə. Hər dəfəsində oxudu bu çalğı ilə ürəyində. Sehirlədi, tilsimlədi, dondurdu, qəlbimizi durdurdu anidən.
Möcüzə sənətin adı “Hacı Məmmədov ifaçılığı”dır mənim fikrim, mənim düşüncəmdə. Bir zaman unudulmaz sənətkarımız Cahangir Cahangirovun İslam Səfərlinin sözünə bəstələdiyi və əfsanə ifasıyla musiqi mədəniyyətimizdə möhür salan SSRİ Xalq artisti Rəşid Behbudovun şahanə oxuduğu “Ana” əsərini yaşadığı dönəmdə bu əsərə müraciət edib tara tətbiq edib çalmaq İlahi istedad tələb edirdi. Bu işi uğurla başa çatdıra bilmək mümkün olası məsələ deyildi. Lakin fanatik sənətkarımız bu təcrübədən alnı açıq, üzü ağ, zəfərlə çıxdı. Rəşid Behbudovun ecazkar oxumasını tara tərcümə edərək yeni bir fantaziyada, yeni bir yorumda xalqımıza təqdim etmək bacarığı Hacı Məmmədov sənətinin ən ali səviyyədəki professionallığın zirvəsidir. Bütün tarzənlərimiz bunu səmimiyyətlə etiraf etməkdədirlər. Hər gül yerli-yerində, hər naxış öz məqamında olan ifası, ustad sənətkarın ilahi zövqünün təcəllisinin isbatıdır dəyərli oxucularım.
“Gözümün nuru, canım ana, Böyütdün sən məni yana yana” deyə Rəşid Behbudovun yana-yana, ana-ana, qana-qana kövrək yanğılı səslə oxuduğu “ağını” hər dəfə dinləyəndə Hacı Məmmədov adlı sənət fatehimizin zərif könlündən ilhamlanan mənəvi dünyasını zikr edə-edə, Atam Cəmil Əkbərin bir zaman anası Həcər xanımı Haqq dünyasına uğurladıqdan bir müddət sonra kəndə təkrar gəldiyi zaman bir daha görməyəcəyinin nisgili ilə qələmə aldığı “Ana” şeiri ağlıma gəldi.
Göz gəzdirdim, yaşadığın yaylağa,
Görünmədin gözlərimə, ay ana.
Səcdə qıldım su içdiyin bulağa,
Su vurmadım üzlərimə, ay ana.
Ha boylandım qadınların dəsinə,
Könül istər nəfəsinlə isinə.
Qulaq asdım anaların səsinə,
Eşitmədim sözlərini, ay ana.
Soraq saldım obalara, ellərə,
Nəzər saldım sən gəzdiyin çöllərə,
Ha boylandım cığırlara, yollara,
Tapammadım izlərini, ay ana.
Sənin kimi tutan yoxdu dəstimdən,
Duman qalxar başdan çıxan tüstümdən,
Əllərini çəkən zaman üstümdən,
Gücsüz sandım dizlərimi, ay ana.
Bu şeirin ruhuna dayanaraq böyük sənətkarlarımızın şəxsində azman ustadlarımıza rəhmət oxuyuram. Hacı Məmmədov adlı bu dühamıza gəlib-getmiş sənətdəki müqtədir şəxsiyətimiz, tar sənətində simvollaşmış əfsanəvi ustadımıza 105 illiyini qəmli ruhumla təbrik edirəm. Ruhun şad olsun, əfsanəvi tarzən. Xatirəmizdə bu təbirlə qalmaqdasan. “TARIN PƏRDƏSİNDƏ GƏZƏNƏ QURBAN, GÜMÜŞ TELLƏRİNDƏ ÜZƏNƏ QURBAN!”.
Sənətşünaslıq Elmləri Doktoru
Qaziantep Universiteti Türk Musiqisi
Dövlət Konservatoriyasının professoru.
Türk Xalq Musiqisinə Xidmət mükafatcısı