“Molla Nəsrəddin” jurnalı və azərbaycançılıq
Türk əsilli Azərbaycan xalqının milli ideologiyası olan azərbaycançılıq Azərbaycan xalqının dərin və mükəmməl etnoqrafiq əsasları olan, XIX əsrin əvvəllərində formalaşmış, kifayət qədər mürəkkəb, ziddiyyətli bir təkamül tarixi olan türkçülük, müsəlmançılıq və müasirlik kimi üç üzvi tərkib hissəsinə malikdir.
XX əsrin əvvəllərində azərbaycançılıq ideologiyasının milli-fəlsəfi təlim kimi təşəkkülündə “Molla Nəsrəddin” jurnalının (1906) misilsiz rolu olmuşdur. Akademik İ.Həbibbəylinin təbirincə desək ”“Molla Nəsrəddin” ədəbiyyatımızın və mətbuatımızın möhtəşəm azərbaycançılıq abidəsidir”.
Jurnal təkcə Zaqafqaziyada deyil, həm də bütün Yaxın Şərqdə milli mənlik şüurunun oyanmasına səbəb oldu. Dərginin məqsədi ictimai təzadlar işərisində düzgün xətti müəyyən etmək və bunu öz oxucularına çatdırmaq idi. Bəzi tədqiqatçılar haqlı olaraq hesab edirlər ki, “Molla Nəsrəddin” - çilik ictimai fikirdə azərbaycançılıq, ədəbi-bədii fikirdə realizm deməkdir. Çox qısa müddətdə “Molla Nəsrəddin” nəinki ədəbi dövrün başçısına (Y.V.Çəmənzəminli), eyni vaxtda ümumən Azərbaycan xalq həyatının milli islahatçısına çevrildi.
Mollanəsrəddinçilər – C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmqüsar, M.S.Ordubadi, S.Mümtaz bu yolun sədaqətli davamçıları olmuşlar.
“Molla Nəsrəddin” imperiyaçılığa qarşı Azərbaycan və Azərbaycançılıq uğrunda milli mübarizənin ilk ədəbi-fəlsəfi abidəsidir. Jurnal milli istiqlal, azadlıq uğrunda mübarizəni – Ana dili uğrunda çağırış ilə başlamışdır. Mirzə Cəlil yazırdı: ”Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq”.
Rusiyada inqilab baş verdiyi, millətlərin əlində silah ayağa qalxıb öz haqlarını tələb etdiyi, dünyaların titrədiyi, aləmlərin mayallaq aşdığı, fələklərin bir-birinə qarışdığı, millətlərin yuxudan oyanıb gözlərini açdıqları, dağınıq düşən qardaşlarını axtardığı, dağılan evlərini yenidən qurmağa başladıqları dövrdə “Molla Nəsrəddin” “Bəs sən hardasan, ay biçarə vətən? ” deyə haykırırdı.
Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” dərgisində “Vətən oy” harayının zirvəsi, jurnalın 1917-ci il 27 noyabr tarixli 24-cü sayında çap etdirdiyi “Azərbaycan” məqaləsidir. Ədib yazır: “Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir”. N. Şəmsizadə yazır: “Molla Nəsrəddin” bütöv Azərbaycan qayəsi ilə yaşayan, öz Sabirinin dili ilə “Dindirir əsr bizi dinməyiriz. Atılan toplara diksinməyiriz” deyə fəryad çəkib Bakılı, Təbrizli və s. vətən qardaşlarını oyadıb bir yerə toplamaq istəyən azərbaycançılıq ensiklopediyası, milli-mənəvi tribuna idi. Mollanəsraddinçilik – Azərbaycançılıqdır!”.
Akademik İ.Həbibbəyli yazır: Cəlil Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" hərəkatı milli istiqlal uğrunda mübarizə ideyasının formalaşdırılması və xalqa çatdırılması yolunda bir ordudan çox xidmət göstərmişdir. Hətta Azərbaycançılıq baxımından liberal mövqe tutan, türkçülük və islamçılıq ideyalarını təbliğ edən füyuzatçılar da Azərbaycanda milli istiqlalın qaçılmazlığını bəyan etmişlər. Əli bəy Hüseynzadənin aşağıdakı fikirləri XX əsrin əvvəllərində ölkədə milli istiqlalçılığa münasibəti dolğun şəkildə ifadə edir: "Qafqaz türkləri (azərbaycanlılar - İ.H.) türklərin ən hürriyyətpərvərləridir. ...Bu məmləkətdə (Azərbaycanda - İ.H.) heç bir qüvvə hürriyyət arzusunu məhv edə bilməz. Heç bir səbr və təzyiq, ...heç bir zülm və sitəm hürriyyət odunu söndürə bilməz. Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır. Bu rolların ən böyüyü Qafqaz və Azərbaycan türklərinə aiddir". (Həbibbəyli,2019)
Azərbaycan milli intibahının müəlliflərindən biri olan M.Ə.Rəsulzadə yaradıcılığında azərbaycançılıq 1913-cü ildən sonra başlanır. M.Ə.Rəsulzadə ömrünün bütün mərhələlərində azərbaycançılıq ideyasına sadiq qalmış, yaradıcılığında və fəaliyyətində bu ideyanın əsası qismində birlik və istiqlalçılığı təbliğ etmişdir. Təsadüfi deyil ki, Azərbaycan qayəsi onun dünyanın müxtəlif dillərində nəşr olunmuş çox sayda publilistik və bədii əsərlərinin mərkəzindən qırmızı xətt kimi keçən istiqlal işığıdır.
XIX əsrin sonu – XX əsrin ilk illərində adlarını böyük hörmət və ehtiramla çəkdiyimiz mütəfəkkirlərin – N.B.Zərdabi, H.Z.Tağıyev, Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyli və onların rəhbərlik etdiyi ədəbi-tarixi cərəyanların xidməti sayəsində Azərbaycan milli ideologiyası formalaşdı və tarixdə ilk dəfə 1918-ci il mayın 28-də milli dövlətin – Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə nəticələndi.
ƏDƏBİYYAT SİYAHISI
1. Həbibbəyli, İ. (2019). Azərbaycançılıq konsepsiyası, Ədəbiyyat qəzeti.
2. Şəmsizadə, N. (2008). Seçilmiş əsərləri I cild, Bakı, Elm nəşriyyatı, 19-152.
3. Əhmədov, R. (1998). Azərbaycanın Türkçülük və Azərbaycançılıq problemləri, Azərbaycan Araşdırmaları Vəqfi, Bakı, Ay- Ulduz nəşriyyatı,136-142.
4. Məmmədli, N. (2019). Azərbaycançılıq milli inkişafın tükənməz ideoloji potensialı kimi, Ədəbiyyat qəzeti.
5. Cəfərov, N., Sərdarov, V. ,Cəfərov, A. (2016). Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları, Bakı, Elm və təhsil nəşriyyatı,9-36.
Könül Şəkiyeva
AMEA, Fəlsəfə İnstitutunun əməkdaşı və dissertantı