Sizin Reklam Burada

Yaşamaq gözəldir (HEKAYƏ)

Yaşamaq gözəldir (HEKAYƏ)Masa arxasında oturub süfrədə olandan atışdırırdıq. Amma içəri o qədər soyuq idi ki, qalın jaket və gödəkçə geyinsək də, danışdıqca ağzımızdan duman çıxırdı. Yəqin buna görəydi ki, qəlyanaltı Yaroslava heç ləzzət eləmirdi.

- Harda qaldı çayımız, gətir dəə, - səkkiz yaşlı oğlum Yaroslav incik tərzdə anasına baxdı.
Yazıq Natalya - uşağın anasını deyirəm, - özünü danlayırmış kimi görkəm aldı. Heç nə demədi, sadəcə başını buladı.

Ötən gün günortadan kəsilən qaz hələ də yanmırdı. Ona görə də evdəki yeganə elektrik qızdırıcısından həm otaqları, həm də yemək-içməyi qızdırmaq üçün istifadə edirdik.
Çaydanı bayaqdan qoymuşuq qaynamağa, amma deyəsən işıq da zəifləyib, yarım saatdan çoxdur gözləyirik, hələ qaynatmayıb.

Anidən evin günbatan səmtində yayılan qulaqbatırıcı partlayışın dalğası pəncərəmizin onsuz da çatlamış şüşəsini çilik-çilik edib döşəməyə səpdi. Həmin an ortalıqda ördək balası kimi yanlarını basa-basa yeriməyə çalışan evimizin sonbeşiyi balaca Vladik üzü üstə döşəməyə sərildi. Hə, isti çay həsrəti çəkən Yaroslav da özündən asılı olmayaraq onun üzərinə aşdı.

Partlayış gözqamaşdırıcı işıq saçdı. Başa düşdüm ki, bomba təyyarədən atılıb. Əgər biri atılıbsa, mütləq indilərdə növbəti bombanın da düşmə ehtimalı var.
- Aman Allah, Mişa! - Natalya bir ağız məni səsləyib üzü üstə yerə yıxıldı.
Özümü itirmişdim, amma çarəsiz ailəm... Tez toparlandım, Vladiklə Yaroslavı qamarlayıb əks tərəfdəki otağa apardım, pəncərəyə yaxın durmamağı, ümumiyyətlə, döşəməyə uzanmalarını tapşırıb geri qayıtdım.

Yemək masasının yanındaca yerə sərilib qalan Natalyanı ehmalca qaldırıb qucaqladım. Pəncərə şüşəsinin çiliklənmiş qırıntıları əlini bir-iki yerdən doğramışdı. Amma yarasına məhəl qoymadan onu da uşaqların yanına apardım.
- Anam qalıb... - partlayış vaxtı pallı-paltarlı yorğana bürünüb, yatağına uzanmış 87 yaşlı təzyiq xəstəsi olan anamın – onun adı Tatyanadır - otağına qaçdım.
Yazıq qarı, qorxusundan yorğanı başına çəkib qalmışdı.
Dinməzcə onu qaldırdım, qoluna girib uşaqların yanına gətirdim.
Gurumb....

İkinci partlayış daha yaxında baş verdi. Həm də elə güclü ki, mətbəxin qırmızı kərpicdən hörülmüş divarının bir hissəsi uçub töküldü. Nə yaxşı ki, tez tərpənib yerimizi dəyişmişdik, kim bilir nə olardı...
- Burada qalmaq olmaz, zirzəmiyə enməliyik, - anam təşvişlə dilləndi. – Allah bəlasını versin Rusiyanın, başına daş düşsün Putinin, birdən evin üstünə bomba atarlar.

Haqlıydı. Ağına-bozuna baxmadan atırdılar, mülki camaat var, ya yoxdur - veclərinə deyil, təki şəhəri dağıdıb, ələ keçirsinlər.
- Hə, əlbəttə, cəld olun! – dedim və cavab gözləmədən Vladiki qucağıma alıb oğrun-oğrun otaqdan çıxdım.
Evimiz əlli il əvvəl qırmızı kərkicdən tikilib. Düzdür, yeddi-səkkiz il öncə dam örtüyünü, qapı-pəncərələri dəyişmişik, amma yenə də, baxan kimi köhnə olduğu diqqət çəkir.

Zirzəmiyə giriş mətbəxdəndir. Neçə vaxtdır usta çağırıb həyətdən qapı açdırmaq istəsək də, hər dəfə nəsə bir iş çıxdığından indiyədək yubanıb qalmışdı.
Bayaq divar uçarkən toz-torpağa bulaşmış balaca kilimi kənara çəkib döşəmədən heç də seçilməyən qapını qaldırdım. Vladiki anasına ötürüb özüm tək aşağı düşüb, işığı yandırdım. Sonra Natalyadan uşağı alıb birlikdə aşağı endik.

Vaxtilə ev tikilərkən zirzəmi iki metrdən çox dərinlikdə qazılıb. Döşəməsi qalın betondan tökülüb, divarları da mişar daşıyla hörülüb. Yanlarda bir-iki yerdə açılmış çox balaca nəfəslik isə gün işığının içəri düşməsi üçün yeganə vasitədir. Onları da son günlər yağan qar-yağış tamam çirkaba boyayıb, çöl demək olar ki, görünmür.
Anam ev tikilən gündən xarab olmayan artıq ərzaqları bura yığırdı. Budur, soğan və kartof torbaları divara söykənib, toyuqlar üçün bir neçə kisə arpa, qarğıdalı da var, evin bəzi istifadə edilməyən əşyaları da bura yığılıb. Elektrik xətti də çəkilib, əgər şəhərdə işıqlar sönməsə, birtəhər keçinə bilərdik.

Uşaqları nənələrinin yanında qoyub Natalya ilə birlikdə yuxarı qalxdıq. Hamımıza yetəcək yorğan, isti odyallar, elektrik sobası, kilim, qab-qacaq filan daşıdıq. Düzdür, Natalya bayaq əlini zədələdiyi üçün ağır heç nə götürə bilmirdi, ona görə də yük mənim çiynimə düşmüşdü. Ağır şeyləri özüm daşıdım. Axırda da, mətbəxdəki hər biri on litrlik iki bidonu suyla doldurdum, dolabdakı, soyuducudakı yemək-içməkdən nə vardısa, hamısını zirzəmiyə düşürdüm.

Natalya əksər vaxtlar çörəyi özü bişirirdi deyə evdə unumuz əskik olmazdı. Elə bu günlərdə bir torba alıb qoymuşdum zirzəmiyə. Xülasə, düşməndən qorunmaq üçün bir müddət zirzəmidə yaşaya bilərdik.

* * *
Gecə səhərədək şəhər bombalandı. Rusların təyyarələrdən, dənizdəki gəmilərdən atdıqları raket və mərmilər Mariupolu xarabaya çevirmişdi. Əksəriyyəti sovetdənqalma binaların çoxu ya tamamilə dağıdılmış, ya da yaşamaq üçün yararsız hala salınmışdı. Ona görə də əhalinin xeyli hissəsi fürsət tapıb şəhərdən qaçmışdı, qaça bilməyənlər də ya xüsusi sığınacaqlarda, ya da elə bizim kimi, adicə zirzəmilərdə məskunlaşmışdılar. Amma qışın bu çağında zirzəmilər çox soyuq və rütubətli olduğu üçün, adamlar dözə bilmirdilər. Xüsusilə də uşaqlar, xəstələr...

Yaroslav nənəsinin, körpə Vladik isə anasının sinəsinə sıxılıb yuxuya getsə də, nə mən, nə də Natalya gözümüzü yummamışdıq. Fikir-dərd ürəyimi didib-dağıdırdı. Qohum-əqrəbadan xəbər-ətər yox idi. Görəsən şəhərdə nə baş verir, haranı vururlar, adamlar bombardman altında nə edirlər - min cür fikir keçirirdim ağlımdan. Elə beləcə, elektrik qızdırıcının ətrafında ər-arvad dərdləşərək, arabir də düşmənin ölüsünü-dirisini söyə-söyə səhəri açdıq.

Səhər obaşdan sirli səssizliyə qapanmış Mariupolda olub-bitənləri öyrənmək üçün zirzəmidən çıxdım. Əvvəlki gecə yağan zəif qar ərimiş, yer-yurd palçıq olmuşdu deyə həyətə düşmədən öncə mətbəxə keçib, uçmuş divarın yarıqlarından küçəyə göz gəzdirdim.
Evimizin balaca bağçasının ətrafına daş divar əvəzi təxminən adamboyu taxta çərçivə çəkmişdik. Hətta məndən fərqli olaraq, bir az ucaboylular küçədə gedərkən dabanlarını qaldırmadan həyətimizin içini görə bilirdilər.

Küçədə sakitlikdir: nə adam var, nə də maşın. Ürəklənib həyət darvazasına getdim, qapını aralayıb başımı çıxardım, sağı-solu diqqətlə nəzərdən keçirdim. Aman Allah, gecə burada nə baş verib, neçə qonşunun əziyyətlə tikib-qurduğu evlər sanki heç yoxmuş - rus bombaları onları daş qalağına çevirmişdi.
- Ay sizi doğub-əkənin...! - Hirsimdən bağırdım.
Yan qonşumuz Yurigilin evi salamat qalmışdı, amma səs-səmir gəlmirdi. Heç nə fikirləşmədən onların qapısına qaçdım. Qapı bağlıydı, zəngi basdım. Amma səbrim çatmadı, cavab gözləmədən uca səslə bir-iki ağız çağırdım.
“Şükür, salamatdırlar”, - Yurinin səsini eşitcək dodağımın altında mızıldandım.

- Tez bura gəl, küçədə salamat ev qalmayıb, - bağırdım.
Yuri müəllimdir. Ərə gedəndən sonra başqa rayona köçən qızı da həmçinin. Ümumiyyətlə, ailəlikcə ziyalıdırlar. Oğlu Saşa Kiyevdəki hansısa universitetdə üçüncü kursda oxuyur. Xanımı Viktoriyanı demirəm, elə gözəl xasiyyətli, danışıb-gülən qadın idi ki, qonşuların hamısı xətrini çox istəyirdi. Yuridən onu da soruşdum, dedi yaxşıdır, gecəni yatmayıblar qorxudan.

Çox narahat idik, üstəlik də qəzəbli. Elə hey düşmənin varyoxuna söyürdük, amma içimiz soyumurdu. Ətrafdakı bir-iki qonşunun qapısını döydük, səsimizə səs verən də oldu, verməyən də. Görünür bəziləri köçüb gediblər.
Daş qalağına çevrilmiş evlərə tərəf qaçdıq, İlahi, burda sağ adam qalar!? Ürəyim yerindən çıxırdı. Görəsən bomba düşəndə evdə adam olub, olubsa dağıntıların altında sağ qalan varmı? Beynim çatlayırdı, amma nə edim, əlimdən heç nə gəlmirdi.
Ora-bura zəng vurmağa başladıq, şəbəkə yaxşı işləmədiyindən ya düşə bilmirdik, ya da zəngimizə cavab verilmirdi.

Bu vaxt aşağı tərəfdən gələn iki maşın bizə çatıb dayandı. Yerə tökülüşən altı-yeddi əliavtomatlıdan biri – onlar Mariupol şəhər polis idarəsinin əməkdaşları idilər – uca səslə:
- Burda qalmaq olmaz, evdə kim varsa, hamınız çoxmərtəbəli binalara gedin, onların zirzəmiləri qorunmağınız üçün ən yaxşı yerdir, - dedi. – Həyət evləri çox qorxuludur, ruslar şəhəri havadan, dənizdən – hər yerdən vurur. Çox insanlarımız həlak olub, - əlavə etdi.
- Vəziyyət belə davam edə bilməz, bizi şəhərdən çıxarın!, - qonşulardan biri həyəcanla səsləndi.
- Dövlət bu istiqamətdə çalışır, amma ruslar razılaşmır, onlar Ukraynanı işğal eləmək istəyirlər, - polis qətiyyətlə cavab verdi.
- Daşı daş üstə qalansın Rusiyanın, o boyda ərazisi var, yenə gözləri doymur! – Yuri səsini qaldırdı.

- Onlar hər tərəfdən – bütün sərhəd boyunca Ukraynaya hücum ediblər. Sumıda, Xarkovda, Donbas, Luqansk, Xerson istiqamətində döyüşlər gedir. Hətta Belarus ərazisindən də... – polislərdən biri dedi.
- Belarusu anlamaq olmur! Ukraynaya nə veriblər ki, ala bilmirlər, niyə bizimlə düşmənçilik edirlər, bu dəhşətdir! Ruslarla müttəfiqdirlər, özləri bilərlər, amma ölkələr düşmən hücumunun qarşısını almaq məqsədilə müttəfiq olurlar, başqasının torpaqlarına girmək üçün yox! – deyə Yuri təəssüflə başını yırğaladı.

- Lukaşenko öz taxtını qorumaq üçün Putinin nökərinə çevrilib. O, heç kimdir, özünün də, ölkəsinin də bütün səlahiyyətlərini Kremlə verib - Belarusu Moskva idarə edir. Belarus xalqının Rusiyadakı etniklərdən heç bir fərqi yoxdur, hamısının beynini yuyub zombiləşdiirblər, - dedim. - Biz çox böyük, çox amansız düşmənlə üz-üzəyik. Qonşuların evinə baxın, dünənədək o evlərdə insanlar danışıb-gülərək, sevgiylə yaşayırdılar. Amma indi daş qalağına çevriliblər...

– Sözümü ağzımda qoyan polis:
- Ruslar şəhərə girmək üzrədirlər, hər an küçədə “Z” simvollu düşmən tankını görə bilərsiniz. Ailənizin yanına qayıdın. Biz dağılan evləri axtaracağıq, müharibədir, hamımız çalışıb insanlarımızı ölümdən qurtarmalıyıq. Evinizə gedin, imkan düşən kimi, buradan uzaqlaşın.

Hamı kimi mən də dinməzcə evə gəldim.
Anam da, Natalya da, uşaqlar da həyətdəydilər. İçəri girən kimi hamısı qorxu içində zilləndilər üzümə. Elə maraqla baxırdılar ki. Yəqin küçədə nə baş verdiyini öyrənmək istəyirdilər.

- Getməliyik, - dedim. - Ruslar şəhəri viran qoyub, küçəboyu evlərin çoxu indi yoxdur. Polislər ordadır - əlimlə küçəyə işarə etdim. - Dedilər, təcili şəhərdəki sığınacaqlara, ən azından çoxmərtəbəli binaların zirzəmilərinə yerləşək. Düşmən təyyarələri hər an evimizi vura bilər.
- Müharibə edənin evi dağılsın, Putinin başına daş düşsün! - Natalya qəzəblə bağırdı. – Günümüzə bax, qışın şaxtasında evimizi uçurdular, belə vəhşət olar?
- Səbrli ol, yaxşı olacaq, - deyə Natalyanı qucaqlayıb, könlünü almaq üçün zarafatyana:

- Heç kinolara baxmamısan, o vaxt faşistlər gələndə də hamı bizim kimi gizlənirdi, - zorla gülümsədim.
- Faşistlər düşmən idi, amma tutduqları şəhərin camaatını qırmırdılar, - anam Natalyadan qabaq səsini qaldıraraq sözümü ağzımda qoydu. - O vaxt nənən - öz anasını nəzərdə tutur - danışırdı ki, almanlar onlardan müqavimət göstərməməyi, sovet dövlətinə qarşı çıxmağı tələb edirlərmiş. Hə, bunu faşistlər edib, amma indi eyni şeyi Rusiya təkrarlayır. Ruslar şəhərimizi yandırıb, bizi Moskvanın qulu olmağa məcbur edir. Razılaşmayanları öldürür, evini başına uçurur. Rusiyanın o vaxtkı Almaniyadan, Putinin də Hitlerdən fərqi yoxdur! - anam səsini qaldırdı.

Nə desə haqqı vardı! Rusların dünyada bənzəri yoxdur: yeni ərazilər işğal etmək həvəsi ilə yaşayırlar, hətta qardaş xalqların da torpağına göz dikirlər. Dünyanın yarısı əllərindədir, nə gözləri doyur, nə də könülləri. Özü də, kim deyirsə ki, ruslar sülhsevərdir, yalandır! Müharibəni Putin başlayıb, onu da xalq seçib, yanlış siyasət yürüdürsə, niyə millət ayağa qalxıb “müharibəni dayandır” demir? Əksinə, ona hörmətləri daha da artıb. İşğalçılıq, imperiyasevərlik onların qanındadır.

* * *
Səkkiz gün idi ki, zirzəmidə yatıb-durur, orda yeyib-içirdik. Tam sakitlik olanda ehtiyyatla həyətə çıxıb havamızı dəyişər, tualetimizi həll edər, yenidən yeraltı dünyamıza qayıdırdıq. O gün polis tapşırmışdı ki, ümumi sığınacaqlara gedək, amma elə o vaxtdan bombardmanlar şüddətlənmişdi deyə, qorxudan küçəyə çıxa bilməmişdik.
Küçə demişkən, son dord gün ərzində küçəmizin ancaq adı qalmışdı: evlərin əksəriyyəti məhv edilmişdi, qalanları da bizim ev kimi, yarıuçuq vəziyyətdəydi. Tək-tük ev həsarət almamışdı.

Əvvəlki günlər olduğu kimi, uşaqlar havalarını dəyişsinlər deyə həyətdəydik. Xoşbəxt görünməsələr də, hər halda yarıqaranlıq, soyuq zirzəmidənsə elə ölüm xoflu açıq səma altında olmaq istəyirdilər. Hələ Vladikə bax, anasının qucağında balıq kimi çarpınırdı ki, yerə düşsün. Yazıq anam, bu yaşında başına gələnlərə bax, divarın dibindəki söykənəcəyi qırılmış köhnə stulda oturub fikrə dalmışdı.
Qəfil elə bil vulkan püskürdü, yer-yerindən oynadı, qulaq yırtan gurultu Mariupolu bürüdü.
Şəhər artilleriya atəşinə tutulmuşdu. Deyəsən Azov dənizindəki gəmilərdən də atırdılar. Çünki ardı-arası kəsilmədən top mərmiləri Mariupolu daş yığınına çevirirdi.

Yenidən zirzəmiyə tərəf götürüldük. Anamgili, uşaqları aşağı endirib, özüm girişdə dayandım. Amma səbrim çatmadı, çıxıb divarın uçan yerindən küçəyə boylandım.
Qorxudan sağa-sola qaçışan bir-iki adam vardı, onlar da bir andaca harasa girərək gözdən itdilər. Qeyri-iradi bədənim ürpəndi, sanki çöldə kabus dolaşırdı.

Gurultu qopdu – tanklar gəlir deyəsən. Ehtiyyatlanaraq divardan qopmuş kərpic qalağının arxasına sıxıldım. Hə, tankdır... Yoox, üstünə iri “Z” yazılmış BMP-lərdi – dörd-beş dənə olardı, üzüyuxarı sürətlə gəlirdilər. Haradasa otuz-qırx addım aralıda maşınlardan biri dayandı. Aralarından biri rusca “evləri axtarın, diqqətlə baxın” deyən kimi, əsgərlər qapılara cumdular.
Aydındır, evləri axtaracaqlar.
Tələsik zirzəmiyə endim. Enərkən də əvvəlki kimi, üstünə beş-altı kərpic filan atdığım toz-torpaqlı kilimi zirzəminin qapısının üstünə çəkdim ki, ruslar evə girsələr, duyuq düşməsinlər.

Yeraltı dünyamızda sakitcə oturduq. Hər ehtimala qarşı işığı söndürüb, sadəcə şam yandırdıq. Danışanda da səsimizi elə qısırdıq ki, bir-birimizi güclə eşidirdik. Bircə balaca Vladik nəsə mızıldayır, anası da könlünü almağa çalışırdı ki, kefi pozulmasın. Çünki Allah eləməsin, ağlamağa başlasa sakitləşməyəcəkdi.
Təxminən iki saat ötdü, amma yuxarıda səs-səmir yox idi. Artıq səbrim daşırdı. Maraq məcbur edirdi ki, çıx yuxarı, gör nə var, nə yox.

Pilləkəndə dayanıb qulaqlarımı şəklədim. Tam sakitlik idi. Bu vaxt Yaroslavın “tualetim var” deməsi səbrimi daşırdı, ehtiyatla qapını qaldırıb siçan kimi ətrafı süzdüm. Düzdür, küçədə səslər eşidirlirdi, amma həyətdə sükut vardı.
Astaca Yaroslavı səslədim. Özüm qabaqda çıxdım, uşağı tualetə göndərib mətbəxin uçuq divarının yarıqlarından küçəyə zilləndim.

Hardasa yeddi-səkkiz əliavtomatlı rus əsgər qarşı tərəfdəki evin darvazasında yığışmışdılar. Birdən gözüm evin sahibinə - ağsaqqal Sergeyə sataşdı. O, yarıəyilmiş tərzdə qapıya söykənib hakim qarşısındaymış kimi, ruslara nəyisə başa salmağa çalışırdı. Amma nəyi, işlək vəziyyətdə dayanmış BMP-nin motorunun səsindən dəqiq eşidib aydınlaşdıra bilmirdim.

Fikrimi bir az da cəmlədim. Hə, Sergeyin oğlu axı zabit idi, müharibədən əvvəl deyəsən Xarkov tərəfdə xidmətdəydi. Maraqlıdır, düşmən onun ünvanını necə öyrənmişdi? Məni fikir götürdü. Görünür kəşfiyyatçıları yaxşı işləyir, bəlkə də şəhərdəki etnik ruslar onlara casusluq ediblər – hər şey ola bilər.
- Oğlun xaindir, terrorçudur, Amerikanın casusudur! – ruslardan biri bağırdıqda,
- Yox, oğlum halal insandır, ölkəsini sevir. Onun haqqında belə deməyin! – Sergey yalvarırmış kimi etiraz elədi.
- Kar qulağınla eşit: sənin də, oğlunun da – bütün hamınızın ölkəsi Rusiyadır – böyük Rusiya! – deyə bağıran rus hərbçi bir daha oğlunun harda olduğunu soruşdu.

Yazıq qoca, onların başqa şəhərdə yaşadığını, sonuncu dəfə Yeni il bayramında gördüyünü dedi. Amma deyəsən bu cavab rusları razı salmadı və anidən atəş açıldı. Sergeyin şappıltıyla yerə sərilən meyitinə bir təpik də tutuzduran rus zabit:
- O biri evlərə baxın, - deyə bağırdı.

Şokdaydım. Kürəyimi divara dirəyib nəfəsimi uddum. Əlimdə silahım olsaydı düşməni topasıyla qırardım. Hər zaman qonşuların hörmət etdiyi, mədəni, mehriban bir qocanı - Segeyi gözümün qarşısındaca öldürdülər!
Dayanmağa vaxt yox idi, ruslar bizə tərəf gəlirdilər. Tez tualetin qapısına yüyürüb, səs yayılmasın deyə az qala ağzını qapıya dirəyib “tez çıx, aşağı düşməliyik” deyə Yaroslavı tələsdirdim. Sağ olsun, çox ağıllı, diribaş uşaqdır, anındaca çıxdı.

Aşağı endik. Yaxşı ki, onsuz da gecənin soyuğunda rahat yata bilməyən balaca Vladik elə indilərdə anasının qucağındaca yuxulamışdı. Rusların bizə tərəf gəldiyini deyib, tapşırdım ki, dinib-danışmasınlar. Bir-birimizə sıxılıb başımıza nə gələcəyini gözləməyə başladıq.
Həyətə girmişdilər. Əsəbi olduqları səslərindən açıq hiss olunurdu. Danışıqlarından belə başa düşdüm ki, adamdan çox ərzaq, içki, tüstülətməyə siqaret axtarırlar.

Bir andaca yuxarıda – başımızın üstündə gəzişməyə başladılar. Artıq səslərini, nə danışdıqlarını daha aydın eşidə bilirdik.
- Kimsə yoxdur, deyəsən gizləniblər! – aralarından biri həyasızcasına güldü.
- İt balaları, onsuz da gedəcəyiniz yer yoxdur!, - başqa biri bağırdı.
Yuxarıda səs-küy çoxalmışdı, yerə düşən əşyaların taqqıltısı filan... Nəsə axtarırdılar. Amma tez-tez ünvanımıza kəskin söyüşlər də söyürdülər. Yəqin axtardıqlarını tapa bilmədiklərindən, əclaflar acıqlarını belə çıxırdılar.

- İt balaları, bunlar yemək yemirlərmiş, evdə dişə çəkməyə heç nə qoymayıblar!
Xırıltılı səsə içəridə gülüşmə başladı.
- Sən şəkildəkinə bax, qancıq yaman gözəldir, burda olsaydı...
- Heç olmaya şəkli götür, yatanda qoyarsan yastığının altına...
Yenidən sırtıq-sırtıq qəhqəhə çəkdilər.
Görünür Natalyanın Yaroslav balaca olarkən birlikdə çəkdirdiyi, hazırda qonaq otağının divarında asılmış şəkli ilə məzələnirdilər.

Əsəbdən dodaqlarımı gəmirdim. Əgər gözlərimin qabağında qorxudan titrəyən ailəm olmasaydı, canından keçib, düşmənlərlə birlikdə yandırardım evi.
Yoox, hirslənmək olmaz – sakitləşməliyəm, nə olur-olsun özümü toparlayıb, rusların getməsini gözləməliyəm. Bu ailəmizin yeganə xilas yoludur.
- Siz bura baxın, axır ki, xoşbəxtlik baş verdi! - kimsə bağıraraq qəhqəhə çəkən kimi:

- Seryoja, sən ürəksən! - deyə qışqıran digərləri səsə tərəf yüyürdülər.
Qəfil yüyürüşdən evin onsuz da köhnəlmiş döşəməsi əsdi. Əskimiş taxtaların cırhacırı özünəvurğun, hallanmış rus əsgərlərin bağırtısına qarışmışdı.
Anlaşıldı, yataq otağındakı dolabdan siqaretlərimi tapmışdılar. Məndə adətdir, hər gün siqaret almaq üçün dükana getmirəm, imkanım olanda iki-üç blok alıb atıram evə, lazım olduqca tüstülədirəm...

- Acından qarnım guruldayır, görəsən yeməyi harda gizlədiblər? - əsgərlərdən biri dedikdə,
- Mətbəxə baxın! Həyətə də baxın, belə yer evlərində ərzaq saxlamaq üçün mütləq anbar olur! – aralarından biri dilləndi.
- Mətbəxə baxmışam, heç nə yoxdur, orada divar dağılıb, yəqin ev uçduğu üçün başqa yerə köçüblər, - kimsə cavab verdi.
- Onda vaxt itirməyək, həyəti də axtarıb gedək. Bir də, baxın, görün evin zirzəmisi varmı? – güman ki, dəstənin komandiri olan biri tapşırdı.

Ayaq taqqıltıları yenidən döşəməni silkələdi və o andaca güclə eşidiləcək səslər həyətə yayıldı.
Həyətdə anbar-zad tikməmişdik, amma küncdə balaca toyuq hini vardı, içində də dörd-beş yumurtlayan toyuq. Yaroslavın xoşuna gəlirdi toyuqlar, bir dəfə anasından xahiş eləmişdi, o da almışdı. Hətta gündə neçə dəfə dənini-suyunu da Yaroslav özü verirdi.
Bir anlığa sanki üstümdən ağır yük götürülübmüş kimi, dərindən nəfəs aldım. Özümdən asılı olmayaraq gözlərim güldü. Yaxşı ki, içəri qaranlıqdır, yoxsa Natalya elə bilərdi dəli olmuşam.

Təsadüfə bax, həftənin əvvəli həyətdəki yarıqurumuş alma ağacını doğrayıb divarın dibinə - düz zirzəminin uzunsov, amma iki-üç barmaq hündürlüyü olan nəfəsliyinin qarşısına yığmışdım. Hətta anam məni danlayaraq tapşırmışdı ki, onları ordan götürüm, içəri gün düşmür. Edəcəkdim, amma bombardman şüddətləndiyi üçün yadımdan çıxdı. Əslində lap yaxşı oldu. Əgər odunlar ora yığılmasaydı düşmən nəfəsliyi görərdi...

Beləcə, soyuq və qaranlıq zirzəmidə əlacsız halda, dinib-danışmadan bilmirəm nə qədər, amma xeyli gözlədik. Həyət-bacadan səs-səmir gəlməsə də, arxayınlaşmadıq, axı yaşamaq gözəldir.
Vladik də oyanmışdı. Qızdırıcı sobanın spiralının yaydığı, bir də soldakı taxta oturacağın üstündə yandırdığımız şamın işığı içərini zəif aydınlatsa da, bu bizə bəs edirdi. Çünki bayırda hava qaralmışdı, əgər işığı yandırsaq, qarşısında odun topası olsa da, həyətdən baxıb görə bilərdilər.

Vəziyyət ağır idi, içəri soyuq olduğundan yaşlı anam, elə Yaroslav da özlərini sıxıb qalmışdılar – tualet istəyirdilər. Nə qədər ki, sığındığımız bu balaca zirzəmini islatmayıblar, bir şey etmək lazım idi. Ürəklənib astaca zirzəminin qapısını qaldırdım.
Alatoran otaqlardan səs-səmir gəlmirdi. Həlbət getmişdilər. Yavaşca yuxarı qalxdım, otaqları, həyəti gözdən keçirdim, uçmuş divarın dağıntıları arasından oğrun-oğrun küçəyə boylandım, heç kim yox idi.
Zirzəmiyə enib təhlükə olmadığını dedim. Elə sözümə bənd imişlər kimi, tez yuxarı qalxdılar. Anam ayaqyoluna girdi, Yaroslav da həyətə qaçıb divarın dibinə çəkildi.

Qonşulardan kimisə görmək ümidiylə küçəyə çıxdım. Amma bir az aralıda avaralanan iki sahibsiz itdən başqa heç nə gözümə dəymədi.

Geri qayıtdım. Elə pilləkənə yaxınlaşmışdım ki, Yaroslavın ağladığını eşidib qorxdum, ona sarı qaçdım.
Ay sizi it uşaqları, toyuqları aparıblar!
Yaroslavın başını tumarlayıb, dilə tutdum. İnandırdım ki, ağlasa ruslar səsini eşidər, gəlib hamımızı öldürərlər. O da gözünün suyunu qoluna silib, sakitləşdi.

Nə isə, hamı işini qurtaran kimi yenidən zirzəmiyə qayıtdıq. Natalya elektrik sobasında kartof bişirdi, hərəmiz bir az atışdırıb elə sobanın başındaca çayımızı qurtuldada-qurtuldada dünəndən-bu gündən söhbət açdıq. Hələ anamı demirəm, səksən il əvvəl faşistlərin hücumu ilə bağlı öz anasından eşitdiklərini bəlkə də yüzüncü dəfə elə maraqla danışırdı ki...
Amma öz aramızdır, faşistlər də yönlü əclaf olmayıblar! O vaxt nənəmgilin çoxuşaqlı qonşusu varmış – doqquz uşaq. Ən kiçikləri Aleksandra anamın yaxın rəfiqəsi olub, Rusiyanın Bryansk şəhərində yaşayırdı, beş-altı il olar ki, vəfat edib.

Aleksandra deyirmiş ki, faşistləri görüb qorxudan kolluqda gizlənə bilib. Amma ata-anasının, səkkiz bacı-qardaşının bəxti gətirməyib, faşistlər hamısını güllələyib cəsədlərini həyətdəki su quyusuna atıblar. Aleksandra bütün bunları görsə də, gizləndiyi yerdən çıxmayıb. Almanlar gedəndən sonra dayısı gilə qaçıb...
Tarix təkrarlanır: o vaxt faşistlər öldürürdü, indi də ruslar. O gün qapının ağzında qonşumuz Sergeyi alnından atdılar – yadıma düşəndə dəli oluram.

- Gəlin domino oynayaq, başımız qarışsın, bütün günü otururuq, ya da yatırıq, - narazı halda mızıldandım.
Heç kimdən səs çıxmasa da, təklifin hamının ürəyindən olduğu üzlərindəki təbəssümdən açıq görünürdü. Odur ki, cavab gözləmədən yuxarı qalxdım, axtarıb dolabdan domino qutusunu tapdım, bir anlıq həyət-bacaya da göz gəzdirib zirzəmiyə qayıtdım, mətbəxdən düşürdüyümüz kiçik masanı ortaya çəkib oyuna girişdik.

Nə yaxşı şeymiş domino, vaxtın necə keçdiyini hiss eləmədik. Hətta adama yüz qram vurandan sonra ruslar da yadımızdan çıxdı. Neçə günlərin ağrı-acısını, ölüm-itim qorxusunu müvəqqəti də olsa, içimizdə gizlədə bildik. Sanki Yeni il gecəsiymiş kimi, bu soyuq zirzəmidə özümüzü xoşbəxt hiss eləməyə başladıq...

* * *
Səhər hamıdan erkən qalxıb həyətə çıxdım. Hava soyuq olsa da, çox təmiz idi. Düzdür, hava yanan binaların tüstüsünə qarışmış barıt qoxuyurdu, amma hər halda, zirzəminin nəmişliyindən yaxşıydı.

Səkkiz gündür zirzəmidə yaşayırıq, əlbəttə, buna yaşamaq demək olarsa. Ərzaq ehtiyyatımız da tükənmək üzrəydi. Küçəmizdəki məhəllə dükanında heç nə qalmayıb. Çünki aviazərbə zədələyəndən sonra sahibi içində nə vardısa dəyər-dəyməzə satıb, aradan çıxmışdı. Hə, bir dükan da vardı, amma bizdən bir az aralıdadır. Axşam telefonla danışdığım tanışım dedi ki, ac sakinlər onu da çoxdan yağmalayıblar.

Evimiz Mariupolun şimal-qərb ətrafında – şəxsi mülklərin yerləşdiyi məhəllədədir. Yaxınlıqda bir dənə də çoxmərtəbəli bina yoxdur – küçəboyu bir-iki qatlı şəxsi evlər sıralanıb. Müharibə başlayan günədək elə sakit, elə xoşbəxt yaşayırdıq ki... İşləməyə işimiz, yaşamağa evimiz, yeməyə də çörəyimiz vardı. Düzdür, Rusiya neçə il əvvəl Krımı işğal edib, amma onu da geri qaytaracağımıza, xoşbəxt cəmiyyət quracağımıza inanırdıq. Amma təəssüf, rus işğalçılar arzularımızı gözümüzdə qoydular. Gör nə günə qalmışıq ki, yemək, dava-dərman almaq üçün qonşu məhəllələrdəki dükanlara, apteklərə getmək nədir, darmadağın edilmiş küçəmizə çıxmağa belə cəsarət eləmirdik...

- Mişa!
Yuxudan oyanmışam kimi, səsə diksinərək geri boylandım. Natalya idi. Yaxınlaşdım. Üzünə baxan kimi nədənsə qorxub-təlaşlandığını hiss elədim. Nəsə demək istəyirdi ki, qeyri-ixtiyari sözünü ağzında qoyub:
- Ən vacib şeylərinizi yığın, gedirik, - dedim.
Sözümə bəndmiş kimi:

- Ana xəstələnib, deyəsən soyuqlayıb. Evdə dərman da qalmayıb, aptekə getmək lazımdır, - dedi.
Açığı bir az qorxdum. Anamın səksən yaşı var, müharibə başlayandan bəri bizə görə çox narahatdır, üstəlik səkkiz gündür də soyuq zirzəmidə yaşamaq onu taqətdən salmışdı.

Zirzəmiyə endim. Anam yorğana bürünüb elektrik qızdırıcısının lap yanındaca oturmuşdu. Əlimi alnına qoydum – hərarəti vardı. Natalya dedi ki, sonuncu qızdırmasalıcı həbi içib.
Zirzəmidən getməli olduğumuzu anama da dedim.
Çox sakit tərzdə:
- Hara gedəcəyik? Ukraynada rusların müharibəsindən dinclik tapan yer qalıb? – soruşdu.
- Var ana, əlbəttə var! - dedim. - Qismət olsa Zaporojyeyə gedəcəyik, ordan da Kiyevə. Düzdür, Zaporojye vilayətinin böyük hissəsini ruslar işğal edib, amma mülki sakinlərin təxliyyəsi üçün yol açılıb, hara istəsək gedə bilərik. Kaxovkayadək ruslar nəzarət edir, sonuncu keçid məntəqəsi Vasilivkada olmalıdır.

Əminəm ki, sağ-salamat Zaporojyeyə gedib çatacağıq.
- Elə rahat danışırsan ki! Natalya başını buladı. - Axşam Nadya ilə telefonda danışdım. Deyir hansısa parkda, ticarət mərkəzinin qabağında çoxlu meyit görüblər – hamısını rus əsgərlər öldürüb, - səsi titrədi.
- Sən narahat olma, biz tək getməyəcəyik, başqaları da var, təxliyyə üçün ayrılmış yola çıxacağıq. Orda heç kimi öldürmürlər, - təsəlli verməyə çalışdım.
- Yaxşı, sən deyən olsun, amma əvvəlcə poliklinikaya baş çəkək, görək həkim nə deyəcək, sonra... - Natalya anama işarə etdi.

- Hə, əlbəttə! Siz tez yığışın, komendant saatı başa çatıb, nə qədər ki, bombardman başlamayıb, çıxaq. Mən maşını işə salım... - deyib həyətə - qaraja gəldim.
Martın 18-də, səhər saat səkkiz radələrində mavi rəngli “dördgöz” “Mercedes”ə oturub həyətdən çıxdıq. Maşın elə darvazadan çıxmışdı ki, anam qeyri-ixtiyari hönkürdü. Sanki bunu gözləyirmiş kimi, Natalya da ona qoşuldu. Küçəboyu Rusiyanı lənətləyə-lənətləyə ağlaşdılar. Mənsə sükan arxasında özümü toxtamağa çalışdım. Çünki indi yarıuçmuş evimin deyil, maşındakı ailəmin taleyi məni daha çox narahat edirdi.
Bir azdan razılaşdığımız yerdə, tanışım olan daha iki ailə də öz maşınlarıyla bizə qoşuldular. Bombardman nəticəsində simasını dəyişmiş doğma şəhərimizin yanıb-qaralmış mənzərəsini yara-yara Kaxovka istiqamətinə şəmt aldıq.

Yolüstü xəstəxanaya da baş çəkdik, amma yaralı ukraynalılara kömək etməsinlər deyə ruslar oranı raketlə vurub dağıtmışdılar. Ona görə də şəhərin lap çıxacağındakı yolkənarı balaca bir aptekdən adi soyuqdəymə dərmanı alıb vaxt itirmədən “Yaşıl dəhlizlə” şütüdük...

Vüsal Tağıbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər