Sizin Reklam Burada

Aytən Qəhrəman: “YUNESKO-dan ədalətli və qərəzsiz mövqe gözləyirik”

Aytən Qəhrəman: “YUNESKO-dan ədalətli və qərəzsiz mövqe gözləyirik”
Bu ilin noyabr ayının 16-da dünya YUNESKO-nun yaranma gününü qeyd edəcəkdir. Bu il təşkilatın yaranmasının 75 illiyi tamam olur. Belə ki, 1945-ci ilin məhz bu günündə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) yaradılıb. Londonda keçirilən Konfrans dünyanın 37 dövlətinin imzaladığı Nizamnaməni qəbul edib. Onların planına görə yeni təşkilat "bəşəriyyətin intellektual və mənəvi həmrəyliyini" təmin etməyə kömək etmək və bununla da yeni dünya müharibəsinin başlanmasının qarşısını almaq üçün qurulubdur.

Azərbaycan BMT-nin bu qurumuna 1992-ci il iyunun 3-də qoşulub. 29 ildən artıqdır ki, YUNESKO ilə Azərbaycan arasında mövcud əlaqələr getdikcə genişlənir və müxtəlif fəaliyyət sahələrini əhatə edir. Azərbaycan təhsil, mədəniyyət, təbiəti mühafizə və idman sahələrində YUNESKO-nun bir çox konvensiyalarına qoşulubdur.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunub saxlanması ilə yanaşı, həm də dünya irsinin beynəlxalq səviyyədə müdafiə və mühafizə edilməsinə dəstək verilməsidir. Bu məqsədlə ölkəmiz müstəqillik əldə etdikdən sonra YUNESKO ilə sıx əməkdaşlıq əlaqələri qurmuş, qurumun fəaliyyətinə öz töhfəsini vermişdir. 2013-cü ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycan eyni uğurla YUNESKO-nun rəsmi tərəfdaşlığı ilə iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu keçirir.
Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilən qərara əsasən Azərbaycan bu mötəbər strukturun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edibdir. Belə ki, 30 iyun 2019-cu il tarixində Bakıda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilib. Bütün bunlar isə Azərbaycanın dünya irsi obyektlərinin beynəlxalq miqyasda qorunub saxlanması məsələsində xidmətlərinin tanınması və qiymətləndirilməsinin sübutudur.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya YUNESKO-nun xoşməramlı səfiri adının verilməsi ilə Azərbaycan ilə YUNESKO arasında əməkdaşlıq daha da intensiv xarakter alıb. Mehriban xanım Əliyevanın rəhbərliyi və yaxından diqqəti sayəsində Azərbaycanda və onun hüdudlarından kənarda maddi və qeyri-maddi mədəni irsin qorunması, o cümlədən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində çox mühüm işlər görülməkdədir.

Bir neçə onilliklərdir ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı hər il mədəni, ekoloji və ya tarixi dəyərinə görə populyarlaşdırılmalı və qorunub saxlanılmalı olan təbii və ya süni obyektlərin müəyyən edildiyi toplantılar təşkil edir.
YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Komitəsinin 2009-cu ilin 28 sentyabr – 2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 4-cü sessiyasında Heydər Əliyev Fondunun prezidentinin səyləri sayəsində strukturun yekun qərarına əsasən Azərbaycanın Aşıq Sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil olunubdur.

Bundan əlavə, həmin sessiyada Novruz bayramı da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilibdir. Bir sıra dövlətlərdə qeyd edildiyi nəzərə alınaraq, təşkilatın tövsiyəsi ilə bu bayram beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi YUNESKO-ya təqdim olunubdur. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 30 iyun – 10 iyul 2019-cu il tarixlərində Bakıda keçirilən 43-cü sessiyası zamanı Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi də YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilibdir.

Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində fəaliyyətinin digər mühüm istiqamətlərindən biri də Azərbaycan mədəniyyətinin, elminin və incəsənətinin görkəmli şəxsiyyətlərinin beynəlxalq miqyasda tanıdılmasıdır. Belə ki, 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda və Parisdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Eyni zamanda Parisdə YUNESKO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi qeyd edilib, eləcə də dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç və onun həyat yoldaşı, opera ifaçısı Qalina Vişnevskayanın birgə yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr olunmuş albom və disklər buraxılıbdır.

2005-ci ildə Parisdə, YUNESKO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ Xanəndələri” musiqi albomunun təqdimat mərasimi keçirilibdir.

Heydər Əliyev Fondu həm də təkcə Azərbaycanda deyil, xaricdə də mədəniyyət abidələrinin qorunmasına yönəlmiş çox mühüm humanitar və mədəni layihələr həyata keçirir.

2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən Parisin Versal Sarayının parkında nümayiş etdirilən Ümumdünya İrs Siyahısına daxil edilmiş iki abidənin bərpası buna sübutdur. Parisdəki Luvr Muzeyində İslam sivilizasiyasının memarlıq, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrinin nümayiş olunduğu yeni zalların yaradılmasında da Heydər Əliyev Fondunun mühüm rolu olmuşdur. Heydər Əliyev Fondu Fransanın Orne departamentindəki Sen-İler, Ferne-o-Sovaj, Sen-İler-La-Jerar, Tanville, Courjust, Reveyon, Mal yaşayış məntəqəsindəki X-XII əsrlərə aid yeddi kilsənin, 14-cü əsrə aid Strasburq Kafedral kilsəsinnin vitraj hissələrinin bərpasına yardım göstərmişdir.
Fond İtaliya və Vatikanda tarixi-mədəni yerlərin qorunması üçün də bir sıra layihələr həyata keçirib. 2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən Kapitolin Muzeyində müqəddəslər Marselino və Pietronun katakombaları, eləcə də Filosoflar Zalı bərpa edilib. Daha sonra Fond, Vatikanda Müqəddəs Sebastyan katakombalarının bərpasına da öz töhfəsini veribdir. İki il sonra Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bütün xristian dünyası üçün əvəzsiz mədəni-tarixi əhəmiyyətə malik katakombaların açılış mərasimində iştirak edibdir.

Heydər Əliyev Fondu İkinci Dünya Müharibəsi zamanı dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə qoşulmuş, 2011-ci il sentyabrın 29-da isə Mehriban xanım Əliyeva Berlin qəsrinin bərpası üçün ianə toplama kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun töhfəsi olaraq 50 min avro məbləğində pul çekini Berlin Qəsrinin rəhbərliyinə təqdim edibdir.
Bolqarıstanın mədəni-mənəvi paytaxtı olan Veliko Tarnovo şəhərində yerləşən “Trapezitsa” memarlıq-muzey qoruğunun bərpasını da qeyd etmək istərdim. Bu memarlıq incisinin və İkinci Bolqar Krallığının mənəvi mərkəzinin bərpasına Heydər Əliyev Fondu mühüm töhfə veribdir. Belə ki, Heydər Əliyev Fondu tarixi abidənin 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, Mədəni İrs Mərkəzinin yaradılmasını, bu ərazidə yerləşən orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçiribdir. Bolqarıstan və Şərqi Avropanın tarixi turizm mərkəzlərindən biri olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda konservasiya və bərpa işləri 10 ay davam etmişdir.

Bu layihə əslində Fondun bütün Balkan regionunda ən böyük mədəniyyət layihəsidir. 22 sentyabr 2016-cı il tarixində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Trapezitsa Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak ediblər.

Bundan əlavə, Fond təhsilə dəstək üçün çoxlu sayda sosial layihələr həyata keçririb, xüsusən Pakistan və Vyetnamda məktəblərin, Bosniya və Herseqovinada sosial mərkəzlərin tikintisi layihələrinə dəstək verib, və s.

Uzun illərdir ki, ölkəmiz istər Azərbaycanda, istərsə də qlobal miqyasda dünya mədəni irsinin bərpasına öz töhfəsini verir və ölkəmizlə YUNESKO arasında tərəfdaşlıq əlaqələri daim yüksək səviyyədə inkişaf edir.
Azərbaycanın 44 günlük müharibədə qələbəsi regionda yeni reallıqların yaranmasına gətirib çıxardı ki, bu da bəzi siyasi dairələrdə narahatlıq yaradır və bu dairələr yeni vəziyyətlə barışa bilmirlər. Bu kontekstdə YUNESKO öz mandatı çərçivəsində obyektiv və qərəzsiz fəaliyyət göstərməli olan hökumətlərarası təşkilat kimi bu nalayiq prosesə qarışıb və siyasi təzyiq vasitəsinə çevrilib.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə dağıdılmış və talan edilmiş mədəni irsin vəziyyəti və taleyi ilə bağlı Azərbaycan dəfələrlə məsələ qaldırmış, onun mühafizəsi üçün tədbirlərin görülməsi və bu ərazilərə missiya göndərilməsi xahişi ilə dəfələrlə YUNESKO-ya rəsmi müraciət etmişdir. Təəssüf ki, bu müraciətlərin heç birinə adekvat cavab verilməyibdir.
1996-cı ildən etibarən rəsmi Bakı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində mədəni irsin talan edilməsi barədə YUNESKO-ya məlumat vermiş, bu mədəni irsin Azərbaycana qaytarılmasını təmin etmək üçün tədbirlər görülməsini xahiş etmişdir.

2005-ci ildə YUNESKO-nun 1995-2004-cü illər üçün “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının həyata keçirilməsi istiqamətində fəaliyyətə dair hesabatında Azərbaycanın vəziyyətlə bağlı YUNESKO Katibliyinə məlumat verdiyi açıq-aydın göstərilib. Hesabatda Ermənistan tərəfindən bu ərazilərdə 927 kitabxananın, 60-dan çox məscidin, 44 məbədin, 473 tarixi abidənin, saray və muzeyin dağıdılması, habelə qeyri-qanuni ixrac və 40 min muzey eksponatı, nadir sənət inciləri, əlyazmalar, miniatürlər, qiymətli Qarabağ xalçaları, xatirə əşyaları, tarixi bəzək əşyaları, arxeoloji nümunələrin xaricə satışı barədə məlumatlar öz əksini tapıb. Bu hərəkətlər mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və ötürülməsinin qadağan edilməsi və qarşısının alınması haqqında 1970-ci il tarixli YUNESKO Konvensiyasına açıq şəkildə ziddir və onu pozur. Təşkilat 2020-ci ildən etibarən 14 noyabr tarixini Mədəni Əmlakın Qeyri-qanuni Ticarətinə Qarşı Beynəlxalq Mübarizə Günü elan edib, lakin buna baxmayaraq, biz bu qurumun işinin nəticəsini görmürük.

Daha sonra 2007-ci ildə “Azərbaycana qarşı müharibə – mədəni irsə hücum” kitabı hazırlanaraq YUNESKO-ya təqdim edilib. Burada ölkəmizin işğal olunmuş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəniyyət və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, alban kilsələrinin erməni kilsəsi kimi təqdim edilməsi barədə ətraflı məlumatlar yer alıb.
YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura Bakıya səfəri zamanı Azərbaycan tərəfi belə bir missiyanın təşkilini ona təklif edibdir. Lakin, Baş direktor daha sonra məsələnin izlənildiyini və missiyanın dəqiq vaxtını deyə bilməyəcəyini bildirib.
O, 2016-cı ildə “Multikulturalizm ili” çərçivəsində YUNESKO-nun mənzil-qərargahında Konfrans iştirakçılarının geniş auditoriyası qarşısında “Multikulturalizmin əhəmiyyəti və uğurlu Azərbaycan modeli” adlı konfransdakı çıxış edərək, ölkəmizin işğal olunmuş ərazilərində maddi, mədəni və dini irsin məhv edilməsi faktları barədə ətrflı məlumat veribdir.
Baş direktor həmin Konfransda Ermənistan tərəfindən Ağdam Cümə məscidindən hərbi məqsədlər üçün istifadə edilməsi barədə məlumatın daxil olduğunu, bununla da beynəlxalq hüququn, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının kobud şəkildə pozulduğunu qeyd edibdir.

2018-ci ilin yanvarında təşkilatın işğal olunmuş ərazilərə missiyasının göndərilməsi məsələsi YUNESKO-da və konkret olaraq xanım Odri Azule qarşısında qaldırılıb. Xanım Azule cavab vermişdir ki, YUNESKO humanitar təşkilatdır və ona görə də siyasi məsələlərə qarışmır. Bütün bu müddət ərzində beynəlxalq ictimaiyyət, o cümlədən YUNESKO Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri barədə mütəmadi olaraq məlumatlandırılıb və YUNESKO-nu mədəni irsin qorunması məsələlərinin siyasiləşdirilməsinə yol verməyərək, öz missiyasını müstəqil və obyektiv yerinə yetirməyə çağırıb. Təəssüflər olsun ki, Azərbaycanın töhfələri ilə mövcud olan bu beynəlxalq təşkilatın funksionerləri həmişə məsələlərə kəskin münasibət bildirməməyi üstün tutublar.

Bildiyiniz kimi, YUNESKO-nun fəaliyyətinin ən mühüm istiqamətlərindən biri həm də ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi, eləcə də bu sahədə konkret proqramların həyata keçirilməsidir və bu sahədə mandatı mövcuddur.

Bu məqsədlə 1948-ci il oktyabrın 5-də Fontenbloda (Fransa) YUNESKO-nun yardımı ilə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Təsis Assambleyası keçirildi. İndi bu İttifaq təbiətin mühafizəsi ilə məşğul olan qlobal təşkilata çevrilib. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) özünün əsas məqsəd və vəzifələrini “gələcək üçün əsas təməl kimi təbiətin və xüsusilə biomüxtəlifliyin qorunması; təbii ehtiyatlardan davamlı şəkildə müdrik istifadənin təmin edilməsi; cəmiyyətin biosferin qalan hissəsi ilə ahəngdar inkişafını təmin etməkdir.

“Planetimizi xilas etmək üçün həyat tərzimizi, istehsal, istehlak və təbiətlə qarşılıqlı əlaqəmizi dəyişməliyik. Davamlı İnkişaf üçün Təhsilin bütün kurikulumlara daxil edilməsi hər yerdə fundamental element olmalıdır”, - YUNESKO-nun Baş Direktoru Odri Azule demişdir. Lakin, sözlər əməllərlə üst-üstə düşməlidir. Mən çox çalışıram ki, onların nəyə görə tələffüz edildiyini anlayım və başa düşürəm ki, bu, asanlıqla ikiüzlülük və riyakarlığa çevrilən xalis populizmdir.

Məsələn, dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağarasında, həm də Ağdamda Ermənistan qeyri-qanuni arxeoloji qazıntılar apararaq, qiymətli tapıntıları Azərbaycandan kənara çıxarıb. İşğaldan əvvəl bu ərazilər 228 min hektara yaxın meşə ilə örtülmüşdüsə, işğaldan sonra bu illər ərzində 100 min hektar meşə sahəsi yandırılaraq, Qarabağın flora və faunasına böyük ziyan vurulmuşdur. Meşələrin qırılması və yanğınlar heyvanların yaşayış yerlərini məhv edibdir. Digər tərəfdən, heç də az əhəmiyyət kəsb etmədən Araz, Bəsitçay, Bərgüşadçay və Oxçuçayda qəsdən baş vermiş çirklənmələr ekoloji fəlakət yaradıbdır. Onlar ekoloji nəzarətdən kənarda qalıb və uzun illər çay hövzələrinin vəziyyəti haqqında dəqiq məlumat əldə etmək mümkün olmayıbdır. Hazırda aparılan monitorinqlərin nəticələrinə əsasən müəyyən edilib ki, bu çaylar Ermənistan ərazisində yerləşən Zəngəzur mis-molibden və Qafan mis filizi emalı zavodlarının təmizlənməmiş sənaye suları ilə ağır metallarla güclü çirkləndirilib. Təəssüf ki, YUNESKO yenə də bu məsələdə prinsipiallıq və qətiyyət nümayiş etdirmir.
2020-ci ildə rəşadətli Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Nəticədə bütün dünya Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklərin bir daha şahidi oldu.
Qarabağdakı “xristian kilsələri”nin mühafizəsi ilə bağlı ölkəmizə missiya göndərmək arzusunu bildirən YUNESKO-nun belə bir ani dirçəlişi təəccüb doğurdu. Beləliklə, YUNESKO düzəlməz səhvə yol verdi, onun imicinə və təşkilatın müstəqilliyinə ciddi zərbə vurdu, seçicilik və qərəzlilik ideyasını irəli sürdü. Missiyanın məqsədi qorunmalı olan bir irslə bağlı olmalıdır. Konkret bu arzuya gəldikdə isə qeyd edə bilərik ki, Azərbaycanda təhlükə altında olan hər hansı bir irs mövcud deyildir. Mədəni irsin qorunması ümumbəşəri insan öhdəliyidir və heç bir şəkildə ayrı-seçkiliyə məruz qalmamalı və siyasi məqsədlər üçün istifadə edilməməlidir.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti İlham Əliyev xarici KİV-lərə 30-dan çox eksklüziv müsahibə verib, Ermənistanın Azərbaycanın mədəni, tarixi və dini irsinə təcavüzü problemini qaldırıb.

44 günlük müharibənin başa çatması ilə işğaldan azad edilmiş ərazilərə baş çəkən onlarla xarici və yerli KİV nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif ölkələrdən gəlmiş alimlər kütləvi dağıntıların şahidi olublar. Həmin ərazilərdə öz gözləri ilə gördüklərini internetdə, mətbuatda yayıblar. Nüfuzlu beynəlxalq sərgilərdə Qarabağ müharibəsinin nəticələrini, Azərbaycanın şəhər və kəndlərinin erməni işğalçıları tərəfindən işğalı zamanı dağılmasını əks etdirən fotoşəkillər nümayiş etdirilir. Dünya baş verən hadisələrin həqiqi tərəflərini görməyə başlayır.
Biz YUNESKO-dan məsələni siyasiləşdirmədən ədalətli və qərəzsiz mövqe gözləyirik. Onun mandatını, sağlam düşüncəsini, dialoq ruhunu, xoşməramlılığını və gələcək nəsillər qarşısında məsuliyyət hissini rəhbər tutaraq, Qarabağdakı tarixi, mədəni və dini abidələrimizə hüquqi qiymət verməsini diləyirik. Arzu edirik ki, belə bir faciə bir daha dünyanın heç bir yerində təkrarlanmasın!

YUNESKO-nun keçmiş rəhbərinin təbirincə desək, “Dinlərin simvolları arasındakı incə tarazlığın pozulması müqəddəs inanclara hörməti sarsıda bilər”.

Aytən Qəhrəman
Filologiya elmləri doktoru
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Müşaviri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər